Sulu qar, qar - XƏBƏRDARLIQ





Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, əsasən şimal və şərq rayonlarında intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 9-u axşamdan 10-u axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.