“Bu gün yolları təmizləyən qadınlar həmin texnikadan istifadə edə bilər”
Yollarda zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq. Bakı küçələrində süpürgəçilərin əvəzinə xüsusi texnika işləyəcək. İcra Hakimiyyətindən verilən məlumata görə, son vaxtlarda sosial şəbəkələrdə və ölkə mətbuatında Bakı küçələrində süpürgəçi qadınların ölüm və yaralanma hallarının müzakirəsi aparılır və küçələrdən zibil təmizləmək üçün avtomobil yollarına yaşlı qadınları yollayan kommunal xidmətlər tənqid edilir.
Yolları təmizləyən süpürgəçi qadınlar arasında həlak olan və xəsarət alanların olması problemi daha da qabardıb. Sonuncu belə hal avqustun 12-də baş verib.
Bununla əlaqədar vəziyyətin köklü surətdə dəyişməsi istiqamətində işlər həyata keçirilir. Paytaxt rəhbərliyi küçələrdə təmizlik işləri ilə məşğul olan süpürgəçilərin əl əməyi məsələsinə xüsusi diqqət ayırıb. Bundan əlavə, Prezident İlham Əliyevin göstərişi ilə meriya tərəfindən xüsusi proqram hazırlanır və onun icrasından sonra yollarda zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq. Bu proqramın hazırlanmasına avropalı aparıcı ekspertlər cəlb olunub və onlar yaxın günlərdə öz təkliflərini təqdim edəcəklər.
Qeyd edək ki, təhlükəsizlik qaydalarına əməl olunmaq şərti ilə qadınların küçələri təmizləməsi əmək qanunvericiliyinə zidd sayılmır. Əmək Məcəlləsində konkret olaraq göstərilib ki, qadınları hansı işlərə cəlb etmək olmaz. Həmin işlər arasında isə küçələri süpürmək kimi hallar öz əksini tapmayıb. Bu qadınların sağlamlığına ziyan vuracaq ağır işlər kateqoriyasına aid deyil. Yəni Kommunal Xidmətin bu işləri qadınlara həvalə etməməsi problemin həlli deyil. Görəsən, qadınların yerinə həmin işləri texnika görsə, işsizlərin sayı artacaq?
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sözügedən proqramın gələn il üçün həyata keçiriləcəyinin gözlənilən olduğunu deyib.
Onun sözlərinə görə, layihə həyata keçirilənə qədər həmin proqramın monitorinqi aparılmalıdır ki, bu texnikaya hansı ərazilərdə daha çox ehtiyac var. Bu proqram uzun çəkəcək bir layihədi: "Düzü, həyata keçirilən zaman da hərtərəfli olacağını gözləmirəm. Ancaq gözlərimlə görəndə inanacam”.
Dünya praktikasında sözügedən texnikadan istifadə olunduğunu vurğulayan M.Qəhrəmanlının sözlərinə görə, mağazalarda belə zibilləri əllə süpürüb təmizləmirlər:
"Bu texnikadan istifadə etmək üçün nə xüsusi bir bacarıq, nə də sürücülük vəsiqəsi lazım deyil. Bu gün yolları təmizləyən qadınlar həmin texnikadan istifadə edə bilər. Bunun üçün onları işdən çıxartmağa gərək yoxdur. Onsuz da bu gün küçələrimiz təmiz süpürülmür. Nə JEK, nə də bələdiyyə şəhərin təmizliyi ilə maraqlanmır. Bu proqram həyata keçiriləcəyi təqdirdə, qadınların işsiz qalması məni narahat edir”.
Şəymən