"Sekutadan əvvəlki səfir Riçard Morninqstarın insan hüquqları məsələsi ilə bağlı Azərbaycan hakimiyyəti ilə problemləri yaşanmışdı. Amma R.Sekuta Azərbaycanın daxili məsələlərinə toxunmadı"" Əsas iki istiqamət – enerji və təhlükəsizlik sahəsində Amerika-Azərbaycan münasibətlərinin genişləndirilməsi gündəmdə qaldı"
"ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekutanın səlahiyyət dövrü çox sakit keçdi”.
Bunu "Sherg.az”a səlahiyyət müddəti başa çatan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta haqqında fikirlərini səsləndirərkən politoloq Elxan Şahinoğlu söyləyib.
O xatırladıb ki, R. Sekutadan əvvəlki səfir Riçard Morninqstarın insan hüquqları məsələsi ilə bağlı Azərbaycan hakimiyyəti ilə problemləri yaşanmışdı:

"Amma R.Sekuta Azərbaycanın daxili məsələlərinə toxunmadı. Əsas iki istiqamət – enerji və təhlükəsizlik sahəsində Amerika-Azərbaycan münasibətlərinin genişləndirilməsi gündəmdə qaldı. Üstəlik Donald Tramp administrasiyası da başqa ölkələrin daxili işinə qarışmadı. Bu baxımdan R. Sekuta verilən tapşırıqlara uyğun addım atdı”.
Yeni səfirin kim olacağı ehtimalına gəlincə, E.Şahinoğlu bildirib ki, bu, hələlik məlum deyil:
"ABŞ Dövlət Departamentinin qərarı olmalıdır. Konqres bu qərarı təsdiq etməlidir. Bəzən səfir təyin olunan şəxsin təsdiq olunması da uzun çəkir. Məsələn, bir neçə il əvvəl Metyu Brayza səfir təyin olunsa da, erməni lobbisi onun təsdiq olunmasına imkan vermədi”.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanı tərk edib. O, diplomatik xidmətini başa vuraraq ölkəsinə qayıdıb. Keçmiş səfir təqaüdə çıxmağa qərar verib. R. Sekuta Azərbaycanda səfir kimi 2015-ci ilin fevralından fəaliyyət göstərib. ABŞ-ın Azərbaycandakı səfiri postuna hələlik təyinat olmayıb.
Aysel Aslan