Terrorçuların sonu gəlməyib

İŞİD-çilər hələ də saxta sənədlərlə sərhədlərdən keçirlər





Türkiyədən Suriyaya keçmək istəyən İŞİD terror qruplaşmasının azərbaycanlı üzvü saxlanılıb. O, YPG kürd dəstələri tərəfindən saxlanılıb. Silahlı əsl adının Razik Maksimov olduğunu bildirib.

Onun sözlərinə görə, İŞİD-ə 2015-ci ilin sentyabrında qoşulub və Suriyanın Rakka, Mayadin vilayətlərində, Əbu-Kəmal şəhərində yaşayıb. Terrorçu vurğulayıb ki, Suriya sərhədini keçmək çox asandır: "Orada çoxlu qaçaqmalçılar var. Onlar insanları pulla Türkiyəyə keçirirlər. Çünki orada sənədləri saxtalaşdırmaq imkanı var, sonra isə Avropaya getmək mümkündür”. Məlumdur ki, Yaxın Şərqdə koalisiya gücləri tərəfindən sıxışdırılan terrorçu şəbəkənin üzvləri müxtəlif yollarla bölgədən qaçmağa çalışırlar. Ekspertlər hesab edirlər ki, İŞİD-lə mübarizə sadəcə silahlıların məhv edilməsi ilə bitmir. Terrorçulara yardım edən şəbəkələrin də aşkar edilərək zərərsizləşdirilməsi olduqca vacibdir. 

Məsələni "Şərq”ə şərh edən ləğv edilmiş MTN-in sabiq nazir müavini Sülhəddin Əkbər deyib ki, Türkiyə hökuməti həm beynəlxalq səviyyədə, həm də ölkədaxili çərçivədə terrorizmlə mübarizədə xeyli iş görüb: 

"Son dövrdə bu istiqamətdə Türkiyədə ciddi addımlar atılıb. Xüsusən, sərhəd təhlükəsizliyinin möhkəmlənməsi, ölkə daxilində terrorçulara qarşı mübarizədə kompleks addımların atılması baxımından zəruri tədbirlər görülüb. Amma görünür, hələ yetərli deyil, müəyyən boşluqlar var. Terrorçularla işləyən şəbəkələr də məhz həmin boşluqlardan istifadə edərək İŞİD üzvlərini saxta sənədlərlə sərhəddən keçirirlər. Yaxşı olar ki, hər bir fakt yaxşı araşdırılsın və ona uyğun əks tədbirlər həyata keçirilsin. Daha rasional və effektiv tədbirlərə ehtiyac var”.

İsmayıl