"Türkmən qazı Xəzərin dibi ilə Avropaya çatdırılacaq ? - MÜZAKİRƏ

Elxan Şahinoğlu: "Prezidentlərin görüşünün əsas məqsədi isə Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəql olunmasıdır"
"Türkmənistan Azərbaycana qardaş ölkədir”.
Bunu "Sherg.az”a Türkmənistan və Azərbaycan prezidentlərinin təkbətək görüşlərinin nəticələrini şərh edərkən politoloq Elxan Şahinoğlu deyib. 
O diqqətə çatdırıb ki, bəzi üçüncü dövlətlər Türkmənistan və Azərbaycanın arasını vurmağa çalışırlar:
"Amma son illər iki dövlətin liderləri tez-tez görüşür və fikir mübadilələri aparırlar. Narazılığın mənbəyi olan Xəzər dənizindəki "Kəpəz” yatağı ətrafında da müzakirələr aparılır. 90-cı illərdə təklif olundu ki, həmin yataq birlikdə işlədilsin, gəlirlər də bölünsün. Bu fikir hələ də qüvvədə qalır.
Prezidentlərin görüşünün əsas məqsədi isə Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəql olunmasıdır. Türkmənistan öz qazını Avropaya satmağa hazır olduğunu, lakin bunu sərhəddən həyata keçirilməsini irəli sürür. Bu isə mümkün deyil. Xəzərin dibi ilə boru xətti tikilməlidir. Rusiya isə Xəzərin hüquqi statusunu bəhanə edərək buna mane olur. Əslində buna rəsmi Moskva qarışmalı deyil. Avropa və Türkiyə də bu məsələdə Türkmənistana dəstəyini artırarsa, o öz mövqeyini rahat ortaya qoya bilər. Çünki Türkmənistanı Rusiya ilə bağlayan boru xəttindən asılılığı ona problemlər yaradır. Rusiya kefi istəyəndə o boru xəttini işlədib, qazını alır, kefi istəməyəndə borunu bağlayır və Türkmənistanın iqtisadi vəziyyəti pisləşir. Ona görə, Türkmənistan öz qazını dünya bazarına çıxarmağa çalışmalıdır.
Türkiyə və Avropa da bu məsələdə mövqeyini ortaya qoyub ki, Türkmənistan öz qazını Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən TAP və TANAP marşrutları ilə Avropaya çıxarsın. Bu, Azərbaycanın da xeyrinədir ki, bölgədə rolu artsın. Türkmənistanın qoşulması ilə Cənub Qaz Dəhlizinin də əhəmiyyəti artacaq. Ona görə, prezidentlərin əsas müzakirə mövzusu türkmən qazının Azərbaycan üzərindən, Xəzərin dibi ilə Avropaya çatdırılması müzakirə mövzularından ola bilər".
Qeyd edək ki, Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun avqustun 8-də rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olub.
Aysel Aslan