Ekspertlər isə deyir ki, məkan sevgini gücləndirmirSəbuhi Rəhimli: “Sevgidə də ağıl axtarmazlar. Hər halda gənclərin bu cür mistikaya inanması xoşagələn olmasa da, elə bir böyük günah da hesab olunmur”
Sumqayıt parkının ən məşhur hissəsi sayılan "Sevgililər körpüsün”də yenidənqurma işləri aparıldıqdan sonra körpüyə əvvəlki simvolu qayıtsın deyə ürək formasında konstruksiya quraşdırılıb.
Qeyd edək ki, sözügedən körpü "Nəsimi” adına Mədəniyyət və İstirahət Parkının ərazisində yerləşir. Körpü sakinlərin ən çox şəkil çəkdirdiyi yerlərdən biridir. Bura həm də cütlüklərin görüş yeridir. Sevənlər körpünün dəmir konstruksiyalarında adlarını yazaraq biri-birlərinə qarşı olan məhəbbətlərini ifadə ediblər. Burada ürək şəklində maraqlı metal konstruksiya da quraşdırılıb.
Onun aşağı hissəsində isə bir sandıq var. Sevgililər qıfıllarını həmin ürəyə bağladıqdan sonra açarı dəmir sandığa atırlar. Həmin sandığın açarının isə kimdə olduğu bilinmir. Bura artıq 100-ə yaxın qıfıl vurulub.
Bu cütlüklərdən biri olan Eminovlar ailəsi də bura qıfıl vuranlardandır. Cütlüklərin tanışlıq məkanı da elə bura olub: "3 il öncə tanış olmuşduq burada. Mən də sevgililərə məsləhət verirəm ki, bura gələndə adamın sevgisi artır. Biz burada öz qıfılımızı bağladıq”. Bu məkanda təkcə gənclərin deyil, yaşlı nəslin də xatirələri olub. Hələ keçmiş SSRİ dövründən bu körpüdə insanlar xoş günlərini qeyd ediblər. Belə bir ənənə sevginin əbədiliyini simvolizə edir. Açarı itən qıfılı heç kimin aça bilmədiyi kimi, bu sevgililəri də heç kimin ayıra bilməyəcəyinə inanırsan.
Qeyd edək ki, dünyanın əksər ölkələrində gənclər park və bağlarda ağacların budaqlarına lent bağlayır, üzərində təsirli sözlər yazılmış suvenirlər asırlar. Amma bu adət heç də hamı tərəfindən birmənalı qarşılanmır. Sevgililərin arzu tutub qıfıl bağlayıb, açarını da dəmir konstruksiyadan olan ürəyin qarşısındakı sandığa atması bir çox insanlar tərəfindən maraqla qarşılansa da, bunun əleyhinə olanlar və gənclərin batıl inanclara meyilli olmasını təhlükəli tendensiya kimi dəyərləndirənlər də yox deyil.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən "Qoroskop” qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli sevgi ilə edilən hər şeyin gözəl olduğu qənaətindədir.Astroloq gənclərin bu cür mistik inanclara inanmasını cəhalətin və xurafatın göstəricisi kimi dəyərləndirsə də, zənn edildiyi qədər də təhlükəli bir hal olmadığını deyib: "Düzdür, ağıllı adam bu şeylərə inanmaz. Amma sevgidə də ağıl axtarmazlar. Hər halda gənclərin bu cür mistikaya inanması xoşagələn olmasa da, elə bir böyük günah da hesab olunmur. Əslində gənclərin həmin məkanı görüş yeri olaraq seçməsi orada biri-birinə öz məhəbbətlərini etiraf etmələri sevindirici haldır. Necə ki, Bakıda sevgililər Şəhidlər Xiyabanını ziyarət edib, İlhamla Fərizənin məzarı üzərinə qərənfil qoymaqla biri-birlərinə olan sevginin böyüklüyünü göstərməyə çalışırlar. Sumqayıtdakı "Sevgi körpüsü” də təxminən eyni mahiyyətlidir. Bu cür görüş yerləri sovet dövründə də vardı. Burada ziyanlı heç nə yoxdur. Təki gənclərimiz həmişə sevib-sevilsinlər və biri-birlərinə sevgilərini müxtəlif yollarla ifadə etsinlər. Amma həmin yerdə mistika axtarmaq və ürək formalı dəmir konstruksiyalara qıfıl bağlamaq kimi ənənələrdən uzaq olsalar daha yaxşı olar. Mistik dünyagörüşününü hər zaman əleyhinə olmuşam və gənclərə də bu cür əməllərdən çəkinməyi tövsiyə edirəm. Məhəbbət insanın ürəyində olmalıdır. Məkan sevgini gücləndirmir”.
Allahdan sonra insanın dərk edə bilmədiyi ən böyük qüvvənin məhz sevgi olduğunu deyən astroloqa görə, "Qədr gecəsi”ndə belə bir gün yuxusuz qala bilməyən insanlar sevgi uğruna 3-4 gün yuxusuz gecələr keçirir:
"Bəlkə də, o vaxtları Fərhada desəydilər ki, camaat susuz qalıb, dağı yarıb kəndə su çəkmək lazımdır, qolunu tərpətməzdi. Amma Şirinin eşqindən dağı yarır. Sevgi elə bir əlahiddə gücə sahibdir ki, insanı tamamilə öz əsirinə çevirir. Sizə olmuş bir hadisə danışım. Deməli, mən balaca olanda bizim kənddə sevdiyi qadını ona vermədikləri üçün sazdan-sözdən başı çıxmayan, sazın necə çalındığından xəbəri olmayan bir adam 3 günün içində sazı sinəsinə basıb, mahir saz ifaçısı oldu. Sevgi elə bir varlıqdır ki, onun formulunu heç bir alim tapa bilməyib. Əgər sumqayıtlı sevgililər həmin körpüdə vəhdət tapırlarsa, oranı özləri üçün müqəddəsləşdirsinlər, amma mistikanı özlərindən uzaq tutsunlar”.
Şəymən