"Türkiyə bölgədə müsəlmanların müdafiəçisi kimi çıxış etmək istəyir”.
Bunu "Sherg.az”a İsrail və Türkiyə arasında yaranmış gərginliyin səbəb və nəticələrini izah edərkən millət vəkili Rasim Musabəyov söyləyib.
O diqqətə çatdırıb ki, Türkiyə Yaxın Şərqdəki əraziləri Osmanlı imperiyasının dönəmindən bəri idarə etməyə alışıb:

"Türkiyənin müsəlman ölkələrini qorumaq cəhdləri İsraillə münasibətlərin korlanmasına səbəb olur. İki böyük güc arasında belə gərginliyin baş verməsi təəssüf doğrurur".
R.Musabəyov düşünür ki, Türkiyə-İsrail gərginliyi davam etməyəcək:
"Ola bilər, hər iki ölkə rəhbərləri atmaca atsınlar. Lakin bu anlaşılmazlığın güclənəcəyini güman etmirəm”.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə Türkiyə və İsrail gərginliyinin Azərbaycan ictimaiyyətində təəssüf doğurduğunu vurğulayıb:"Çünki həm Türkiyə, həm də İsrail Azərbaycanla strateji əməkdaşlığı olan ölkələrdir. Belə məqamda elə mövqe tutmalıyıq ki, problemlərin həllində yardımçı olaq”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Adanada tərəfdarlarının qarşısında çıxışı zamanı İsrailin baş naziri Benyamin Netanyahunu terrorçu adlandırıb. Ərdoğanın bu sərt çıxışına Türkiyə liderinin ötən həftənin cümə günü Qəza və İsrail arasında baş verən və çoxsaylı insan tələfatına gətirib çıxaran qanlı toqquşma ilə bağlı İsrailə keçdiyi "mənəviyyat dərsi"nin Netanyahu tərəfindən rədd edilməsi səbəb olub. B.Netanyahunun da prezidentə ittiham dolu cavabı gecikməyib.
O vurğulayıb ki, illərdir sivil vətəndaşları bombardman edən bir ölkə başçısının kiməsə "mənəviyyat dərsi" keçməsi qəbuledilməzdir.
Aysel Aslan