Aparıcıların və jurnalistlərin dil problemi onların təhsili ilə bağlı məsələdir
Televiziyaların peşəkarlıq səviyyəsi getdikcə aşağı düşür
Aparıcıların əksəriyyəti Azərbaycan dilinin istifadə imkanlarından, onun qaydalarından xəbərsizdirlər
Aparıcıların və jurnalistlərin dil problemi onların təhsili ilə bağlı məsələdir
Aparıcıların və jurnalistlərin dil problemi onların təhsili ilə bağlı məsələdir
Azərbaycan dilinin işlənməsi üçün geniş meydan yaranıb. Mətbuat orqanlarının, televiziya və radio verilişlərinin sayı artıb. O cümlədən, internetin meydana çıxması və kütləvi şəkildə yayılması dilin imkanlarını tətbiq etmək üçün bizə əlavə imkanlar verib. Ancaq təəssüflər olsun ki, dillə bağlı gedən proseslər heç də arzuolunan səviyyədə deyil. Bu sahədə mövcud olan ciddi problemlər dilçilərlə yanaşı, ictimaiyyəti də dərindən düşünməyə vadar edir.
Hazırda televiziya və radiolarda, bəzi çap və media qurumlarında Azərbaycan dilinin qaydaları kobud şəkildə pozulur. Xüsusən, son zamanlar ədəbi dil normalarından yayınma prosesi sürətlə gedir, dilə laqeydlik hökm sürür. Şübhəsiz ki, televiziya və radioda, yazılı və elektron mediada geniş istifadə olunan Azərbaycan dilinin, nitq mədəniyyətinin xüsusi önəmi var. Bu amil həm ana dilimizin qorunub saxlanmasında və inkişaf etdirilməsində, həm də səlis danışıq tərzinin formalaşmasında mühüm rol oynayır. Unutmaq olmaz ki, televiziya və radioda sözün təsir qüvvəsi bütün təbliğat vasitələrindən seçilir. Bu strukturların informasiya vermək imkanları, şüurlara təsiretmə mexanizmi daha çoxdur. Əslində KİV-lərdə mövcud olan dil qüsurları və nitq mədəniyyətinin lazımi səviyyədə formalaşmaması barədə dəfələrlə yazılıb. Bu istiqamətdə müəyyən addımlar atılmasının vacibliyi qeyd olunub. Təəssüflər olsun ki, vəziyyət hələ də acınacaqlı olaraq qalır. Halbuki ekran və efir mədəniyyətinin əsas qollarından biri məhz düzgün danışıq tərzidir. Dilçi alimlərə görə, problem özünü televiziya və radiolarda daha açıq şəkildə göstərir. Aparıcıların danışığında səhvlər həddindən artıq çoxdur, intonasiya yoxdur. Çıxış edən zaman tələsirlər, tamaşaçını, dinləyicini nəzərə almırlar, əcnəbi sözlərdən çox istifadə edirlər. Eyni zamanda bəzi aparıcılar terminlərdən daha çox istifadə etməklə savadlı və ağıllı olduqlarını göstərməyə çalışırlar. Şou proqramlarında, musiqi verilişlərində isə vəziyyət dözülməzdir. Ekspertlərin fikrincə, ilk növbədə dilin təmizliyini qoruyub saxlamalı, sonra nitq mədəniyyətinin formalaşması ilə bağlı ciddi addımlar atmalıyıq. İstənilən fikri, informasiyanı, elmi və bədii məlumatı başqalarına çatdırmaq xüsusi istedad tələb edir. Müasir aparıcıların demək olar ki, əksəriyyətində qüsur var. Buna görə də, ədəbi dilin qorunması üçün müəyyən normalar, kriteriyalar müəyyənləşdirmək vacibdir. Nitq mədəniyyətinin formalaşmamasının əsas səbəblərindən biri də mütaliənin zəif olması, aparıcıların kitab oxumaması göstərilir. Hamı öz fikir və mülahizələrini doğma ana dilində ifadə etmək qabiliyyətinə yiyələnməlidir. Bəzən fikirləşirlər ki, nitq mədəniyyəti dilçilər, ədəbiyyatçılar və müəllimlər üçün vacibdir. Ancaq bu cür yanaşma yanlışdır, orta məktəbdən insanların nitq mədəniyyətinə diqqət yetirilməlidir. Ötən günlərdə "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən geniş konfrans vurğulanan problemin hansı səviyyədə olduğundan xəbər verir. Tədbirdə çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli Həsənov konfransın birbaşa dövlət başçısının tapşırığına əsasən keçirildiyini vurğuladı. Ə.Həsənov bəyan etdi ki, müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib. Onun sözlərinə görə, fasiləsiz təkmilləşən informasiya-kommunikasiya sistemləri dövlət dilini zənginləşdirməklə yanaşı, mənfi təsirlərə də məruz qoyub: "Bu hallar həm cəmiyyətdə, həm də onun güzgüsü olan mətbuatda özünü qabarıq büruzə verir. Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq”.
