"Tramp Napoleon və Hitlerin səhvlərini təkrarlayır" - Qırmızı xətti keçir

Tofiq Abbasov: "Rusiyanı qorxutmaq mümkünsüzdür. Moskvanı hədələməklə yola gətirmək olmaz. Amerika sanksiyalarla bağlı hədləri aşıb”




"Rusiyanı qorxutmaq mümkünsüzdür. Bütün tarixi müharibələrin nəticələri, problemlərin müqəddəratı göstərir ki, Rusiyanı hədələməklə yola gətirmək olmaz”.

Bu barədə "Sherg.az”a Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan danışarkən politoloq Tofiq Abbasov bildirib. 

O diqqətə çatdırıb ki, Amerika prezidenti Donald Tramp Napoleon və Hitlerin buraxdığı səhvləri təkrarlayır:

"Düzdür, elə məsələlər olub ki, ruslar uduzublar. Məsələn, Osmanlı imperiyası ilə bəzi döyüşlərdə onlar məğlub olub. Lakin indiki şəraitdə hədələrin, təzyiqlərin mahiyyəti itir. İnteqrasiya dövründən danışırıqsa, ağır çəkili dövlətlər, böyük geosiyasi yeri olan məmləkətlər özləri bir qədər sanbal sahibi olmalıdır. 

Bu ölkələr dünya geosiyasi səhnəsində gedişləri müəyyən edirlər. Onların əzələ nümayişi ilə ünsiyyət qurması özlərinə baş ucalığı gətirmir.

Onsuz da indi risklərin sayı artıqdır. Münasibətləri elə qurmaq lazımdır ki, bu riskli dönəmdə məyusedici hallar yaşanmasın. 

Rusiya ilə bağlı ABŞ-ın indiki siyasəti təqdir ediləsi deyil. Ola bilər, Rusiyanın problemləri var. Amma bunlar heç bir dövlətə əsas vermir ki, Rusiya ilə mənfi tonda münasibətlər qursun. Gedişat onu göstərir ki, Böyük Britaniya kimi iri dövlətlər də prosesə qarışır.

Hesab edirəm ki, Amerika sanksiyalarla bağlı hədləri aşıb. Belə çıxır ki, dünya nizamını qoruyacaq ölkələrin arasında ixtilaflar yaşanırsa, deməli, nəticələr mənfi olacaq. Sadə bir vətəndaş kimi bunu deyə bilərəm”.

Aysel Aslan