Televiziya rəhbərlərinin çoxu ana dilini yaxşı bilmir, ona görə də... - MÜSAHİBƏ

"...Qeyri-peşəkarlar efirə özləri kimi səviyyəsizləri çıxarır"
"Cəzanı səviyyəsiz aparıcını ekrana çıxaranlara vermək lazımdır"

Son illər ölkə televiziya və radiolarında aparıcıların dil normlaarına əməl etməməsinə dair məsələlər zaman-zaman gündəmə gəlir. Ədəbi dilin qorunması, aparıcıların dil normalarına riayət etməməsi, efir mədəniyyəti haqqında geniş müzakirələr aparılır və buna dair geniş konfranslar keçirilir. Doğrudur, indiyəqədər problemin həlli istiqamətində müxtəlif təkliflər irəli sürülüb. Buna rəğmən hələ ki heç bir müsbət nəticə müşahidə olunmur. Əksinə, hər ötən gün vəziyyət daha da ağırlaşır ki, bu ölkə ictimaiyyətini və eləcə də ictimaiyyət nümayəndələrini ciddi narahat edir.

Tanınmış jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, əməkdar jurnalist, professor Qulu Məhərrəmli də "Sherg.az" müsahibəsində mövcud vəziyyəti təsdiqləyib.

Müsahibəni təqdim edirik: 

- İllərdir müzakirə olunmasına baxmayaraq televiziyaların dil qüsurları həllini tapmır. Səbəb nədir?

- Televiziyalarda dil problem 10 ildir ki, ən aktual məsələ olaraq gündəmə gətirilir. Çünki televiziyaların ümumi peşəkarlıq səviyyəsi getdikcə aşağı düşür. Televiziyaya dəvət olunan insanların dil bilgisi arzuolunan səviyyədə deyil. Aparıcıların əksəriyyəti Azərbaycan dilinin istifadə imkanlarından, onun qaydalarından xəbərsizdir. Ən pisi isə odur ki, televiziyalara rəhbərlik edən şəxslərin çoxu ana dilini yaxşı bilmirlər. Ona görə də efirdə gedən proseslərə biganə yanaşırlar, eyni zamanda biliksizlik ucbatından prosesləri yönəldə, mənfi tendensiyaların qarşısını ala bilmirlər.

Üslubları bir-birindən ayırmaq lazımdır. Xəbər proqramlarında mətnlər yazılır, aparıcılar isə hazır mətni oxuyurlar. Bəzi statistik nöqsanları nəzərə almasaq, bu sahədə vəziyyət normaldır. Hər halda buna ciddi təlabat var.

- Problem daha çox hansı verilişlərdədir ?

- Televiziyalarda ən ciddi problem analitik, şou və əyləncə xarakterli verilişlərdədir. Çünki həmin proqramları ixtisasca bu sahəyə aid olmayan adamlar aparırlar. Əlbəttə, onlar da veriliş apara bilərlər. Amma problem ondadır ki, həmin şəxslər dilimizin qaydalarına bələd deyillər. Problem burdan qaynaqlanır. Yəni ən ciddi məsələ ekrana çıxarılan aparıcılardır. Onların çoxu auditoriya qarşısında olduğunu hiss etmir. Kamera və mikrofon qarşısında ciddi çərçivələr var ki, biz onları gözləməliyik. Aparıcı televiziyaya çıxırsa, artıq məişət səviyyəsindən çəkinməlidir. Yüzlərlə, minlərlə, bəzi hallarda isə milyonlarla insan televizora baxır, qulaq asır. Bunu unutmaq olmaz.

- Aparıcıların dil qüsurlarını necə aradan qaldırmaq olar?

Monitorinqlər, tələblər konkret ölçülərlə tədbir görülmürsə, nöqsanlar daha da artır. Dilçilik İnstitutunun monitorinq şöbəsində çalışanda problemin həlli yollarını axtarmağa çalışırdıq. Bu yollardan biri maarifçilik işidir. Biz o vaxt televiziya rəhbərlərini, aparıcılarını, sayt rəhbərlərini dəvət edirdik və onlarla Dilçilik İnstitutunda iş aparırdıq. Xüsusən alınma sözlər, qısaltmalarla bağlı, tələffüz və vurğu problemlərini aydınlaşdırmağa çalışırdıq.

