"Susuram, başqa çarəm yoxdur" - Xalq şairi

"Azərbaycan" şeirini təhrif edərək “El bilir ki, sən müəllimsən” reklam çarxını hazırlayanlar müəllif hüquqlarına hörmət etmirlərsə, ziyalıların məsləhətinə də qulaq asmayacaqlar"


"Təhsil televiziyası” müəllimlərə həsr olunmuş "El bilir ki, sən müəllimsən” adlı sosial çarx hazırlayıb. Ölkəmizin ayrı-ayrı bölgələrində çalışan müəllimlərin yer aldığı bu video çarxda müəllim peşəsinə olan sevgi və doğmalıq hissi ifadə olunub. Reklama görə, çarx bu peşəyə olan dəyərin göstərilməsinə xidmət edir.

Buna baxmayaraq, xalq şairi Səməd Vurğunun məşhur "El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən” misralarının növbəti dəfə təhrif olunaraq reklamda istifadə olunması cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, bir müddət öncə də S.Vurğunun "Azərbaycan" şeirini təhrif edərək reklamın çəkilməsi, müəlliflik hüquqlarının qorunmasını, sənətkarın yaxınlarından, varislərindən icazə alınması məsələsini yenidən gündəmə gətirib. 

Bu barədə "Sherg.az”a danışan xalq şairi Fikrət Qoca qeyd edib ki, hər kəs qayda-qanuna əməl etməlidir. Onun sözlərinə görə, reklam çarxını hazırlayanlar müəllif hüquqlarına hörmət etmirlərsə, ziyalıların məsləhətinə də qulaq asmayacaqlar:

"Qanuna əməl etmirlərsə, mən neynəyə bilərəm? Danışsam, deyəcəklər ki, bu bizi nə sayır. Amma onlar heç nə qanmırsa, nə çağırış edə bilərəm? Qanmayan adamla danışmaq çox çətindir. Ağsaqqal kimi onlara məsləhət versəm də, başa düşməyəcəklər. Ona görə, özümə hörmət edirəm, ləyaqətimi gözləyirəm. Susuram, başqa çarəm yoxdur.

Hətta cavan şairlərin əsərlərini oxuyanda bilirəm ki, səhv var. Amma bunu onlara demirəm. Bilirəm, deyəcəklər ki, bu, nə danışır? Ona görə, qarışmıram. Amma istəyirəm ki, gənc yazıçılar yaxşı oxusunlar, savadlansınlar. Bundan başqa istəyim yoxdur”.

Aysel Aslan