Türkiyə PKK-ya qarşı İranla birləşəcək

Terror təşkilatı göz açmağa imkan tapmayacaq
Bölgədə bir sıra hadisələr Türkiyə və İranı ortaq hərəkət etməyə vadar edib


Türkiyə və İran İraqın şimalında PKK terror təşkilatına qarşı birgə hərbi əməliyyatların keçirilməsi barədə razılığa gəliblər. Türkiyə həm Suriya, həm də İraqda terror təşkilatı PKK-ya göz açmağa imkan vermir. Lakin terrorla mübarizə əməliyyatlarında bölgədəki güclərlə əməkdaşlıq etmək də çox əhəmiyyətlidir. Ona görə də Türkiyə İranla birgə PKK yuvası sayılan Qəndilə qarşı birgə əməliyyat keçirməyi daha məqsədəuyğun görür.

Terrorla mübarizədə qarşılıqlı kəşfiyyat məlumatlarının paylaşılması ilə bağlı əməkdaşlıq zirvə nöqtəsindədir. Hələlik əməliyyat üçün konkret vaxt verilməsə də, ən uyğun zamanda birgə əməliyyatın aparılacağını rəsmilər qətiyyətlə ifadə edirlər. 

Terrorçulara qarşı birgə addım atılmasını "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan bildirib ki, bölgədə bir sıra hadisələr Türkiyə və İranı ortaq hərəkət etməyə vadar edib. Onun sözlərinə görə, Suriya və İraqın ərazi bütövlüyünün dəstəklənməsində, mərkəzi Bağdad hakimiyyətinə yardım edilməsində birgə əməkdaşlıq mümkündür: 

"Terrorçu PKK qruplaşması hər iki dövlətin mövcudluğunu, bu ölkələrdə təhlükəsizliyi təhdid edir. Bu kimi amillər Ankara və Tehranın birgə fəaliyyət göstərməsini zəruri edir.

Xatırladım ki, cari ilin avqustunda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar iranlı həmkarı Məhəmmədhüseyn Baqirini Ankarada qəbul etdi. Görüşdə terrorçuluğa qarşı mübarizə, bölgədəki vəziyyət, qarşılıqlı müdafiə istiqamətində əlaqələr və sərhəd bölgələrində əməkdaşlığa dair məsələlər müzakirə edildi. İran Silahlı Qüvvələri Baş Qərargah rəisi, briqada generalı Məhəmmədhüseyn Baqiri Türkiyədə üç gün səfərdə oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Nurettin Canikli və MİT müşaviri Hakan Fidan da Baqiri ilə görüşdü. İran generalını səfərdə ölkənin xarici işlər nazirinin müavini İbrahim Rahimpur, İran İnqilab Keşikçiləri Qvardiyası Quru Qoşunları komandanı, general Məhəmməd Haqpur və başqaları müşayiət edirdilər. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar isə oktyabr ayında Tehranda səfərdə olub. Ötən ay isə Türkiyə Prezidenti Ərdoğan Tehrana gedib. Bu qarşılıqlı səfərlər zamanı terrorçuluğa qarşı birgə mübarizə məsələləri müzakirə edilib”.

Ekspert xatırladıb ki, bir zamanlar İran tərəfi terrorçu PKK qruplaşmasından, eləcə də İraqda separatçılıq edən kürd siyasi qüvvələrindən Türkiyəyə qarşı istifadə edib. Ancaq indi onlardan biri-birinə qarşı istifadə zamanı deyil: 

"Tərəflər terrorçuların təkcə ölkələrini deyil, həm də bölgəni təhdid etdiyinin fərqindədirlər. Bu baxımdan onların terrorçulara qarşı birgə mübarizədən başqa yolları yoxdur. İstər PKK, istərsə də onun Suriyadakı qolları - PYD və YPG-dən biri-birinə qarşı istifadə edilməsi hər iki ölkə üçün böyük təhlükə deməkdir. Bu baxımdan iki ölkə də səmimi olmağa məhkumdur”.

İsmayıl Qocayev