Tahir Kərimli: “Bəzi məmurlar şəhid analarına deyir ki, “oğlun gedib şəhid olmayaydı”. Bəzən gözümüzün qabağında qanunsuzluğu görürük və ona susuruq”
Sumqayıtda rəzalət - Şəhid plakatları sökülüb, İcra xəbərsizdir
Firudin Məmmədov: “Şəhid plakatları vurulmuş dirəklər bərpa edilməlidir, ya da daha gözəl formada yenisi ilə əvəzlənməlidir”
Tahir Kərimli: “Bəzi məmurlar şəhid analarına deyir ki, “oğlun gedib şəhid olmayaydı”. Bəzən gözümüzün qabağında qanunsuzluğu görürük və ona susuruq”
Tahir Kərimli: “Bəzi məmurlar şəhid analarına deyir ki, “oğlun gedib şəhid olmayaydı”. Bəzən gözümüzün qabağında qanunsuzluğu görürük və ona susuruq”
Sonunda bu da baş verdi; şəhid oğurluğu. Sumqayıtda. Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin hazırladığı şəhid plakatlarını kimlərin oğurladığı hələ də qaranlıq qalır.
Adıçəkilən ictimai birlik Qarabağ döyüşlərində şəhid olmuş Sumqayıt sakinlərinin plakatlarını hazırlayıb vaxtilə yaşadıqları məhəlləyə yaxın küçələrdə xüsusi dirəklər üzərində yerləşdiriblər. Amma bir neçə gün sonra kimlərsə həmin dirəkləri basdırıldıqları yerdən çıxarıb naməlum istiqamətə aparıb.
Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı şəhid plakatlarının sökülməsinə görə Sumqayıt şəhər İcra Hakimiyyətini günahlandırır. Sosial şəbəkələrdə bu hadisə gərgin müzakirələrə səbəb olub, şəbəkə istifadəçiləri kəskin münasibətlər bildiriblər, hiddətlərini gizlətməyiblər, plakatların sökülməsini, birmənalı şəkildə şəhid ruhuna təhqir kimi qiymətləndiriblər.
Qazilər.az saytı dünən məsələ ilə bağlı ilginc məlumatlar əldə edib.
Sayt Xəyal Rəşid Bağırov adlı facebook istifadəçisinin öz səhifəsində yazdığı məlumatı paylaşıb. İstifadəçi yazıb ki, hadisə dünən (srağagün) gecə baş verib. Əvvəlcə şəhid Şülan Bayramovun plakatı olan dirək sökülüb. Gündüz isə Şəhid Seymur Baxışovun şəkli vurulmuş lövhə kəsilib aparılıb.
Məlumatda bildirilir ki, bir qrup şəhid ailəsi Sumqayıt şəhər İcra Hakimiyyətinə gedərək başçı ilə görüşmək istəyib.
Amma yeddi saat qapı arxasında gözlədilən şəhid ailəsini Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qəbul etməyib.
Sonda onları başçının Tahir adlı müavini qəbul edib və bildirib ki, şəhidlərin şəkilləri olan lövhələri küçələrdən götürülməsinə icra hakimiyyəti göstəriş verməyib.
Əldə edilən məlumata görə, hazırda şəhid ailələri, Qarabağ əlilləri (qazilər) və müharibə veteranlarının hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar, eyni zamanda keçmiş döyüşçülər bununla bağlı ölkə Prezidentinə müraciət etməyə hazırlaşır.
İstənilən halda, bunun bir adı var, o da Rəzalətdir! Dünyanın bütün ölkələrində şəhidlərə böyük ehtiram göstərilir. Qardaş Türkiyədə, Təbrizdə. Qonşumuz Ukraynada... Dövlətlər də, xalqlar da şəhidləri ilə hər zaman öyünür, fəxr edirlər, qürur duyurlar. Və bunu əməli işdə göstərirlər. Qonşu İranda şəhidlərin şəkilləri hər yerdə - yol boyu, parklarda, küçələrdə vurulur. Qardaş Türkiyədə şəhidə yüksək münasibət bəllidir. Ukraynada son illər şəhid adının uca tutulması prosesi gedir və bunun təzahürü olaraq Kiyev aeroportunda şəhidlərin nəhəng şəkilləri vurulub. Azərbaycan dövlətinin Qarabağa da, döyüşçülərə də, şəhidlərə, şəhid ailələrinə, müharibə veteranlarına münasibəti bəllidir. Prezident həmişə çıxışlarında şəhidlərə, şəhid ailələrinə və müharibə insanlarına dövlətin dəstəyi olduğunu vurğulayır. Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi işlər də məlumdur. Lakin görünür, bəzi məmurlar dövlətin yürütdüyü siyasəti hələ də anlamayıb, bu istiqamətdən xəbərsizdir, ya da bu istiqamətdə sadəcə, çalışmaq istəmir. Şəhid adı, şəhid ruhu onlar üçün heç bir əhəmiyyət daşımır. Plakatlar sökülüb, amma icra hakimiyyəti bu işdən xəbərsizdir. Plakat iynə deyil ki, tapılmasın. Bu işi həyata keçirmiş konkret adamlar var və onlar üzə çıxarılmalıdır. Müharibə şəraitində yaşayan, hər an düşmənlə üz-üzə gəlmək ehtimalı olan bir ölkədə şəhid ruhuna belə hörmətsizlik alçaqlığın ən bariz nümunəsidir. Bu işi görənlər mütləq cəzalanmalıdır ki, başqalarına da görk olsun.
