“Sosial şəbəkə üzərindən çağırışlar çoxalmaqdadır”

“Nə Azərbaycan, nə də MDB-nin hansısa ölkəsi terror təhlükəsindən sığortalanıb”


"MDB ölkələri üçün terror təhlükəsinin səviyyəsi əvvəlki kimi yüksək qalır”. Bu barədə MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin yaydığı məlumatda deyilib. Bildirilib ki, təhlükənin ən kəskin forması beynəlxalq terror təşkilatlarının MDB ölkələrinin vətəndaşlarını əməkdaşlığa cəlb etməsidir: "İnternet məkanı bu gün terror təşkilatlarında aktiv iştiraka çağırışla yanaşı, MDB ölkələri vətəndaşlarının etirazlara cəlb olunmasına, onların radikallaşmasına və müxtəlif növ tapşırıqların icrasına cəlb olunmasına xidmət edir. 2014-2017-ci illərdə sosial şəbəkələrdə ekstremist mahiyyətli materialların sayı 6 dəfədən çox olub”. 

Antiterror mərkəzinin analizinə əsasən, Birlik ölkələrində daxil olması qadağan edilən internet resursların 90 faizi regiondan kənarda fəaliyyət göstərir. Mütəxəssislərin fikrincə, distant "cəlb etmə” texnologiyasından istifadə terrorizmin inkişafına xidmət edən əsas amildir. Məlumat üçün bildirək ki, dünən Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının nümayəndələrinin VII regional iclası keçirilib. İclasın məqsədi MDB dövlətlərinin xüsusi xidmət orqanlarının əməkdaşlığının daha da möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması və terrorizmə qarşı effektiv texnologiyaların yaradılmasıdır. 

Məsələ ilə bağlı "Şərq”ə danışan təhlükəsizlik üzrə ekspert, sabiq MTN zabiti İlham İsmayıl deyib ki, MDB-yə üzv olan dövlətlərin xüsusi xidmət orqanları 10 ildir mütəmadi görüşürlər və fikir mübadiləsi aparırlar. Ekspertin sözlərinə görə, məsələnin təhlükəsizlik tərəfi ilə yanaşı, siyasi məqamları da var: "İnternet vasitəsi ilə çağırışları terror təşkilatları yox, onlara qulluq edən təbliğatçılar edir. Terrorçular öz məqsədlərini və fəaliyyətlərini maksimum gizli saxlamağa çalışırlar. İnternet məkanındakı təbliğat isə sırf ideloji xarakter daşıyır. Məqsəd radikal dindarları öz tərəflərinə çəkmək, cəmiyyətdə radikalizm hissini gücləndirməkdir. Əslində, bu, bütün dünyaya yayılmış qlobal təhlükədir. Nə Azərbaycan, nə də MDB-nin hansısa ölkəsi terror təhlükəsindən sığortalanıb. İndi cəmiyyətlər daha çox radikallaşır, nəinki yumşalır. Radikallaşma internet vasitəsi ilə olanda daha geniş areala yayılır və daha çox insana çatır. Bəzən internetdə zərərli fəaliyyət göstərən obyekt və subyektləri aşkar etmək çətin olur”. 

İ.İsmayıl bildirib ki, Şərq aləmində Qərbdəki kimi texniki inkişaf güclü olmasa da, sosial şəbəkə üzərindən çağırışlar çoxalmaqdadır: 

"Şübhəsiz ki, bu barədə təhlükəsizlik orqanlarında dəqiq məlumatlar var. Daha öncə Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana gəlməsi də göstərir ki, bir sıra məsələlərlə bağlı ciddi fikir mübadiləsi aparılır. Bilirsiz, İŞİD dağılır, zəifləyir və geri çəkilir. Terrorçuların çəkildiyi bölgələr əsasən Şimali Qafqaz, Azərbaycan və Orta Asiya ölkələridir. İŞİD-çilərin region ölkələrində məskunlaşmasının qarşısını almaq üçün xüsusi xidmət orqanlarının informasiya mübadiləsi çox zəruridir”.

İsmayıl