“Səviyyə yüksəlib...”
Yalçın Cabbarov: “Elə toylar var ki, orda kifayət qədər keyfiyyətli musiqilər səslənir”
Yayın bu isti günlərində Bakıda sənətçi, sənət adamı tapmaq çətin olub. Ona görə də bu dəfə müsahiblərimizi Türkiyədən tapdıq. Azərbaycan şou-biznesinin tanınmış prodüserlərindən sayılan Yalçın Cabbarov "Şərq”ə Türkiyədə istirahətindən danışdı.
- Yayda dincəlməyə vaxt tapa bilirsiz?
- Çalışdıq bir az da istirahətə zaman ayıra bilək. Hazırda Türkiyədə istirahət edirik.
- Səhv etmirəmsə, siz istirahətə Tünzalə Ağayeva ilə birgə ailəvi şəkildə getməyə üstünlük verirsiz.
Yəni işbirliyinizlə yanaşı, ailəvi dostlarsız?
- Təbii ki, bu il də istirahəti iki ailə bir yerdə keçirməyə üstünlük verdik. İşbirliyimizlə yanaşı, Tünzalə ilə dostuq, ailələrimiz bir yerdə dincəlir. Uşaqlarımız biri-birinə yaxındılar, dostdurlar. Bəlkə də özəlliklərimizdən biri də budur ki, biz dostluğumuzu yaradıcılıq işlərinə qatmırıq.
- Türkiyənin hansı bölgəsində konkret dincəlməyi seçdiniz?
- Bodrumdayıq. Buranın təbiəti, dincəlmək üçün imkanları daha gözəldi. Tünzalə həm burda istirahət edir, həm də yeni mahnılar üzərində çalışır. Bura demək olar bir neçə musiqi avadanlıqlarını da gətirmişik. Yəni yeni bəstələr üzərində də istirahət edərkən çalışır.
- Başqa hansı ölkəyə getməyi, istirahət etməyi nəzərdə tutmusuz?
- Əslində Türkiyədən başlamışıq. Bura həm yaxındı, həm istirahət etmək üçün əlverişlidi. Burda istirahət məkanları çoxdu. Dili bizə yaxındı. Ola bilsin, bir neçə ölkəyə də səyahət etdik.
- Yeni layihələr dediniz, tamaşaçıya nə vəd edə bilirsiz?
- İnşallah, bir neçə yeni layihə üzərində ciddi işlər gedir. Ola bilsin, yeni ilin ilk vaxtlarında Tünzalə Ağayevanın növbəti konserti baş tutsun. Hazırda ona hazırlıqlar gedir.
- Budəfəki konsertin özəlliyi nə olacaq? Tünzalə hər dəfə fərqli layihə təqdim etməyə maraq göstərən sənətçidi.
- Təbii ki, bu dəfə də özəllik olacaq. Ən böyük özəllik yeni musiqilərdi. Bizim öz publikamız var. Tünzalənin musiqilərini sevənlər var ki, belə konsertləri bizdən gözləyirlər. Bir onu vəd edə bilərəm ki, maraqlı konsert olacaq. Tünzalənin onsuz da bir çoxlarından fərqli tərzi var.
- Azərbaycan səhnəsi niyə son vaxtlar boş görünür? Səhnəmiz bayağı görünür.
- Gəncələrimiz var, istedadlı gənclər çoxdu. Sadəcə onlara dəstək olmaq lazımdı. Qaldı bayağı musiqiyə, bu musiqilərə də hərənin öz baxışı var. Mənim üçün bayağı görünə bilən musiqi digərinin zövqünə cavab verə bilir. Keyfiyyətli musiqiləri yaratmaq lazımdı ki, bayağı musiqilərə yer qalmasın. Keyfiyyətli musiqini duyan tamaşaçı o musiqiləri dinləməz. Sadəcə bizdə bunu etmək istəyənlər azdı.
- Niyə edə bilmirik? Keyfiyyətli musiqi bahadı deyə bu musiqilərə hər sənətçi yaxın durmur, ya başqa səbəb var?
