Siqaret çəkənlərə qarşı cəza daha sərt olmalıdır

“Bir insan öz səhhətinə ziyan vurursa, onun “kapriz”indən digər şəxslərin səhhətinə zərər vurulmalı deyil”





Parlamentdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi yekun oxunuşda müzakirəyə çıxarılıb.
Qeyd edək ki, qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünə ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.

Bəs qanunun qəbul edilməsinə cəmiyyətimiz hazırdır?

Hazırda bütün dünyada zərərli vərdişlərin, xüsusilə siqaretin ziyanları haqqında geniş təbliğat işlərinin aparıldığını deyən tibb elmləri doktoru, professor Adil Qeybulla layihənin daha sərt olmasının tərəfdarıdır. Professorun sözlərinə görə, siqaret çəkən şəxslər eyni zamanda ətrafdakı insanların da sağlamlığını təhlükə altına alırlar: 

"Zərərli vərdişlərin ziyanı haqqında təbliğata biz də qoşulmuşuq, lakin bunu ölkəmizdə tam və yetərli hesab etmək olmaz.

Təəssüflər olsun ki, siqaret çəkən şəxslər siqaretin nə dərəcədə ziyanlı olduğunun fərqində deyillər. Bəziləri nəinki özləri siqaret çəkir, hətta ətrafdakıları da bu prosesə məruz qoyurlar. Həmçinin siqaret çəkən insan düşünməlidir ki, evdə hamilə qadın və ya uşaqlar var. Siqaret tüstüsü çox asanlıqla paltarlara, yatağa hopur və uzun müddət orda qalır. Ətrafdakılar siqaretin tüstüsünə məruz qalır və passiv siqaret çəkənə çevrilirlər. 

Axı bir adam zərərli vərdişlərdən istifadə edirsə, niyə başqalarını risk altına qoymalıdır? Ona görə də qanun düzgün qəbul olunub. Hesab edirəm ki, bu qanun kifayət qədər sərt olmalıdır. Kim siqaret çəkmək istəyirsə, çölə çıxır və xüsusi yerlərdə siqaret çəkir. Əksər yerlərdə havanın kondisionerləşməsi üçün müasir sistemlər qurulub və siqaret çəkən zaman siqaret tüstüsü onun filtirlərinə hopur və zərərli maddələr uzun müddət orda qalır. Bu da ətrafdakılar üçün risk yaradır. Ona görə də xaricdə bu məsələlər çox ciddidir.

Hələ sovetlər dövründə Moskvada olarkən orda əksər adamlar elmi tədqiqat institutlarından, müxtəlif müəssisələrdən çıxırdılar və binanın yanında siqaret çəkirdilər. Daha sonra binaya daxil olurdular, çünki binanın içində siqaret çəkməyə qəti şəkildə icazə verilmirdi. Biz də buna öyrəşməliyik. İnsan hazır oldu, ya olmadı, bunu qəbul etməlidir. 

Elə şeylər var ki, orda qanunlar sərt olmalıdır. Bir insan öz səhhətinə ziyan vurursa, onun "kapriz”indən digər şəxslərin səhhətinə zərər vurulmalı deyil. İnsanlar bu mexanizmə yavaş-yavaş alışmalıdır. Düşünürəm ki, bu, çoxdan qəbul olunmalı qanundur”.

Yeganə Bayramova