Türkiyə ABŞ-la bağlı siyasətində necə davranmalı ? - ŞƏRH





"Bir azərbaycanlı olaraq Türkiyə ilə bağlı prosesləri çox həyacanla izləyirik. Əlbəttə, Türkiyənin haqlı olduğuna tam əminik. Qətiyyən Ankara geri addım atsın demirik. Lakin bu problemdən çıxış yolu güc işlətmək yox, Ağ Evlə ortaq dil tapmaq, danışıqlar müstəvisində məsələni çözmək, münasibətləri bərpa etməkdir”.

Bunu "Sherg.az”a politoloq Elnur Soltan deyib.

Gərginləşən ABŞ-Türkiyə münasibətlərini dəyərləndirən siyasi şərhçi bildirib ki, ABŞ kifayət qədər güclü dövlətdir və reallıq odur ki, həm siyasi, həm də hərbi cəhətdən modern dünyada Amerikaya alternativ ikinci bir güc yoxdur:

"Bəlkə, 20 ildən sonra Çin Vaşinqtona alternativ olacaq. Amma Çin insan haqları və siyasi rejim baxımından Amerika ilə müqayisədə geri qalır. İkinci Dünya Müharibəsindən sonra Türkiyənin inkişafının əsas səbəbi Qərb diplomatiyasına uyğun hərəkət etməsidir. Ankaranın Amerikanın mərkəzində dayandığı Qərb blokunda – NATO-da yer alması Türkiyənin tərəqqisinə təkan verdi. Bu baxımdan müttəfiq ABŞ-la münasibətləri tamamilə korlamaq məqsədəuyğun deyil. 

Başqa ölkələr çox şey vəd edə bilərlər. Amma bugün Rusiya, İran və Çin Amerikanın Türkiyəyə verdiyini təmin edəcək gücdə, potensialda deyillər. Adını çəkdiyim bu ölkələr ABŞ texnologiyasından və bazarından məhrumdurlar. Bir çox kriteriyalara görə, hər üç ölkənin ciddi problemləri mövcuddur”.

İsmayıl