Sevdiyimiz adamlar...

"İstəyirəm evlənəcəyim xanım qapalı olmasın"
Murad Sadıq: "... Pozitiv olsun, işləsin, maşın idarə etsin, musiqini sevsin"


Sevgi insana verilən ən təmiz hissdir. İnsanı həyata bağlayan da bəlkə elə bu hissdir. Sevmədən yaşamaq olmur. Bəs sevərkən görmək vacibdirmi? Budəfəki qonağımız müğənni-bəstəkar Murad Sadıq oldu. Onunla söhbətimiz zamanı Muradın sevgi dünyasını tanımağa çalışdıq. Sevərkən görmək vacibdirmi? Ya da ürəklə sevirsənsə, görmədən də bu hissin gözəlliyini hiss etmək olur? Murad «Şərq»in oxucularına sevgisindən danışdı.

- Həyat bəzən insanları sınağa çəkir. Yəqin həyat səni də bu şəkildə sınağa çəkib. Bəzən fiziki qüsurlu insanlar həyata daha çox bağlı, iddialı olurlar. Muradı bu qədər həyata bağlayan sirr nədir?

- Təşəkkürümü bildirirəm ki, məhz bu mövzuya toxunmuş oldunuz. Çox həssas bir məsələ barədə danışırıq. Bu barədə sual vermək də çətindir, bu sualları cavablandırmaq da. Mətbuata həm də ona görə təşəkkür edirəm ki, hər zaman mənə diqqət göstərməyə çalışıblar. Qaldı əzmkar, iddialı olduğumu dediniz. Mən Allahıma şükür edən insanam. Göydə Allahıma, yerdə valideynlərimə borcluyam ki, mənim ruhum bu qədər həyatla doludur. Ailəmin, valideynlərimin dəstəyi olmasaydı, yəqin ki, bu qədər həyata bağlanmazdım. Səmimi deyəcəm, mənə əlilliyimi hiss etdirməyən valideynlərim və ətrafım, yaxın dostlarım oldu. İkinci növbədə mənim öz hisslərim, xarakterim mənə kömək olub. Əlil olsam da, həyatla mübarizə aparmaq üçün məqsədlərim olub. Çox iddialı insanam. Bəlkə mənəm-mənəm səsləndi. Əlil olan yüzlərlə insan var. Mən o insanlara da, onların valideynlərinə də üzümü tutub deyirəm ki, biri-birinizə dəstək olun. Məqsəd qoyun qarşınıza. Həyat sizi sıxırsa, iddianızı ona göstərin. İnsanın ürəyində istək olmasa, onu nəyəsə məcbur etmək olmaz. Kənardan sənə nə qədər dəstək olursa olsun, özündə təpər tapmalısan, özünə güvənməlisən.

- Bu qədər həyata bağlı olan Murad Sadıq sevgi yaşayıbmı? Axı həyat elə sevgidən başlayır...

- Hazırda ürəyim boşdur. Yəni bu gün sevgi yaşamıram, həyatımda kimsə yoxdur. Amma təbii ki, sevmişəm, sevginin dadını yaşamışam, sevgiylə yaşamışam.

- İnsanın bəzən gözü ilə görə bilmədiyini qəlbin gözü görə bilir, ruhu ilə sevməyi bacarır. Ruhun gözü ilə görmək, sevmək necə hissdir?

- İnanın, çox həssas bir mövzuya toxunduq. Həyatın mənasını daşıyan sevgi hissindən danışırıq. Kimsə elə düşünür ki, Murad görmür, Murad görür. Mən bunu özümə dərd etmirəm. Yəni ətrafımda olan dostlarımı görə bilirəm. Bəli, ruhun gözü ilə də görmək olur, o gözlə sevdiyinə baxmaq da olur, o baxışla sevmək də, təsvir etmək də olur. Soruşursuz ki, görmədən, ruhunla görüb sevmək necə hissdir? Qəlbin gözü ilə sevməyi bacarmaq lazımdır. Sən ruhunla, ürəyinlə o insana bağlanırsan. İnanın, insan ruhən görüb sevə bilmirsə, sevgisinin bir mənası olmur. Gözlə görmək vacib deyil. Məndən hərdən soruşurlar ki, Murad necə xanım sevərdi?