- O qədər səbəblər var ki, birini desəm, o biri yaddan çıxar. Bəli, onunla da razıyam ki, keyfiyyətli musiqi vəsait tələb edə bilir. Amma səbəb təkcə maliyyə də deyil.
- Səbəblərdən biri toy bazarı ola bilərmi? Bir çox müğənnilər keyfiyyətli musiqi deyil, toy tuta bilən musiqilərə maraq göstərir.
- Mən tam səbəbi toylarla da bağlamaq istəməzdim. Çünki toylar var ki, orda kifayət qədər keyfiyyətli musiqilər də səslənir, peşəkar müğənnilər də dəvət olunur. Əksinə, toylarımızın da səviyyəsi yüksəlib. Toylarda əvvəllər ancaq oynayan var idisə, ya estrada, pop musiqisinə yer ayrılmırdısa, indi bunlar var. Hətta bu musiqini adi günlərdə dinləməyənlər belə toylarına çalışırlar elə müğənniləri dəvət etsinlər ki, sanballı görünsün. Adi gündə o müğənnini bəlkə də dinləmir, amma toyuna dəvət edir ki, toyu kübar görünsün. Əslində bu gün səhnəmiz o qədər boş görünür, deməzdim. Əksinə, son vaxtlar Azərbaycan səhnəsində o qədər tanınmış dünya ulduzları çıxış edib ki, əvvəllər bu imkanlar Azrəbaycan çox olmayıb. Bu gün ən məşhur dünya ulduzları Azərbaycan səhnəsində görünür. Qaldı öz sənətçilərimizə, onlar arasında da maraqlı konsert layihələri təqdim edirlər. Bu gün konsert vermək üçün ancaq paytaxtda konsert salonları var. Bizdə müğənninin konsert verməsi üçün imkanları geniş deyil. Çünki bölgələrdə konsert vermək demək olar çox çətindi. 10-15 manata bilet satsan, yenə də gələnlərin imkanı olmaz. Bu baxımdan müğənni konsertdən gəlir əldə edə bilmir. Amma böyük mənada isə səhnəmizdə keyfiyyətli müğənnilər var. Bizdə müğənniləri piar edib, səhnəyə yeni səs gətirən prodüser mərkəzləri də yoxdu. Ən böyük problemlərdən biri də budu.
- Siz də uzun illərdi Tünzalə ilə prodüser kimi çalışırsız. Müğənninin piarında prodüserin rolu varmı?
- Tünzalə öz üzərində ciddi çalışan müğənnidir. O, səhnəyə gəlişi ilə yeni bir səs, yeni bir stil gətirdi.
Ona görə də onunla işləmək həm asandı, həm çətin. Çünki yaradıcılığına tələbkar müğənnidi.
- Kaprizləri varmı?
- Təbii ki, hər insanın kaprizləri var. Yaradıcılıq kaprizləri çoxdu.
- Aranızda mübahisələr yəqin ki, olur?
- Olur. Müğənni kimi onun öz baxışı var. Bəzən yaradıcılıq mübahisələrimiz çox olur. Amma sonda ortaq məxrəcə gələ bilirik. Bilirsiz, istənilən halda biz həm də dostuq, illərin dostluğu o kaprizləri unutdurmağa kömək edir.
- Tünzalənin alış-verişlə arası necədi?
- Bütün xanımlar kimi Tünzalə də şopinqi sevir. Türkiyədə alış-veriş etmək imkanı genişdi deyə, təbii ki, bu həzzin dadını çıxarmağa çalışır.
- Brendlərə üstünlük verir...
- Əsasən brend markalara üstünlük verir. Azərbaycanda yerli modelyerlərdən Gülnarə Xəlilova ilə işləyir. Xüsusən də aksesuarlar Gülnarə xanımın hazırladıqları olur. Səhnə geyimlərini də əsasən Gülnarə xanım hazırlayır. Amma hazır geyimləri əsasən xarici ölkələrdən, brend markalardan almağa üstünlük verir.
Tahirə