Tütün və spirtli içkilərin qiyməti bahalaşacaq

“Amma ümid edək ki, bu dəyişiklik digər məhsullara şamil olunmayacaq”
İqtisadçı-ekspert dəstəklədi, bu insanların dolanışığına birbaşa təsir göstərməyəcək


Tütün və spirtli içkilərin qiyməti qalxa bilər. Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. Komitə sədrinin sözlərinə görə, son günlər aksiz vergisi dərəcələrinin dəyişdirilməsi müzakirə edilir. A.Əliyev bildirib ki, hazırda Azərbaycanda aksiz vergisi dərəcəsi xeyli aşağıdır:

"Aksiz vergisinin tətbiq edildiyi tütün və alkoqollu içkilər ilkin zəruri məhsullar deyil. Tütün və spirtli içkilərin idxalı məsələsində ilk növbədə, əhalinin sağlamlığını düşünməliyik. Həmçinin, Azərbaycanda bu gün tütün və alkoqollu içkilər istehsal edən kifayət qədər müəssisə var”. 

Məsələni "Şərq”ə dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, dünyada çox yayılmış bir praktika var. Əgər hansısa ölkədə büdcəyə daxilolmalar azalırsa, tütünün və spirtli içkilərin vergi, gömrük və ya aksiz rüsumları qaldırılır: 

"Bu, normal və qəbulediləndir. Türkiyədə bir qutu siqaret satılarkən onun qiymətinin təqribən 65-70 faizi vergi və rüsumlar olur. Ona görə də qardaş ölkədə siqaretin və spirtli içkilərin qiyməti bahadır. Sağlamlıqla bağlı deyilən fikirlərin məntiqi əsası var. 

Amma sual yaranır ki, bugünə qədər Gömrük Komitəsi insanların sağlamlığı ilə maraqlanmayıb? Məntiqsizlik həm də ondan ibarətdir ki, vurğulandığı kimi daxili istehsalın olduğu şəraitdə bazara daha ucuz tütün məmulatları və spirtli içkilər çıxacaq. Belə şəraitdə insanların sağlamlığını qorumaq mümkün olmayacaq.

 Əsasən, ilkin tələbat malları hesab olunmayan məhsulun vergi və digər rüsumları artırılır. Lakin tütün və spirtli içkilərin qiymətlərinin artırılması büdcəyə əlavə vəsait daxil etsə də, insanların dolanışığına birbaşa təsir göstərmir. Ümid edək ki, bu dəyişiklik digər məhsullara şamil olunmayacaq”.

İsmayıl