Şəhid plakatlarının sökülməsini ölkəmizə, xalqımıza xəyanət adlandıran Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədov "Şərq”ə açıqlamasında faktın ciddi araşdırma tələb etdiyini söylədi:
- Əvvəlcə fakt ciddi araşdırılmalıdır və müəyyənləşməlidir ki, həqiqətənmi şəhid şəkilləri vurulmuş dirəklər kimlər tərəfindən və nə məqsədlə sökülüb. Əgər həqiqətən də konkret şəxslər tərəfindən bu iş görülübsə, deməli, o şəxslər Azərbaycan xalqına, Azərbaycan dövlətinə xəyanət edənlərdir. O şəxslər işğal altında torpaqlarımızın azad edilməsinə qarşı çıxan, şəhidlərə sayğısızlıq edən xainlərdir. Bu əməlləri ilə də xəyanətkar olduqlarını göstəriblər. Həmin şəxslərin kimliyi mütləq araşdırılmalıdır. Bu məsələdə həm Sumqayıt şəhər İcra Hakimiyyəti, həm də Sumqayıt şəhər hüquq-mühafizə orqanları məsuliyyət daşıyır. Bütün icra orqanları və güc strukturları birgə fəaliyyət göstərib işin araşdırılmasını və xəyanətkarların tapılmasını təmin etməlidirlər. Şəhid plakatları vurulmuş dirəklər bərpa edilməlidir, ya da daha gözəl formada yenisi ilə əvəzlənməlidir.
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib.
Deputat hər kəsi şəhidlərimizlə bağlı məsələlərə həssaslıqla yanaşmağa çağırıb.
"Mənim bacım oğlu da şəhid olub. Şamaxı rayonunun Nərimanov küçəsində onun yaşadığı evin divarına mərmər daş üzərində şəkli vurulmuşdu. Həmin şəkli oradan çıxarmaq istəyirdilər. Bununla bağlı böyük narazılıq da olmuşdu. Amma daha sonra divardan çıxıntı olmadığına, gəlib-gedənə mane törətmədiyinə görə əl dəymədilər. Hesab edirəm ki, şəhid plakatlarının bu qaydada vurulmasına mane olmaq lazım deyil”.
T.Kərimli İranda dövlət tərəfindən şəhidlərin plakatlarının küçələrə vurulduğunu deyib.
"Bizdə də bu cür hallar qanunla tənzimlənir. Sumqayıtda şəhidlərimizin plakatlarını hazırlayanlar bunu yerli icra orqanı ilə razılaşdırmalı idilər. Amma o plakatlar gediş-gəlişə mane olmursa, özündə hansısa mənfi yük daşımırsa, kiməsə maneçilik törətmirsə, buna həssaslıqla yanaşmaq olardı. Həmin plakatları ora vuranlara demək olardı ki, yerini dəyişdirsinlər. Çox təəssüflər olsun ki, bəzən məmurlar bu işlərə səhlənkar yanaşırlar. Hətta bəzi məmurlar şəhid analarına deyir ki, "oğlun gedib şəhid olmayaydı”. Bəzən gözümüzün qabağında qanunsuzluğu görürük və ona susuruq. Amma şəhidə qarşı belə hal olanda dərhal reaksiya veririk ki, guya, qanunu müdafiə edirik. Düşünürəm ki, hakimiyyət nümayəndələri belə hallara qarşı təmkinli davranmalı, səhlənkarlıq etməməlidir”.
Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, şəhid adlarının əbədiləşdirilməsi qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.
"Şəhid adlarının əbədiləşdirilməsi müxtəlif formalarda ola bilər. Bu da qanunla tənzimlənir. Sözügedən plakatların yerləşdirilməsindən və sökülməsindən İcra Hakimiyyətinin xəbəri yoxdur”.
Məlahət Rzayeva