“Terror təhlükəsi Amerikada daha çoxdur, nəinki Azərbaycanda”






ABŞ Dövlət Departamenti vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb. Bu barədə Dövlət Departamentinin amerikalı turistlər üçün hazırladığı səfər tövsiyəsində bildirilib. Ümumilikdə səfər etmək üçün təhlükə baxımından ölkələr 4 qrupa bölünüb.

Azərbaycan 2-ci qrupa - səfər zamanı yüksək ehtiyatlılıq nümayiş etdirilməli olan ölkələr sırasına daxil edilib. Əlavə edək ki, Dövlət Departamentinin tövsiyəsində Dağlıq Qarabağ ayrıca ölkə kimi qeyd olunmayıb. Dağlıq Qarabağa səfər etməmək barədə tövsiyə həm Azərbaycan, həm də Ermənistanla bağlı tövsiyədə yer alır. Departamentin çağırışına Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib. Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Dövlət Departamentinin son açıqlamasının çox təəccüblü olduğunu deyib. XİN rəsmisi bildirib ki, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir: 

"Son illərdə Azərbaycana turist axını 24 faiz artıb. Ölkəmizə gələn əcnəbi vətəndaşların sayı 2,7 milyon nəfəri ötüb. Ölkəmizdə çox mühüm beynəlxalq yarışlar, forumlar, konfranslar keçirilib. Azərbaycanın sözügedən mötəbər tədbirlərə ev sahibliyi etməsi digər amillərlə bərabər, ölkəmizdə mövcud olan sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin olunması ilə bağlıdır. Hökumət ölkədəki təhlükəsizlik və operativ vəziyyəti tam nəzarətdə saxlayır. Ancaq Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalır”.

Məlum tövsiyə ilə bağlı "Şərq”ə danışan politoloq İlqar Vəlizadə əvvəlcə Dağlıq Qarabağa səfər etməməklə bağlı çağırışa münasibət bildirib. Ekspert deyib ki, işğal altındakı ərazilərimizlə bağlı çağırış edilməsi özü-özlüyündə müsbətdir: 

"Çox yaxşı olardı ki, digər ölkələr, xüsusən Rusiyanın Xarici İşlər Nazirliyi də Dağlıq Qarabağa səfər edilməməsi haqqında bu formada çağırış etsin. 

O ki qaldı Azərbaycanın "təhlükəli ölkələr” siyahısına salınmasına, təbii ki, bu yanaşma absurddur. Azərbaycanda terror təhlükəsi şişirdilmiş iddiadır və əsası olmayan məsələdir. Amerikada terror təhlükəsi daha çoxdur, nəinki Azərbaycanda. Amma buna baxmayaraq, rəsmi Bakı heç vaxt vətəndaşlarının ABŞ-a getməsinə məhdudiyyət qoymayıb, xəbərdarlıq etməyib. Azərbaycan stabil ölkədir, bizdə terror hadisələri baş vermir. 

Sadəcə, terror aktlarına cəhdlər olub, onlar da tez zamanda zərərsizləşdirilib. Əgər Amerikanın çağırışı sərhədyanı bölgələrlə əlaqədar olsaydı, yəni deyilsəydi ki, cəbhə xəttinə yaxın rayonlara getməyin, bu, başa düşülərdi. Amma ümumi ölkə barədə bu cür xəbərdarlıq etmək çox yersizdir və ölkəmizdəki vəziyyəti bilməməkdir”.

İsmayıl,