Məsələ ilə bağlı "Şərq”ə danışan dilçi-alim, professor Qulu Məhərrəmli deyib ki, əgər bir şey haqqında çox danışılırsa, deməli, problem çox ciddidir. Onun sözlərinə görə, televiziyalarda dil problemi 10 ildir ən aktual məsələ olaraq gündəmə gətirilir:
"Televiziyaların ümumi peşəkarlıq səviyyəsi getdikcə aşağı düşür. Efirə çıxarılan insanların dil bilgisi arzuolunan səviyyədə deyil. Aparıcıların əksəriyyəti Azərbaycan dilinin istifadə imkanlarından, onun qaydalarından xəbərsizdirlər. Ən pisi isə odur ki, televiziyalara rəhbərlik edən şəxslərin çoxu ana dilini yaxşı bilmirlər. Ona görə də efirdə gedən proseslərə biganə yanaşırlar, biliksizlik ucbatından prosesləri düzgün istiqamətə yönəldə, mənfi tendensiyaların qarşısını ala bilmirlər”.
Professor bildirib ki, üslubları biri-birindən ayırmaq lazımdır:
"Xəbər proqramlarında mətnlər yazılır, aparıcılar isə hazır mətni oxuyurlar. Bəzi statistik nöqsanları nəzərə almasaq, bu sahədə vəziyyət normaldır. Hər halda buna ciddi tələbat var. Ən ciddi problem analitik, şou və əyləncə xarakterli verilişlərdədir. Çünki həmin proqramları ixtisasca bu sahəyə aid olmayan adamlar aparırlar. Əlbəttə, onlar da veriliş apara bilərlər. Problem ondadır ki, həmin şəxslər dilimizin qaydalarına bələd deyillər. Ən ciddi məsələ ekrana çıxarılan aparıcılardır. Onların çoxu auditoriya qarşısında olduğunu hiss etmirlər. Kamera və mikrofon qarşısında ciddi çərçivələr var ki, biz onları gözləməliyik. Əgər sən televiziyaya çıxırsansa, məişət səviyyəsindən də çıxmalısan. Unutmalı deyilsən ki, sənə yüzlərlə, minlərlə, bəzi hallarda isə milyonlarla insan baxır və ya qulaq asır. Monitorinqlər, tələblər yaxşıdır, amma konkret ölçülərlə tədbir görülməzsə, nöqsanlar azalmaq əvəzinə artacaq. Konfransla məsələni bitmiş hesab etmək olmaz. Dilçilik İnstitutunun monitorinq şöbəsində çalışanda problemin həlli yollarını axtarmağa çalışırdıq. Çıxış yollarından biri maarifçilik işidir. Biz o vaxt televiziya rəhbərlərini, aparıcıları, sayt rəhbərlərini dəvət edirdik və onlarla Dilçilik İnstitutunda iş aparırdıq. Xüsusən, alınma sözlərlə, qısaltmalarla, tələffüz və vurğu ilə bağlı müəyyən problemləri aydınlaşdırmağa çalışırdıq”. Q.Məhərrəmli vurğulayıb ki, əvvəllər televiziyalarda peşəkar, dili yaxşı bilən ustad jurnalistlər, diktorlar olurdu. Təəssüf ki, indi yoxdur: "Dövlət büdcəsindən maliyyələşən televiziyalar dil sahəsində nümunəvi olmalıdır. Çox vaxt deyirlər ki, nöqsanlar ancaq özəl televiziyalardadır. Mən bunu qəbul etmirəm. Nöqsanlar dövlət televiziyalarında və radiolarında da var. Məsələ ondadır ki, bizim aparıcılara, dil bilən jurnalistlərə olan tələbimiz zəifdir. Aparıcıları hansı prinsiplərlə seçirik? Əsas məsələ budur. O gün keçirilən tədbirdə alimlər məsələni gözəl izah etdilər. Məsələn, Nizami Cəfərovun və Sabir Rüstəmxanlının yanaşması çox doğru idi. Deyilənlər hamısı həyəcan təbilidir, mütləq nəzərə almaq lazımdır. Mütəxəssis olaraq bunları deyirik, amma televiziyalara təsir imkanlarımız yoxdur. Ona görə də bu işi televiziyalara məsul şəxslər, telekanal rəhbərləri və prodüserlər görməlidir. Onlar