Tanınmış vəkilin avtomobilinə oğru girib

Asif Abdullayev hadisənin təhdid olduğunu istisna etmir
“Oğurluq üçün gələn insan eynək də götürər, telefon da, pul da. Amma bunlar avtomobilimdə olduğu halda, həmin şəxs tərəfindən sanki nümayişkaranə şəkildə götürülməyib”

Tanınmış vəkil Asif Abdullayevin avtomobilinə oğru girib. Bu barədə vəkil öz "Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, naməlum şəxs avtomobilinin şüşəsini qıraraq maşına daxil olub, amma heç nə götürməyib: "Salonda, ümumilikdə 84 manat və Gürcüstan gəzintimizdən qalan 45 lari pul, mobil telefon, bahalı eynək, ətir və bir sıra digər şəxsi əşyalarım var idi. Hadisədən sonra avtomobilin salonunda əşyalar dağınıq halda idi. Bəzi sənədlər iki hissəyə parçalanmışdı.

"Avtomobilimin park edildiyi ərazidə, təxminən, 15-20 avtomobil olub və bəlkə də həmin avtomobillər arasında ən ucuz avtomobillərdən biri də mənimkidir. Salonda da heç bir cəlbedici əşya olmayıb. Buna baxmayaraq, naməlum şəxs yalnız mənim avtomobilimə daxil olub. Bu hadisəyə çox ciddi yanaşıram. Avtomobilimə daxil olan şəxsin əsl məqsədi bəlli deyil. Oğurluq üçün gələn insan eynək də götürər, telefon da, pul da. Amma bunlar avtomobilimdə olduğu halda, həmin şəxs tərəfindən sanki nümayişkaranə şəkildə götürülməyib".

Hadisə ilə bağlı "Şərq”ə açıqlama verən vəkil bildirib ki, oğurluğun iş ilə əlaqədar təhdid məqsədli olduğu da istisna edilmir: 

"Lakin dəqiq olaraq baş verənlərin təhdid olduğunu söyləmək çətindir. Bəlkə kimsə maşına daxil olub və işini başa çatdıra bilməyib. Bəlkə də baş verənlər kimlərinsə mesaj göndərməsidir.

Maraqlısı odur ki, maşında köhnə və ekranı sınıq olan ikinci telefonum da var idi. Pul, eynək və bahalı telefon götürülməyib, amma köhnə telefonu tapa bilmirik. Bilmirəm evdədi, ya həmin gün maşında olub və oğurlanıb. Ona görə mənə də bir az qaranlıq qalıb ki, niyə bu adam pul götürməyib. Çünki oğurluq edən şəxs seçim etmir. Həmçinin onun üçün pulu götürmək daha asan idi, nəinki telefonu”.


Vəkil bildirib ki, oğurluq hadisəsi təxminən bir neçə ay öncə də təkrarlanıb: 

"O zaman maşının bir güzgüsünü qoparıb, digərini isə sındırmışdılar. Onda polisə müraciət etdim, izahat yazdım, amma hələ də nəticə yoxdur. Sonuncu oğurluqla bağlı da dərhal polis orqanlarına bildirdim. Əslində oğurluğun nə zaman baş verdiyini bilmirəm. Axşamdan maşını saxlamışdım və günorta 12-1 radələrində bildirdilər ki, maşının şüşəsi sınıb”.

Yeganə Bayramova