Siqaret çəkənlərin ağır günləri başlayır

Qanunun qəbuluna az qaldı, cərimə sanksiyaları olacaq



Ölkəmizdə uzun müddətdir ki, siqaretə qarşı mübarizə aparılır. Həm gənc nəslin belə vərdişlərdən uzaqlaşdırılmasında, həm də sağlamlığın qorunmasında müəyyən tədbirlər görülməkdədir. Bu cür tədbirlərdən biri də Milli Məclisin qəbul edəcəyi "Tütün istehlakının məhdudlaşdırılması haqqında” olan qanun layihəsidir.

Artıq uzun müddətdir qəbul olunacağı gözlənilən bu qanun kifayət qədər müzakirə olunmaqdadır. Sənəd qəbul ediləcəyi təqdirdə qapalı yerlərdə, təhsil-səhiyyə müəssisələrində, ictimai obyektlərdə, hava limanlarında, restoranlarda, iş yerlərində siqaret çəkilməsi qadağan olunacaq. Qanun layihəsi ilə bağlı "Şərq”ə açıqlama verən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev qanunun Əmək və sosial siyasət komitəsində işlənildiyini deyib. Deputatın sözlərinə görə, qanunun bu il qəbul edilməsi real görünür: "Gələn ay Komitədə qanun layihəsinin müzakirəsi olacaq. Qanunla bağlı müəyyən sosial sifarişlər var. Artıq hazırlıq işləri də görülüb və qanunun qəbulu realdır. Əsas məqsəd siqaret çəkmənin və bütün istehlakçının profilaktikasıdır. Ölkədə tütünsüz mühitin yaradılması üçün bütün diqqət gənc və yeniyetmələrə yönəldilib. Gənclərin siqaretə alışmasının qarşısı alınsın. Bundan əlavə qapalı məkanlarda siqaret çəkilməsi qadağan olunarsa, siqaret çəkməyən insanların da təhlükəsizliyi və sağlamlığı qorunmuş olacaq. Müəyyən cərimə sanksiyaları olacaq, müvafiq mexanizmlər hazırlanacaq. Hesab edirəm ki, dünya təcrübəsi kifayət qədər öyrənilib və qanun uğurla tətbiq oluna bilər”.

Yeganə Bayramova