"Sürücülər işə götürülərkən psixoloji testdən keçirilməlidir”.
Bunu "Sherg.az”a 2 gün əvvəl Xətai rayonu ərazisində Zığ şosesində sürücünün idarəetməni itirərək 175 nömrəli marşrut avtobusunu dərəyə aşırmasından danışarkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.
Onun sözlərinə görə, bəzən kütləvi şəkildə sürücülərin işə qəbulu aparılır və nəticədə dəqiq məlumatlar əldə olunmur:
"Elə şirkətlər var ki, 3-4 dəfə imtahan edir, yoxlanışdan sonra sürücüləri işə alır. Bəzi sahibkarlara məxsus olan marşrutlarda sürücünü işə götürdükdə bu məsələlərə diqqət etmirlər. Yaxşı araşdırmırlar, bəzən sürücü çatışmır, ona görə tez işə alırlar. Bəzən də sürücülərin seçilməsini tanışlıq və s. vasitələrlə həyata keçirirlər.
Marşrut sürücüləri diqqətli olmalıdır. Ümumiyyətlə, ən məsuliyyətli sürücü sərnişindaşımada çalışan sürücüdür. Çünki onlar özlərindən əlavə, sərnişinlərin həyatına cavabdehdirlər.
Son hadisədə məlum oldu ki, sürücünün seçimində problemlər olub. Belə qəzaların qarşısını almaq üçün hər bir müəssisə maariflənmə işi aparmalıdır. Onların işə qəbuluna məsuliyyətlə yanaşmaq lazımdır ki, insanların həyatını təhlükəyə atmayaq”.
Qəzanın baş verməsindən sonra görüləcək tədbirlərə toxunan F.Eyyubov diqqətə çatdırıb ki, hadisəni analiz etmək, baş vermə səbəblərini üzə çıxarmaq lazımdır:
"Çünki sərnişindaşıma ilə məşğul olan çoxlu müəssisə var. Bir şirkətdə baş verən bədbəxt hadisə başqalarına da dərs olmalıdır. Onlar bu nöqsanları aradan qaldırmaq üçün hərəkətə keçməlidirlər.
Bakı böyük şəhərdir. Təəssüf ki, belə hadisələr zaman-zaman baş verir. Sərnişindaşımada ağrılı problemlər hələ də qalır, bu standartlara uyğun nəzərdə tutulmayıb.
Sürücülər birmənalı şəkildə öz vəzifə və öhdəliklərini bilməlidirlər. Bədbəxt hadisə, qəza baş veribsə, sürücü hadisə yerindən qaçmamalıdır. Müəyyən köməklik etməli, sərnişinlərə yardım göstərməlidir. Bu məsələlərdə sürücüləri maarifləndirmək, onların öz məsuliyyətini dərk etməsinə diqqət etmək lazımdır”.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırmanın son nəticələrini öyrənmək üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidməti ilə əlaqə yaratdıq. Təəssüf ki, qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev suallarımızı cavabsız qoydu.
Xatırladaq ki, baş vermiş hadisə nəticəsində avtobusda olan 1964-cü il təvəllüdlü Məmmədov Rüstəm Ələsgər oğlu, 1974-cü il təvəllüdlü Teymurova Afət Seyfəddin qızı, 1961-ci il təvəllüdlü Cəfərova Sevda Mütəllim qızı, 1975-ci il təvəllüdlü Ağayeva Səbirə Nurəddin qızı, 1960-ci il təvəllüdlü Qurbanova Mətanət Əzim qızı, 1998-ci il təvəllüdlü Həsənov Taleh Fuad oğlu, 1975-cü il təvəllüdlü Sarıgen Vasili Alekseyeviç, 1998-ci il təvəllüdlü Hüseynli Müşviq Hicran oğlu, 1976-cı il təvəllüdlü Babayevə Tahirə İlyas qızı, 1959-cu il təvəllüdlü Nəbiyeva Şəfiqə Əkbər qızı, 1975-ci il təvəllüdlü Yedyayeva İrina Valeriyevna, 1981-ci il təvəllüdlü Əliisgəndərova Aygün Orucəli qızı, 2002-ci il təvəllüdlü Məmmədli Aygül Vüqar qızı, 2003-cü il təvəllüdlü Məhərrəmov Elcan Arzuman oğlu, 1938-ci il təvəllüdlü Quliyev Hüseynağa Sultan oğlu, 1938-ci il təvəllüdlü Namazov Sədi Qəhrəman oğlu, 1959-cu il təvəllüdlü Həsənova Nəcimə Hacıbala qızı, 1951-ci il təvəllüdlü Şahbanzəriyev Zəfər Zakir oğlu, 1970-ci il təvəllüdlü Bədəlova Gülüstan Piri qızı və 1991-ci il təvəllüdlü Bədəlova Elnaz Ənvər qızı olmaqla 20 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, avtobusun sürücüsü hadisə yerindən qaçıb. Hadisə nəticəsində xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib və onların əksəriyyəti ilkin tibbi yardım alaraq evə buraxılıblar.
Aysel Aslan