Sosial şəbəkələrdə yayılan xəbərlər əsassızdır

Penitensiar Xidmətin həbsxanasında heç kim dəri xəstəliyinə yoluxmayıb




Bu günlərdə sosial şəbəkələrdə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birinin mühafizəsini həyata keçirən əsgərlər arasında dəri xəstəliyinin yayılmasına dair məlumatlar verilib. Xidmətdən verilən məlumata görə, məsələ dərhal yerində araşdırılıb və bu məlumatın tamamilə əsassız olduğu aşkar edilib. Bununla əlaqədar qeyd edilir ki, belə cəfəng, həqiqətə uyğun olmayan, uydurma məlumatların yayılması əhalini çaşdırmaq və aparılan islahatlara kölgə salmaq məqsədi daşıyır. Penitensiar Xidmətdə qulluq edən əsgərlər istər hərbi hissəyə daxil olarkən, istərsə də xidmət müddəti ərzində mütəmadi olaraq tibbi müayinələrdən keçirilirlər. 

Səhhətlərində hər hansısa problem aşkar edildiyi zaman bütün zəruri tibbi tədbirlər görülür və onlar dərhal nazirliyin peşəkar həkimləri, habelə zərurət yaranarsa, digər tibb müəssisələrinin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən müalicəyə cəlb olunurlar. Eyni zamanda hərbi hissələrdə vaxtaşırı keçirilən "açıq qapı" günlərində əsgərlərin valideynləri və yaxınları onlar üçün yaradılmış şəraitlə tanış olur, daim öz məmnunluqlarını ifadə edirlər.

Penitensiar Xidmətin rəhbərliyi bir daha nəzərə çatdırır ki, qeyd edilən məlumat tamamilə yalan və qərəzli olmaqla təxribat xarakteri daşıyır.

Məsələ ilə bağlı "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyevə müraciət etdik. O, "Şərq"ə açıqlamasında bildirib ki, təhlükəsizliyi təmin etmək üçün Penitensiar Xidmətdə mühafizə batalyonu var və bu mühafizə batalyonunda mütəmadi olaraq həm ərzaq, həm də səhiyyə xidmətlərinə çıxışla bağlı təminat yüksək səviyyədədir:

 "Məlumat üçün qeyd edim ki, Müdafiə Nazirliyinin yanında Səhiyyə Baş İdarəsi fəaliyyət göstərir. Həmin idarə mütəmadi olaraq qida məsələləri, əsgərlərin sağlamlığı ilə bağlı monitorinq həyata keçirir. Ona görə bu kimi problemlərin olması demək olar ki, mümkün deyil. Əsgərlərin qidalanması və onların səhhəti ciddi şəkildə nəzarətdə olur və bu xidmət yüksək səviyyədə aparılır. Ədliyyə Nazirliyi nəinki əsgəri xidməti həyata keçirən, eyni zamanda mühafizə batalyonunda xidmət edən personalın da xidmətində yüksək keyfiyyətlə durmağa çalışır. Yeri gəlmişkən, Ədliyyə Nazirliyinin səlahiyyətində həyata keçirilən bu xidmət məhkumlar üçün də nəzərdə tutulur. 

Bəzən sosial şəbəkələrdə heç bir hüquqi əsası olmayan yanlış informasiyalara rast gəlirik ki, bunlar da cəmiyyətin fikrinə mənfi təsir etməyə səbəb olur. Amma narahatlığa əsas yoxdur. 

Əgər belə bir problem olsaydı belə, Ədliyyə Nazirliyinin səhiyyə xidməti lazım olan profilaktik addımları atacaq imkanlara malikdir. Rəsmi şəkildə belə bir problemin mövcudluğu ilə bağlı açıqlama yoxdur. Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinə baş çəkərkən orda olan əsgərlərin, digər təhlükəsizlik sistemini həyata keçirən personalın səhhətində problemlərin olduğunun şahidi olmamışıq. Konkret şəkildə belə bir problemin olması ilə bağlı bizə rəsmi müraciət olunsa, təbii ki, hadisə yerinə gedib dərhal ora nəzarəti gücləndirərik. 

Əgər sosial şəbəkələrdə deyildiyi kimi kütləvi şəkildə əsgərlər arasında dəri xəstəliyini göstərə bilən hallar olsaydı, əminliklə deyə bilərəm ki, Ədliyyə Nazirliyinin nəzarəti altında ciddi addımlar atılardı. Belə bir problem olmadığı üçün narahatlığa da əsas yoxdur. Əsgərlərin sağlamlığı, qidalanması məsələsinə gəlincə, hər bir Azərbaycan əsgərinə qarşı xüsusi bir qayğı və nəzarət var. 

Ona görə də əsgər istər Penitensiar Xidmətdə hərbi qulluğunu davam etdirsin, istərsə də digər yerdə, hər bir əsgərin sağlamlığı bizlər üçün vacibdir. Cənab nazirin də göstərişi ilə bu məsələ mütəmadi olaraq nəzarət altındadır. Nəzərə alsaq ki, dəri xəstəliyinin bir çox növləri var və bunlar bəzən yoluxucu ola bilir, bu təkcə Penitensiar Xidmətin əsgərlərinin səhhətinə deyil, eləcə də bütövlükdə Penitensiar Xidmətin personalının sağlamlığının təhlükəsizliyinə təsir etmiş olar. Belə olan halda problem təkcə əsgərlərin problemi kimi deyil, Penitensiar Xidmətdə olan hər bir personalın təhlükəsizliyi kimi qəbul olunmalıdır. Ona görə də belə bir xəbərlərin yayılması əsassızdır".

İlahə