Əvvəllər televiziyalarda peşəkar, dili yaxşı bilən ustad jurnalistlər, diktorlar olurdu. Təəssüf ki, indi onlar yoxdur. Xüsusən, dövlət büdcəsindən maliyyələşən televiziyalar dil sahəsində çox nümunəvi olmalıdırlar. Çox vaxt deyirlər ki, nöqsanlar ancaq özəl televiziyalardadır. Mən bunu qəbuledilməz sayıram. Nöqsanlar dövlət televiziyalarında və radiolarında da var. Bunları bir-birindən ayırmaq olmaz.

Məsələnin səbəbi odur ki, aparıcılara, dil bilən jurnalistlərə olan tələbimiz zəifdir. Biz aparıcıları hansı prinsiplərlə seçirik? Bu məsələdə səsləndirilən fikirlər hamısı həyacan təbilidir, onları nəzərə almaq lazımdır. Mütəxəssis olaraq bunları deyirik, amma bizim televiziyalara təsir imkanlarımız yoxdur. Ona görə də bu işi televiziyalara məsul şəxslər, yəni telekanal rəhbərləri və prodüserlər görməlidir. Onlar başa düşməlidirlər ki, dil xalqın mənəvi sərvətidir. Cəmiyyət özünü bu dilə bələdçi kimi görür. Əksinə davrandıqca, ictimai düşüncədə müəyyən aşınmalar gedir. Axı dil həm də təfəkkürün ifadəsidir, göstəricisidir. Biz bu şəkildə bəsitləşiriksə, bayağılaşırıqsa, bizim dəyərlərə, meyarlara yanaşmamız zəifləyir. Bunu kampaniya şəklində etməməliyik, daimi məşğul olmaq lazımdır. Heç bir halda tələbləri azaltmaq olmaz.


- Yalnız telekanallarda deyil, sosial şəbəkələrdə, mediada, ümumiyyətlə cəmiyyətdə dil normalarının ciddi şəkildə pozulduğunun şahidiyik. Problemin kökü nədən qaynaqlanır?

Orta məktəblərdən. Hazırda orta məktəb dərsləri kurikulum əsasında keçirilir. Çoxları bunu mahiyyətinə varmadan tənqid edir. Düzdür, müəyyən mürəkkəbliklər var. Amma uşağın intellekti elə səviyyədədir ki, o qaydaları mənimsəməlidir. Yeni üsulun məqsədi uşaqlarda həm yazı, həm də nitq vərdişlərini formalaşdırmaqdır. Təfəkkür inkişaf etməli və ona uyğun olaraq bizim nitq bacarığımız olmalıdır.

Bu gün insanların yazılarında orfoqrafiya müsibətdir. Bəzən jurnalistika fakültəsinin ikinci-üçüncü kurs tələbələri də sözləri yanlış yazırlar. Bu, çox ciddi bəladır.

- Dil normalarını pozan aparıcıların cərimələnməsi məsələsi gündəmdədir. Sizcə, bu metodun effekti olacaqmı?

Aparıcılara nə cəza vermək olar?! Savadsız, səviyyəsiz aparıcını ekrana çıxaran şəxslərə cəza vermək lazımdır. İnsanlar yerində olmayanda belə hallar ortaya çıxır. Qeyri-peşəkarlar efirə özləri kimi səviyyəsizləri çıxarırlar. Nəticədə bu cür mənzərə ilə rastlaşırıq.

Küçədən kimisə gətirib, "bu adamdan xoşum gəlir, yaxşı boy-buxunu var” kimi meyarlarla aparıcı seçmək olmaz. Bu, ciddi məsələdir. Kiminsə birinə rəğbəti varsa, bu, şəxsi çərçivədə olmalıdır. Bunu ictimai vasitə olan televiziya, radio mühitinə daşımaq düzgün deyil. Hər bir insan, idarəçi şəxs dil, cəmiyyət, peşəkar cameə qarşısında məsuliyyətini mütləq hiss etməlidir. Efir ciddi qaydalar, ciddi yanaşma tələb edir.

Aysel Aslan