Tariximiz vətənə qaytarılmalıdır

İranda da Cümhuriyyətlə bağlı xeyli sənədlər var
Təəssüf ki, orada mövcud olan arxivləri tam aça bilməmişik


BMT-nin Cenevrə bölməsinin kitabxanasında Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı saxlanılan qiymətli sənədlərin elektron surəti Azərbaycana verilib. İsveçrədə səfərdə olan baş nazirin müavini Əli Həsənov və mədəniyyət naziri Əbülfəs Qarayev BMT-nin Cenevrə bölməsinin kitabxanasına baş çəkiblər.

Kitabxana müdiri Françesko Pisano Millətlər Liqasının arxivinin Azərbaycan üçün misilsiz əhəmiyyətə malik olduğunu deyib. Pisano vurğulayıb ki, kitabxanada Azərbaycan Xalq Cümhuriyyətinə aid bir çox tarixi sənədlərin əsilləri qorunub saxlanılır. Sənədlər sırasında Paris sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin hazırladığı məktub və müraciətlər, xəritə və digər mühüm tarixi sənədlər mövcuddur. Məlumat üçün deyək ki, sənədlərin yüksək əhəmiyyəti nəzərə alınaraq, AXC ilə bağlı arxiv materiallarının rəqəmsal formaya salınması və Azərbaycan tərəfinə təhvil verilməsi barədə Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, AXC və Cənubi Qafqazla bağlı ümumilikdə 36 min səhifəni əhatə edən sənədlərin rəqəmsal surətləri hazırlanıb və Cenevrə bölməsinin rəhbəri Mixael Möller tərəfindən Əli Həsənova təqdim olunub. Azərbaycan haqqında tarixi əhəmiyyət kəsb edən sənədlərin qorunmasına görə təşəkkür edən Ə.Həsənov arxiv sənədlərinin böyük əhəmiyyət daşıdığını deyib. Baş nazirin müavini vurğulayıb ki, tarixi ədalətin bərpa olunmasında arxiv sənədlərinə böyük ehtiyacı var.

Təşəbbüsü yüksək dəyərləndirən tarixçi-alim Boran Əzizli "Şərq”ə açıqlamasında AXC-yə aid arxiv sənədlərinin ölkəmizə gətirilməsini təqdirəlayiq hesab edib. Alim bildirib ki, dünyanın müxtəlif ölkələrində Azərbaycanla bağlı tarixi faktların aşkar olunması və tezliklə ölkəmizə gətirilməsi olduqca vacibdir: 

"Əlbəttə, sənədlərin əsillərinin əldə edilməsi daha yaxşı olardı. Ancaq mümkün deyilsə, ən azından surətlərinin Azərbaycana gətirilməsi zəruridir. Çünki məqsəd arxiv sənədlərinin geniş araşdırmalara cəlb edilməsidir. Araşdırma zamanı sənədin orijinal olub-olmamasının fərqi yoxdur. Dünyanın müxtəlif bölgələrində, xüsusən Avropa ölkələrində və İranda Cümhuriyyətlə bağlı xeyli sənədlər var. Təəssüf ki, İran arxivlərində AXC ilə bağlı mövcud olan arxivləri tam aça bilməmişik. Araşdırmalara yeni faktların cəlb edilməsi çox yaxşı olar”.

Tarixçi Cümhuriyyətlə bağlı gördüyü işlərdən və yüzilliklə bağlı təkliflərindən də danışıb: 

"Bu yaxınlarda AXC ilə bağlı əsərim tamamlanacaq. 100 illik yubileyə öz töhfəmi vermək istəyirəm. Cümhuriyyət dövründə ölkədə xeyli sayda qaçqınların yerləşdirilməsi problemi ilə bağlı məqalələrim dərc olunub. Həmin mövzu ilə bağlı doktorluq işimi başa çatdırmaq üzrəyəm. Ən böyük arzum odur ki, AXC liderlərinə abidə ucaldılsın. 

Təəssüflər olsun, Cümhuriyyət liderlərindən - M.Ə.Rəsulzadənin, Ə.Topçubaşovun, N.Yusifbəylinin və F.Xoyskinin məzarları Azərbaycanda deyil. Arzu edərdim ki, 2018-ci ildə onların qəbirləri Azərbaycana gətirilsin. Eyni zamanda Cümhuriyyət parkı yaradılsın və elə həmin parkda liderlərə abidə qoyulsun”.

İsmayıl