Tibdə oxuyan tələbələr indi daha çox oxuyurlar

Həkim olmaq gələcəkdə həm də yaxşı yaşamaq deməkdir
Tibb Universitetinə daxil olan tələbələr artıq bu sənətin nüfuzunu dərk edirlər. Çünki bu gün dünyada sərhədlər açılıb, hər şey şəffaflaşıb

Azərbaycanda onkoloji və QİÇS xəstəliklərinin 3 dəfə artdığını vurğulayan millət vəkili Fazil Mustafa deyib ki, bunun səbəbi normal tibb təhsilinin olmaması və keyfiyyətsiz qida məhsulları ilə bağlıdır.
Onun fikrincə, Azərbaycanda lazımi şərait olmadığından tələbənin normal tibb təhsili alması və kadr kimi yetişməsi mümkün deyil: "Bunu etiraf etməliyik. Normal təhsil ala bilmədiyindən normal kadr da yetişmir. Ona görə də xaricdə təhsili zəruri edirlər. Buna diqqət yetirmək lazımdır və büdcədən bunun üçün lazımi səviyyədə vəsait ayrılmalıdır”.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, Azərbaycandakı tibb təhsilini Avropa ölkələrinin tibb təhsili ilə eyniləşdirmək doğru deyil. Bizim onlardan geri qalmağımızın bir sıra obyektiv səbəbləri var:

 "Əvvəla, Azərbaycan sovet təhsil sisteminin şinelindən çıxıb və müstəqillikdən sonra Qərb standartlarına uyğunlaşmaq istiqamətində real addımlar atır. Qərbdə tibb təhsili fərqli sistem üzərində qurulub. Digər səbəb isə ölkədə icbari tibbi sığorta sisteminin olmaması ilə əlaqəlidir. Rezidentura təhsili mövcud olsa da, Tibb Universitetini bitirən tələbələrin praktiki baxımdan peşəkar həkim kimi yetişməsi sahəsində bir sıra çatışmazlıqlar var. Nəzəri biliklərə yiyələnmiş hər tələbə, yalnız rezidenturadan sonra həkim kimi formalaşıb fəaliyyətə başlamalıdır. Burada icbari tibbi sığorta çox mühüm rol oynayır. Azərbaycanda tələbələrin bilik səviyyəsini yüksək qiymətləndirən tibb ekspertinin sözlərinə görə, problem tələbələrdə deyil, öyrətmə metodlarındadır".

Sovet dövrü ilə müqayisədə indiki tələbələrin daha çox oxuduğunu vurğulayan professor deyib ki, bugünkü gənclik həkim sənətinə olan tələbatın və bu sahənin prestijinin fərqindədir. Məhz bu səbəbdən də onlar əllərindən gəldiyi qədər çox oxuyub, öz biliklərini xarici ölkələrdə təkmilləşdirməyə üstünlük verirlər: "Əvvəlki kimi rüşvət və uşaqların tapşırılması kimi mənfi halların olmadığı danılmaz faktdır. Tibb Universitetində heç bir tələbə rüşvət verib qiymət aldığını iddia edə bilməz. 

Neçə illərdir imtahan prosesində tələbələrlə müəllimlərin ünsiyyəti sıfıra endirilib, hər şey elektron qaydada tənzimlənir.

Ümumiyyətlə, tibdə oxumaq, həkim olmaq gələcəkdə həm də yaxşı yaşamaq deməkdir. Tibb Universitetinə daxil olan tələbələr artıq bu sənətin nüfuzunu dərk edirlər. Çünki bu gün dünyada sərhədlər açılıb, hər şey şəffaflaşıb, Azərbaycandakı yaxşı həkimlərin gedib xaricdə işləyib, karyerasını uğurlu davam etdirməsi üçün şərait yaranıb. Bunun üçün isə təkcə lazım olan bilikdir. Burada kimisə aldatmaq olar, amma xaricdə bu, mümkün deyil. Güman edirəm ki, rezidentlərimiz bunu dərk edirlər və ona görə də, universitetə qəbul olanların əksəriyyəti yaxşı oxuyur. Əsas problem isə rezidenturadaxili öyrətmə sistemindədir”.

A.Qeybulla düşünür ki, Azərbaycanda həkimlərə olan inamın azalmasında məhz bu amillər dayanır. Belə ki, həkimlərə güvənc peşəkarlıqla bağlıdır. Eyni zamanda müəyyən neqativ halların səslənməsi, ictimailəşməsi də bəzən bu güvənci aşağı salır: 

"Azərbaycanda tibb təhsili Avropa sisteminə keçəndən sonra insanların fikirləri də dəyişəcək. Bunun üçün mütləq xüsusi icbari siğortanın tətbiqi vacibdir ki, həkimlə xəstə arasında inzibati yollarla aradan qaldırılması mümkün olmayan neqativ hallar tam aradan qalxa bilsin".

Şəymən