"Çox zaman dilənçiliklə məşğul olan fiziki məhdudiyyətli insanlar buna məcbur edilir”.
Bu sözləri "Sherg.az”a bugünlərdə "Facebook" sosial şəbəkəsində fiziki məhdudiyyətli şəxsin "Prado" markalı avtomaşınla gətirilərək yolun kənarına qoyulmasına dair yayılan videodan danışarkən ilahiyyatçı, şərqşünas Atif İsmayılov söyləyib.
O qeyd edib ki, bu, istər din, istər ictimai, istərsə də hüquqi baxımdan düzgün deyil:

"Bəzi insanlar fiziki məhdudiyyətli şəxslərin durumundan istifadə edib, gəlir mənbəyi kimi yararlanırlar. Belə halların yayılması getdikcə çoxalır. Bir insan allah yolunda nəzir verirsə, Allah yolunda kiməsə yardım edirsə, bundan sui-istifadə etmək olmaz. Kimisə zorla diləndirib, yığdığını əlindən alan, özünə həmin pullarla həyat quran şəxslər ilk növbədə günah qazanır.
İslamda belə qayda, qanun var: dilənçi və möhtac insanlar fərqləndirilməlidir. Hər ehtiyacı olan insan o demək deyil ki, küçədə əlini alıb dilənməlidir. Qohum, qonşu, tanımadığımız insanlar ola bilər ki, ehtiyac içində olsun. Həmin şəxslərə əl tutmaq, yardım etmək dini baxımdan da, sosial-mənəvi baxımdan da yüksək qiymətləndirilir.
Hazırda kütləvi şəkildə cəmiyyət arasında, ictimai yerlərdə, metro çıxışlarında, dayanacaqlarda duran şəxslərin çoxu gəlir mənbəyi kimi buna baxır. Bu, təəssüf ki, dünyanın hər yerində qurulmuş sistemdir, bizdə də öz təsirini göstərir. Başqalarının onlara əl tutması, yardım etməsi, pul verməsi dinimizə, şəriətimizə uyğun gəlmir. Çünki həmin dilənçilər bu "işə” öyrəşirlər.
Bütün fiziki məhdudiyyətli, dilənçi şəxsləri izləsək görərik ki, onları dilənməyə məcbur edən, onlardan istifadə edən "Leksus”lu, maddi imkanı yaxşı olan şəxslərdir. Hətta çox zaman uşaq evlərində, internatlarda əlil uşaqları "himayəyə alır”, diləndirib, pul "qazanırlar”. Bütün bunlara qarşı hər zaman əks təbliğat aparmışıq və aparmalıyıq”.
A.İsmayılov bu məsələdə hüququn üzərinə düşən vəzifələrə də toxunub. O vurğulayıb ki, fiziki məhdudiyyətli insanların "əməyindən” istifadə edənlər məsuliyyətə cəlb olunmalıdır:
"Bu problemlər artıq bütün ölkənin imicinə də xələl gətirir. Məsələn, Azərbaycana səyahət edən xarici turist, paytaxtda yaşayan əcnəbilər belə halları gördükdə bunu qüsur olaraq, bütün ölkənin üzərinə qoyur. Ona görə, belə məsələlərdə hüquq mühafizə orqanları da tədbirlər görməlidir. Çox hallarda qaraçıların ictimai məkanlarda diləndiyini səlahiyyətli şəxslər də görür, amma göz yumur. İstənilən halda, primitiv məsələrə, mollaların qəbirstanlıqda quran oxumasına qarşı tədbirlər görməkdənsə, fiziki məhdudiyyətli insanları diləndirib, gəlir götürənləri əməlindən daşındırmaq olar”.
Qeyd edək ki, Bakıda küçələrin birində çəkilən videoda bir qadının "Lexsus” markalı maşınla gələrək, kişini diləndirmək üçün yolun kənarında düşürdüyü əks olunub. Mətbuatda və sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub. İddialara görə, qadın "iş vaxtı” başa çatandan sonra fiziki məhdudiyyətli şəxsi gəlib, oradan götürür.
Aysel Aslan