- Həqiqətən maraqlıdır, ruhunun sevgi tablosunda təsvir etdiyin xanımı bir də bizə vəsf etsən…

- Bir az bu baxımdan kaprizlərim var. Mən bunu deyəndə anam deyir bu gedişlə subay qalarsan. Çünki seçimli insanam. 28 yaşım var. İnşallah, ailə quracağım, sevərək evlənəcəyim xanım qarşıma çıxacaq. Mən bir az fərqli tipə sahibəm. İstəyirəm ki, mənim seçdiyim xanım da pozitiv olsun, sosial həyata bağlı olsun, işləsin, maşın idarə etsin, musiqini sevsin. Əsas həyatsevər olsun. Qapalı qadın olmasın. Normal olsun. Səmimi deyim, gözəlliyin də vurğunuyam. Gözəl bədən quruluşuna sahib olsun, gözəl saçları olsun. Bir sözlə, gözəl xanım olsun.

- Yəni gözəlliyə önəm verirsən...

- Demirəm model olsun. Amma istərdim sevdiyim, seçdiyim qadın gözəl olsun. Xasiyyəti də gözəl olsun. İnsan olsun. Bir sözlə, «simpatiçni» qadınları sevirəm.

- İnsanların sənə yanaşmasında, bəzən qüsurlu olduğunu sənə xatırladacaq eyhamlardan narahat olmursan?

- İnsanların fiziki qüsurlu insanlara yanaşması bəzən ürək ağrıdır. Fiziki qüsurlu insanları yazıq məxluq kimi görməyin. Onları zəif hesab etməyin. Düzdür, mən bu baryeri özümdə aşmışam. Yəni o stereotipləri özümdə qırmışam. Amma mənə qarşı haqsızlıqları da zamanında görmüşəm. Çalışıblar fiziki qüsurlu olduğumu mənə xatırlatsınlar. Amma mən həyatda o qədər bərkimişəm ki, bunlar mənə artıq təsir edə bilməz. Məni mən olaraq sevən ətrafım, doğmalarım, ailəm var. Bu mənə yetir. Mənə saxta dost lazım deyil. Elə düşünməsinlər ki, Murad bu münasibətləri hiss etmir, anlamır, başa düşmür. Murad hər şeyi hiss edir. Sadəcə, Murad nəyəsə hörmət saxlayır. Bir az qalmaqaldan uzaq insanam. Amma ruhum kor deyil. Nəyə görə mənə qarşı haqsızlıq olmalıdır?

- Xanımlardan o haqsızlığı görmüsənmi? Qadın tərəfdən sevginə qarşı haqsızlıq görmüsənmi?

- Açığı deyim ki, bir çox xanımlara mən özüm yox demişəm. Çünki mən insanlarda riyakarlığı sevmirəm. Kimsəni aldatmamışam, kimsəyə yalandan vəd verməmişəm. Münasibətlərimdə, xüsusilə qadınlarla münasibətimdə səmimi olmuşam. İndiyə qədər heç bir qadını aldatmamışam. Bir qadına xoşbəxtlik verə bilmərəmsə, onu niyə aldadım ki?

- Görüşdüyün xanım olub?

- Təbii ki, olub. Sevgimizi yaşamışıq.

- Sevərkən yaşadığınız hisslər olub. Murad sevdiyi xanımı jesti ilə təəccübləndirə bilibmi?

- Təbii ki, bu yaşa qədər sevgi yaşamışam. Sevdiyim xanım da olub. Qaldı sualınıza, bir az gözlənilməz və çətin oldu. Amma Murad özəl sevgi yaşada bilib. Maraqlı sual oldu düzünü deyim. Sevdiyim xanıma hədiyyə də bağışlamışam, gəzmişik, sevgimizi doyasıya yaşamışıq. Hamıda olan sevgi hisslərini mən də yaşamışam.

- Qısqanclıqlar necə, olubmu? Murad qısqanc insandımı?

- Çox qısqanc insanam əslində. Bilirsiz, münasibətlərdə yalanı sevmirəm, xəyanəti bağışlamıram. Mənə yalan danışmasın, sevdiyimi gözümün üstündə bir ömür gəzdirim. Hər bir azərbaycanlı kişisi kimi mən də qısqancam. Qadın çərçivədən çıxmamalıdır. Özünə dəyərini itirməməlidir. Mənə qarşı da çərçivədən çıxmaq olmaz. Çünki xarakterli insanam. Murad öz yaşından da çox dərindən həyatı dərk edir, hiss edir. 28 yaşım olsa da, mənim həyat tərzim, düşüncəm yaşım qədər deyil. Daha böyükdür, daha təcrübəlidir. Həyat mənə məktəb olub. 11 il əvvəl professional səhnəyə gələnə qədər daha ürəyi saf insan idim. Sonralar həyat mənə öyrətdi ki, həyat heç də göründüyü qədər deyil. Həyatın yaxşıları qədər çirkinlikləri də var. Vacib olan odur ki, sən həyatda qəlbini çirkabla ləkələməyəsən. Ruhun təmiz qalsın.

Tahirə Məmmədqızı