"“Şirinlik” verirdilər, problemlərin üstü örtülürdü, amma indi..."

"...Bakı Nəqliyyat Agentliyi (BNA) isə daha sərt, qətiyyətli addımlar atır. Bir sürücünün səhvinə görə, bütün marşrut xəttini yeniləyə bilirlər"




"İctimai nəqliyyatın problemlərin köklü həlli üçün bütün bu sektor vahid mərkəzdə cəmləşməlidir”.

Bunu "Sherg.az” son günlər marşrut avtobuslarının qəzalarının artması ilə bağlı danışarkən Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyib. 

O diqqətə çatdırıb ki, sərnişindaşıma ilə məşğul olan şirkətlərinin bəziləri nöqsanlara yol verir:

"Əsas məsələ həmin şirkətlərin sürücü kontingenti yenilənmir. Qohum -əqrəba, dost-tanış işə götürülür. Həmin şəxslər isə özbaşınalığa yol verir, qayda pozuntuları törədir. Adi sürücü maşınında maksimum 5 nəfərin həyatına cavabdeh olur. Marşrut sürücüləri isə 20-30 nəfərin həyatına məsuliyyətlidir.

Ləğv edilmiş Nəqliyyat Nazirliyinin zamanında belə məsələləri ört-basdır etmək üçün elə də əziyyət çəkmirdilər. "Şirinlik” verirdilər, bu cür problemlər həll olunmadan üstü örtülürdü. Hazırda fəaliyyət göstərən Bakı Nəqliyyat Agentliyi (BNA) isə daha sərt, qətiyyətli addımlar atır. Bir sürücünün səhvinə görə, bütün marşrut xəttini yeniləyə bilirlər. Bu, başqalarına dərs olur.

Belə sərt tədbirlərin fonunda şirkətlərin hələ də doğru qərar qəbul etməməsi, təkmilləşmə həyata keçirməməsi anlaşılan deyil. Bu sektor vahid bir mərkəzə toplansa, bütün marşrut xətlərini "BakuBus” və digər məsuliyyətli şirkətlərə etibar etmək olar. Bununla daha müsbət nəticələr ortaya qoyula bilər.

Bu gün sürücü bazasının yaradılması vacibdir. BNA bu təşəbbüsü verdi. Təəssüf ki, bir ildən çoxdur ortada hər hansı nəzərəçarpan tədbir yoxdur. Mütləq bu təmin olunmalıdır ki, hər bir sürücünün kimliyi həmin bazada əks olunsun, məsuliyyət daha da artırılsın”.

Qeyd edək ki, ötən gün Bakıda marşrut avtobusu betonqarışdıran maşınla toqquşub. Qəza nəticəsində 214 saylı avtobusun iki sərnişini – 1955-ci il təvəllüdlü Əmrahova Gülxanım Vəli qızı və 2004-cü il təvəllüdlü Alışov Əmrah Əliağa oğlu xəsarət alıb

Aysel Aslan