Aqil Әləsgər: "Türkiyə terrorçuların nəzarət etdiyi bölgədə Amerikanın planlarına ciddi zərbə vurdu. Bu baxımdan, cəzanın daha da artacağı gözlənilir. Çünki Amerika planlarının heç zaman pozulmasını xoşlamır"
"Əslində Türkiyədə terror olacağı gözlənilən idi”.
Bunu "Sherg.az”a "Yeni çağ” qəzetinin baş redaktoru Aqil Әləsgər deyib.
O bildirib ki, bu hadisə ilə Amerikanın Türkiyə ilə qarşılıqlı viza qalmaqalı arasında ciddi bağlantı var:

"Türkiyə artıq əvvəlki Türkiyə olmadığına və Amerikanın hər istəyinə "hə” demədiyinə görə, Qərb tərəfindən belə cəzalandırılır. Türkiyə terrorçuların nəzarət etdiyi bölgədə Amerikanın planlarına ciddi zərbə vurdu. Bu baxımdan, cəzanın daha da artacağı gözlənilir. Çünki Amerika planlarının heç zaman pozulmasını xoşlamır.
Hazırda terrorçuların nəzarət etdiyi bölgəyə bütün dizayn Amerika tərəfindən verilir. Oradakı kürd silahlıları ABŞ himayəsindədir. Türkiyə də həmin bölgədə hökm sürmək istədiyi üçün terrorla cəzalandırılır”.
Qeyd edək ki, terror oktyabrın 17-si Türkiyənin Mersin şəhərində törədilib. Zibil qutusunda quraşdırılan partlayıcı polis maşını həmin hissədən keçərkən məsafədən işə salınıb. Polis avtomobilinin partladılması nəticəsində yaralananların sayı 18 nəfərə çatıb.
Aysel Aslan