Supergüclərin öz maraqları var

“Buna görə də Suriya problemi ilə bağlı Azərbaycanın mövqeyi ilk növbədə ərazi bütövlüyüdür”


"Ermənistanın işğalçılıq siyasəti nəticəsində humanitar fəlakətdən əziyyət çəkmiş ölkə kimi Azərbaycan Suriyadakı humanitar problemi anlayır və qaçqınların vəziyyətini yüngülləşdirmək üçün beynəlxalq təsisatlar vasitəsilə yardımlar etməyə çalışır”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir dünyada terror, silahlı münaqişə, savadsızlıq, sosial problemlər kimi ümumi bəlaların aradan qaldırılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb. Suriya probleminin həllində Azərbaycanın mövqeyinə gəldikdə isə E.Məmmədyarov bildirib ki, ilk növbədə humanitar böhranın aradan qaldırılması üçün Suriyada atəşkəsə nail olunmalı və problemin siyasi həlli tapılmalıdır: "Böhranın siyasi həllinin tapılması üçün hərtərəfli prosesin başlanılması vacibdir. Suriyanın ərazi bütövlüyü və siyasi birliyi təmin edilməli, qorunub saxlanılmalıdır”. Nazirin Suriya məsələsi ilə bağlı dediklərini şərh edən politoloq Arzu Nağıyev "Şərq”ə açıqlamasında deyib ki, böyük miqrant və qaçqın problemi yaşamış Azərbaycan-Suriya problemi daha yaxındır: "Cənab Məmmədyarov öz bəyanatında Suriyanın ərazi bütövlüyünü xüsusi olaraq gündəmə gətirir və vurğulayır ki, rəsmi Bakı Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Əgər biz hansısa müstəqil dövlətin ərazi bütövlüyünü qəbul etməsək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı adekvat cavab ala bilərik. Buna görə də Suriya problemi ilə bağlı Azərbaycanın mövqeyi ilk növbədə ərazi bütövlüyüdür. Çünki bu məsələ əsas şərtdir. Suriyanın daxilində baş verən olaylar, müxtəlif supergüclərin öz maraqlarını həyata keçirmək məqsədi ilə apardığı mübarizənin də həlli siyasi məsələdir. Çünki hər qüvvənin inhisarında ayrıca bir terror təşkilatı, eyni zamanda iqtidar və müxalifət gücləri var. Həmin qüvvələr öz aralarında siyasi barışıq əldə edəndən sonra Suriyanın ərazi bütövlüyü haqqında danışmaq, bu məsələni gündəmə daşımaq olar”.

İsmayıl