Sonsuzluğun faiz nisbəti dəyişib - Kişilər üstünlük təşikil edir

Vaqif Qarayev: " Hər problemi isə gənc qızların üzərinə yıxırlar. Ailə müayinəyə gəlir, ilk növbədə gəlini yoxladır. Bu birtərəfli yanaşma yığışdırılmalıdır"
"İnzibati qaydada nikaha girənlər dar çərçivədə olsa belə, onların müayinə olunması böyük addımdır”.
Bunu "Sherg.az"-a nikahdan əvvəl tibbi müayinə olunan şəxslərdə müxtəlif xəstəliklərin aşkarlanmasına münasibət bildirərkən pediatr Vaqif Qarayev deyib. O bildirib ki, buna görə, hətta dövlətə "çox sağ ol” demək lazımdır:
"Evlənmək haqqında düşünən gənclər sağlamlıqları barədə mütləq yoxlanışdan keçməlidirlər.
Talassemiya region üçün təhlükəli xəstləlikdir. İki daşıyıcının evlənməsi mütləq dünyaya gələn övladda talassemiya xəstəliyinin olması deməkdir. Əgər cütlüyün biri daşıyıcı, digəri sağlamdırsa, risk azalır.
Digər təhlükəli xəstəlik olan QİÇS haqqında təsəvvürlər gündən günə dəyişir. Məsələn, təxminən 10 il əvvəl QİÇS-in ancaq cinsi yolla keçdiyi zənn edilirdi. Sonradan məlum oldu ki, bu qanla da baş verə bilər. Tibb müəssisələrində gözəllik salonlarında, bərbərxanalarda, stomatoloji kabinetlərdə istifadə olunan alətlər normal dezinfeksiya olunmursa, QİÇS yoluxmuş qan digərlərini yoluxdurur. Fikirlər səsləndirilirdi ki, QİÇS mütləq anadan uşağa keçir. İndi isə keçməmək ehtimalı olduğu üzə çıxarılıb. Risk qrupuna daxil olan şəxslər bu baxımdan xüsusilə diqqətli olmalıdırlar.
Bu problemlərin qarşısını almaq üçün sağlam həyat tərzini təbliğ etməli, insanları, gəncləri maarifləndirməliyik. Hər zaman həkimlərin, səhiyyənin üzərinə düşürlər. Bu məsələlərdə isə insanların öz üzərinə də məsuliyyət düşür”.
Dəfələrlə gənclərin sağlamlığı ilə bağlı valideynlərə xəbərdarlıq etdiyini vurğulayan pediatrın sözlərinə görə, valideynlər xüsusilə yeniyetmə qızları sadə profilaktik müayinə üçün həkimə gətirməyi hətta intihar hesab edir:
"Görərlər, düşünərlər ki, xəstədir, alan olmaz və s. düşüncələr formalaşıb. Bu düşüncə tamamilə yanlışdır. Evlənən şəxslər əlil doğulacaq uşağın hüquqlarını da düşünməlidir. O da insandır və köməyə ehtiyacı var. Ailə möhkəm dayaq üzərində qurulmayacaqsa, dağılma ehtimalı həddindən artıq çoxdursa, yaxud doğulacaq körpə əlil, xəstə olacaqsa, təmtəraqlı toy etməyin nə mənası var? İnsanlar bunu mütləq ciddiyə almalıdır. Bu stereotipləri sındırmalıyıq və sağlam ailə modelini təbliğ etməliyik”.
V.Qarayev onu da əlavə edib ki, insanlar böyük xərc çəkmədən ilkin müayinələrdən mütləq keçməli, valideynlər də bunun üçün narahatlıq keçirməməlidirlər:
"Bizdə bir düşüncə formalaşıb ki, oğlanlarda sonsuzluq ola bilməz. Halbuki sonsuzluğun faiz nisbəti son 5-6 ildə həddindən artıq çoxalıb. Hər problemi isə gənc qızların üzərinə yıxırlar. Ailə müayinəyə gəlir, ilk növbədə gəlini yoxladır. Bu birtərəfli yanaşma yığışdırılmalıdır. Əgər ortada müalicəsi olmayan xəstəliklər, sonsuzluq problemi varsa, o ailələr qurulmasın”.
Qeyd edək ki, respublika üzrə sentyabr ayında 8843 nəfər nikahdan əvvəl tibbi müayinədən keçib. Mərkəzi Qan Bankının məlumatına görə, müayinələrdən keçmiş şəxslərdən 240 nəfərdə talassemiya daşıyıcılığı, 26 nəfərdə sifilis, 7 nəfərdə isə QİÇS aşkar olunub.
Aysel Aslan