Nəsiman Yaqublu: “Tədbirlərin keçirilməsi üçün Gürcüstan hökumətinin rəsmi icazəsi lazımdır”
1918-ci il mayın 28-də Tiflis şəhərində ilk demokratik dövlətimizin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu. Şübhəsiz ki, həmin tarixə qədər milli azadlıq fədailəri kifayət qədər keşməkeşli, gərgin və maneələrlə dolu mübarizə yolu qət etmişdilər. Məlumdur ki, XIX əsrin sonundan etibarən mühüm proseslər Cənubi Qafqazın siyasi-ictimai baxımdan ən çox inkişaf etmiş şəhərlərindən biri olan Tiflisdə yaşanırdı.
İmperiyanın qaynar siyasi nöqtələrindən sayılan Tiflis müstəqil Azərbaycan arzusu ilə mübarizə aparanların da mərkəzi idi. 1918-ci ildə Zaqafqaziya Seyminin Osmanlı imperiyasına müharibə elan etməsi və azərbaycanlıların soyqırıma məruz qalması milləti xilas etmək üçün müstəqil dövlətin yaradılmasını zəruri edirdi. Bu səbəbdən həmin il mayın 26-da Zaqafqaziya Seyminin son iclası keçirildi. Mayın 28-də Seymin Azərbaycan Fraksiyasının keçirdiyi iclasda Müvəqqəti Milli Şuranın yaradılması haqqında qərar qəbul edildi. Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Milli Şuranın qərarı ilə 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi elan olundu və "İstiqlal Bəyannaməsi” qəbul edildi. Elə həmin gün Milli Şura Fətəli Xan Xoyskinin başçılığı ilə müvəqqəti hökumətin tərkibini təsdiq etdi. Mayın 30-u Xoyski radio teleqrafla AXC-nin yaradılmasını xarici dövlətlərin başçılarına bildirdi. Cümhuriyyətin xarici siyasətdə ilk uğurlu addımı 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batumda Sülh və dostluq müqaviləsinin imzalanması oldu. Bu müqaviləyə əsasən, Osmanlı dövləti ilk olaraq Azərbaycanı müstəqil dövlət kimi tanıdı və hərbi yardım göstərməyi öhdəsinə götürdü. Batum müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq Rəsulzadə və Məmməd Həsən Hacınski Osmanlı dövlətindən hərbi yardım istədilər. 1918-ci il iyunun əvvəllərində Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Gəncəyə gəldi. Bir müddət sonra, konkret olaraq iyunun 16-da Milli Şura Gəncəyə köçdü.
Göründüyü kimi Azərbaycan Xalq Cümhuriyyətinin müəyyən bir dövrü Tiflis şəhərində cərəyan edib. Bu baxımdan ictimaiyyət nümayəndələri hesab edirlər ki, Cümhuriyyətin 100 illik yubileyi çərçivəsində Tiflis şəhərində də bir sıra tədbirlər keçirmək zəruridir.
Təkliflə bağlı "Şərq”ə danışan Rəsulzadə Araşdırmalar Mərkəzinin rəhbəri, tarixçi-alim Nəsiman Yaqublu deyib ki, Tiflis şəhərində hansısa tədbirlərin keçirilməsi üçün Gürcüstan hökumətinin rəsmi icazəsi lazımdır. Alim hesab edir ki, belə bir məsələdən dolayı qonşu dövlət heç vaxt problem yaratmaz:
"Tiflisdə Qafqaz Canişinliyinin binası yerləşir. Azərbaycan Xalq Cümhuriyyətinin "İstiqlaliyyət Bəyannaməsi” həmin binada elan olunub. Binanın üzərinə vurulan lövhədə "burada Azərbaycan istiqlaliyyəti elan edilib” yazısı var. Məncə, həmin lövhəni dəyişmək, bir qədər də yaxşılaşdırmaq mümkündür. Eyni zamanda binanın ətrafında gözəl səliqə-səhman yaratmaq, müəyyən təmir işləri aparmaq da olar”. Tarixçi bildirib ki, Tiflis tariximizin çox önəmli və mühüm bir dövrünə şahidlik edib: "Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin iki böyük şəxsiyyətinin - Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarları var. Mən Tiflisin botanika bağında yerləşən həmin məzarları ziyarət etmişəm. Məzarlar o qədər yüksəkdə yerləşir ki, ora çıxıb-düşmək çox məşəqqətlidir. Həmin məzarları bir qədər aşağı düşürmək, botanika bağının girişinə daşımaq yaxşı olardı. İnsanların rahat ziyarəti üçün bunu etmək vacib məsələdir. İndiki halda yaşlı bir adamın nəqliyyatsız ora qalxması mümkün deyil”.
Alim bir sıra mühüm yerlərə xatirə lövhəsinin asılmasının zəruri olduğunu söyləyib: "Fətəli xan Xoyski teatr binasının yanında qətl edilib. Həmin yerə bir lövhə asaraq orada böyük şəxsiyyətimizin erməni qatil tərəfindən öldürüldüyü yazılmalıdır. Eyni zamanda Həsən bəy Ağayevin öldürüldüyü yerə lövhə asılmalıdır. Onların həyatına son qoyan ermənilərin adları lövhədə qeyd olunmalıdır ki, insanlar qatil erməniləri yaxından tanısınlar. Bunlar çox vacib məqamlardır. Xeyli iş görmək mümkündür, amma hələlik heç bir hərəkət yoxdur”.
İsmayıl