başa düşməlidirlər ki, dil xalqın mənəvi sərvətidir. Sərvətimizə sahib çıxmalıyıq, əks halda ictimai düşüncədə müəyyən aşınmalar gedəcək. Dil həm də təfəkkürün ifadəsi, əsas göstəricisidir. Əgər biz bu qədər bəsitləşiriksə, bayağılaşırıqsa, dəyərlərə, meyarlara yanaşmamız da zəifləyəcək. Aparılan işi kampaniya şəklində başladıb bitirmək olmaz. Bu işlə daimi məşğul olmaq lazımdır. Heç bir halda tələbləri azaltmamalıyıq”. Alim deyib ki, problemin kökü orta məktəblərdən qaynaqlanır: "Kurikulum üsulu ilə yazılan dərsliklərimiz var. Çoxları bunu mahiyyətə varmadan tənqid edir. Bəli, müəyyən mürəkkəbliklər mövcuddur, amma yeni üsulun məqsədi uşaqlarda həm yazı, həm də nitq vərdişlərini formalaşdırmaqdır. Təfəkkür inkişaf etməli və ona uyğun olaraq bizim nitq bacarığımız olmalıdır. Orfoqrafiya müsibətdir. Bəzən jurnalistika fakültəsinin ikinci, üçüncü kurs tələbələri sözləri yanlış yazırlar. Bu, çox ciddi bəladır”. Professor aparıcılara cəza tətbiq edilməsi təklifinə də münasibət bildirib: "Aparıcıya nə cəza vermək olar ki?! Savadsız, səviyyəsiz aparıcını ekrana çıxaran şəxslərə cəza verilməlidir. İnsanlar yerində olmayanda belə hallar ortaya çıxır. Qeyri-peşəkar şəxslər efirə özləri kimi səviyyəsizləri çıxarırlar. Nəticədə bu cür mənzərə ilə rastlaşırıq. Küçədən kimisə gətirib, "bu adamdan xoşum gəlir, yaxşı boy-buxunu var” kimi meyarlarla aparıcı seçmək olmaz”.
Filologiya elmləri doktoru, professor Nəsir Əhmədli isə "Şərq”ə açıqlamasında deyib ki, aparıcıların və jurnalistlərin dil problemi onların təhsili ilə bağlı məsələdir:
"Hər bir insan peşəsindən asılı olmayaraq öz ana dilini, onun qramatikasını və nitq mədəniyyətini yaxşı öyrənməlidir. Bizim aparıcıların çoxu qeyri-ixtisas sahibləridir. Ordan-burdan tapıb efirə çıxarıblar. Ona görə də danışıq dilləri bərbaddır. Fikrimcə, qeyri-ixtisas sahiblərinə xüsusi kurslar təşkil edilməlidir. Hər şey təhsildən, hətta orta məktəb təhsilindən başlayır. Biz orta məktəbdə 10-15 səhifəlik inşa yazırdıq. Beləcə yazı təfəkkürümüz və nitqimiz formalaşırdı. Amma indiki dövrdə inşa təcrübəsi yoxdur. Testlə hazırlaşırlar, sualları əzbərləyirlər və imtahan verərək instituta girirlər. Buna görə də jurnalistlərdə, televiziya və radio aparıcılarında nitq inkişaf etmir. Hər iki nitqin, həm yazılı, həm də şifahi nitqin inkişafı üçün təhsil və inşa zəruridir”.
Professor bəyan edib ki, sosial mediada nitq və yazı mədəniyyətini formalaşdırmaq çətin prosesdir: "Orada müxtəlif səviyyəli adamlar var. Çoxu peşəkar jurnalist deyil. Ona görə də onun qorxusu azdır. Amma televiziya və radio aparıcıları mütləq peşəkar olmalı, ədəbi dilin bütün norma və qaydalarını bilməlidir. Bunun başqa yolu yoxdur”. N.Əhmədli deyib ki, efirlərə dəvət olunan qonaqlar o qədər də çox məsuliyyət daşımır. Tutaq ki, bir şəkilini proqrama qonaq çağırıblar, axı siz onu məcbur edə bilməzsiniz ki, mütləq ədəbi dildə danışsın. O adam rayonda necə danışırsa, efirdə də o cür danışacaq. Bu, təhlükəli deyil, əksinə, verilişə əlavə rəng qatacaq. Burada söhbət aparıcılardan gedir”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb