Təkidlər yersizdir...

“Biz Avropa İttifaqından uzaqlaşmırıq, əksinə, yaxınlaşırıq”
“İmzalanan çoxsaylı müqavilələr də bunu sübut edir. Ermənistan kimi təcrid siyasəti yeritmirik”


"Azərbaycan Avropa İttifaqına üzv olmaq istəmir və biz bu qərara hörmətlə yanaşırıq”. Bunu Latviya XİN rəhbəri Edqars Rinkeviçs "Şərq Tərəfdaşlığı” proqramı ölkələrinin avrointeqrasiyası barədə danışarkən bildirib. Nazir deyib ki, üç ölkə - Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqının üzvü olmaq istəyir.

Lakin Belarus və Azərbaycan Aİ-nin üzvü olmağa tələsmirlər. Biz bu qərarlara hörmət edirik. Həmçinin, inanırıq ki, hər kəs xalqların və hökumətlərin qərarlarına sayğılı davranmalıdır. 

Rinkeviçsin sözlərini "Şərq”ə dəyərləndirən politoloq Tofiq Abbasov deyib ki, Azərbaycan heç vaxt qəti olaraq Avropa İttifaqına qoşulmaq istəmədiyini bəyan etməyib. Ekspertin sözlərinə görə, rəsmi Bakı Aİ rəhbərliyinin assosiativ üzvlüyə imza atmaqla bağlı təkidlərinə "yox” deyib:

"Brüsselin mövqeyi ondan ibarətdir ki, Azərbaycan Aİ-nin "Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində təklif olunan sənədlərə mütləq imza atmalıdır. Əslində belə təkidlər çox yersizdir. Hökumət dəfələrlə bəyan edib ki, Azərbaycan Avropa qurumları ilə əməkdaşlıqdan uzaqlaşmayıb və üzərinə götürdüyü öhdəliklərə sadiq olub. Təəssüflər olsun ki, bəzi dairələr tərəfindən geo-iqtisadi proseslər geo-siyasi amillərlə əvəz olunur. Azərbaycan və Belarus isə buna qarşı çıxır. Əgər söhbət iqtisadi tərəfdaşlıqdan gedirsə, o halda siyasi prosesləri qabartmağın mənası yoxdur. Digər məqam isə odur ki, bu cür qərarlar zorla, təkidlə yox, könüllü şəkildə qəbul edilməlidir”. 

T.Abbasov bildirib ki, Azərbaycan "Şərq Tərəfdaşlığı” layihəsinə hörmətlə yanaşır və bu istiqamətdə xeyli iş görür: 

"Ölkəmiz Avropa qitəsinin 12 ən güclü dövləti ilə ikitərəfli əməkdaşlıq edir. Biz Avropa İttifaqından uzaqlaşmırıq, əksinə, yaxınlaşırıq. İmzalanan çoxsaylı müqavilələr də bunu sübut edir. Ermənistan kimi təcrid siyasəti yeritmirik. Ancaq istənilən sənədi imzalamaq yalnız və yalnız Azərbaycanın öz iradəsi ilə mümkündür. Heç kim bizə nəyisə təkid edə bilməz. Prezident İlham Əliyev dəfələrlə mübahisəli məqamlara toxunub və bəyan edib ki, vaxtı çatanda assosiativ sənədə imza atılacaq. Hesab edirəm ki, Rinkeviçs öz şəxsi fikirlərindən çıxış edir”.

İsmayıl