Tehran mesaj verdi

İran dünyada enerji böhranı yaratmaq istəyir



"İran bəyan edib ki, Qərb ölkələri neft ixracına mane olarsa, Tehran hökuməti Hörmüz boğazını bağlayacaq. Hörmüz boğazı vasitəsilə Fars körfəzindən 20 faiz neft dünya bazarına çıxarılır”.

Bunu "Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, rəsmi Tehranın bu bəyanatı, ciddi əhəmiyyət kəsb etməklə yanaşı, dünyada enerji böhranına yol aça bilər: "İran prezidenti Həsən Ruhani yaşanan problemlər fonunda Avropaya səfər edib. Onun səfərinin məqsədi Avropa dövlətləri ilə iqtisadi əlaqələri qoruyub saxlamaq və ABŞ-ın sanksiyalarını neytrallaşdırmaqdır. Tehranın nüvə fəaliyyətini bərpa etməsi və Hörmüz boğazını bağlamaqla bağlı bəyanatı, Ruhaninin Avropaya səfəri ilə üst-üstə düşür. 

Ruhani bu səfərlə, həm də daxildə özünə qarşı müxalifliyi neytrallaşdırmağa çalışır. Amma bu səfərin uğursuz olacağı, mühafizəkarların Ruhaniyə qarşı daha da hücuma keçəcəyini sürətləndirəcək”. Analitikə görə, Avropa ilk növbədə İranın nüvə fəliyyətinə başlamasından narahatdır. Həmçinin, qitənin neftə tələbatı Hörmüz boğazından keçir: "Ona görə də İranın indiki siyasəti ilə Avropa ilə əməkdaşlığı mümkün görünmür. 

Bundan əlavə, ABŞ-a məxsus tankerlər intensiv şəkildə bölgədən neft daşıyır. Əgər, İran bu keçidi bağlayarsa, Səudiyyə Ərəbistanı və ABŞ-ın hərbi müdaxiləsi ilə üzləşə bilər. İsrailın də İrana hücumu reallaşa bilər. Göründüyü kimi, İran ətrafında həlqə daralmaqdadır. Lakin rejim heç də öz ambisiyalarından geri çəkilmək fikrində deyil. 

Təbii ki, mötədil siyasətçi Ruhani Qərblə anlaşa, Yaxın Şərqdə əməliyyatlarda İranın rolunu azalda, nüvə zənginləşməsinə son qoya bilər. Amma o, daxildə güclü mühafizəkarların təzyiqi ilə üzləşə biləcəyindən çəkinir. Amerika İrana qarşı mümkün vasitələrdən istifadə edərək rejimi zəiflətmək istiqamətində fəaliyyət göstərəcək. Burada, təbii ki, ən əsas və həssas məsələ Hörmüz boğazıdır. Tehran boğazı bağlayarsa, müharibə başlaya bilər”.

İsmayıl