SOCAR Almaniya şirkətinin Türkiyədəki aktivlərini satın almaq üçün danışıqları davam etdirir





Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Almaniyanın EWE energetika şirkəti ilə onun Türkiyədəki aktivlərinin alınması barədə danışıqlar aparır.

Bu barədə Trend-ə SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov Türkiyə KİV-lərində tərəflərin alqı-satqı sazişi imzalaması barədə yayılan xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, tərəflər arasında danışıqlar davam etsə də, hələlik yekun saziş imzalanmayıb.

Qeyd edək ki, Türkiyə KİV-lərinin məlumatına əsasən, EWE-nin bu ölkədəki törəmə şirkəti "EWE Turkey Holding” dörd şirkətdə - "Bursagaz”, "Kayserigaz”, "EWE Enerji” və "Enervis” şirkətlərindəki payını SOCAR-a satıb. Sövdələşmənin dəyərinin 140 milyon dollar təşkil etdiyi deyilir.

Bundan əvvəl EWE şirkətindən Trend-ə bildirmişdilər ki, şirkətin Türkiyədəki aktivlərini satmaq barədə qərarı fəaliyyətinin optimallaşdırılması ilə bağlıdır.