Tibb müəssisələrinin akkreditasiyası vətəndaşların xeyrinə olacaq

Hər hansı tibb müəssisəsi istiqamətini dəyişdirib başqa istiqamətdə çalışmağa başlayırsa, mövcud şəraiti buna imkan verməlidir



Əhalinin yüksək keyfiyyətli xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququ təmin ediləcək.

Tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna edilən əlavəyə baxılıb.

Əlavəyə görə, akkreditasiyadan keçən tibb müəssisələrinə şəhadətnamə veriləcək.
Tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin hüquqi tələblərə uyğunluğunun müəyyən edilməsi üçün aparılacaq. Bu yolla əhalinin yüksək keyfiyyətli xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququ təmin ediləcək.

Tibb müəssisələrinin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edəcək. Tibb müəssisələrinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirəcək.

Tibb müəssisələrinin akkreditasiyasına görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə rüsum tutulacaq.

Dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Tibb müəssisələrinin akkreditasiyasından vətəndaşlar hansı üstünlüklər əldə edəcək?
«Medical Plaza» klinikasının həkimi Sevindik Arazov «Şərq»ə açıqlamasında qeyd etdi ki, bundan həm vətəndaşlar, həm də klinikalar, tibb müəssisələri faydalanacaq:

- Hazırda akkreditasiya məsələləri ilə Səhiyyə Nazirliyinin İctimai İslahatlar Mərkəzi məşğul olur. Akkreditasiya o deməkdir ki, lisenziya almış tibb müəssisəsinin fəaliyyəti yoxlanır – müəssisə lisenziyaya uyğun fəaliyyət göstərirmi, profilindən kənara çıxmayıb ki və sairə. Çünki bəzən tibb müəssisələrinin konkret bir istiqamət üzrə lisenziya aldığı, lakin sonradan istiqamətin dəyişdirilib başqa fəaliyyətlə məşğul olduqları üzə çıxır. 

Xidmət istiqaməti dəyişirsə, klinikanın şəraiti buna uyğun olmalıdır, avadanlıqlar da həmin istiqamətə uyğun gəlməlidir. Bundan başqa, müəssisənin havalandırma, işıqlandırma sistemi, tibbi avadanlıqların keyfiyyəti də yoxlanır. Fikrimcə, akkreditasiyadan keçmək üçün müvafiq qurum tərəfindən normativlər təqdim ediləcək və tibb müəssisələrinin həmin normativlərə cavab verib-vermədiyi yoxlanacaq.

 Hesab edirəm ki, bu yoxlanışlar vətəndaşlar üçün gərəklidir. Hər hansı tibb müəssisəsi istiqamətini dəyişdirib başqa istiqamətdə çalışmağa başlayırsa, mövcud şəraiti buna imkan verməlidir. Əhaliyə keyfiyyətli xidmət göstərilməlidir. Əgər tibb müəssisəsi xidmət sahələri artsın deyə, əvvəlki böyük, geniş otaqları kiçildib 1 otaqdan 2-3 kabinet təşkil edirsə, burada hansı keyfiyyətli xidmətdən söhbət gedə bilər?

Məlahət Rzayeva