"Sumqayıt Dövlət Universitetinin 360 min manat vergi borcu var idi"





"Azərbaycandan fərqli olaraq, dünya universitetləri öz ölkələrinin büdcəsinə gəlir gətirirlər"
Bunu "Sherg.az”a ali məktəblərin büdcəsi haqqında danışarkən tarixçi-alim, təhsil eksperti Kamran Əsədov söyləyib. 

O vurğulayıb ki, ölkəmizdə universitetlər dövlət büdcəsindən asılıdırlar. Halbuki, dünya universitetləri kifayət qədər ciddi layihələrə imza atırlar, təhsil xidmətləri göstərirlər, qrant layihələr təqdim edirlər:

"Məsələn, Harvard universitetinin iki peyki var, Azərbaycan universitetlərinin isə fərdi avtobusu belə yoxdur. Amerika universitetlərindən ilk yüzlükdən sonra qərarlaşanlar dövlət büdcəsinə hər il 6 milyard dollar vergi ödəyirlər. Azərbaycan universitetlərinin isə yüksək miqdarda vergi borcları yaranır. Sumqayıt Dövlət Universitetinin 360 min manat vergi borcu var idi. Digər universitetlərlə bağlı da ciddi şəkildə borclar səsləndirmişdi. Ali məktəblər daxil olan vəsaitləri düzgün istiqamətləndirmədiyinə görə belə problemlər baş alıb gedir. Hətta rektorlar daxil olan vəsaitləri şəxsi məqsədləri üçün, lazım olmayan yerlərə də sərf edir”.

Ekspertin sözlərinə görə, ali məktəblər gəlirlərini tələbələrin təhsil haqqı üzərində qurduqca, inkişafdan söhbət gedə bilməz:

"Universitetlərimizdə təhsil xidmətlərinin göstərilməsi bərbad səviyyədədir. Xarici ölkələrin universitetlərinə daxil olan gəlirlər, büdcə xərcləri ilə bağlı sorğu göndərdikdə, ən geci 3 günə cavab verilir. Azərbaycanın 50 universitetinə bu cür sorğuları göndərmişəm, 3 aydır, öz büdcələri ilə bağlı heç bir məlumat vermirlər. Universitetlərin pulunu dövlət ödədiyi halda, onların gəlirləri hara xərclənir?”.

Aysel Aslan