Ərdoğan Tehran görüşünə əliboş getmir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də İrana səfər edəcək. Dövlət başçısı səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani ilə bir araya gələcək.
"Türkiyə-Rusiya-İran" üçtərəfli sammiti İran Prezidenti Həsən Ruhaninin ev sahibliyi ilə reallaşacaq. Görüşdə İdlib məsələsi başda olmaqla Suriyadakı son vəziyyətin müzakirə olunması gözlənilir. Ekspertlərin sözlərinə görə, Tehran Sammiti mürəkkəb keçəcək və tərəflərin razılığa gəlməsi nisbətən çətin olacaq.
Planlaşdırılan Tehran görüşünü "Şərq"ə dəyərləndirən politoloq Natiq Miri bildirib ki, Tehranda keçiriləcək üçlü zirvə özündə kritik müzakirələri ehtiva edəcək. Hazırda İdlibdə gedən əməliyyatlar da görüşün çətin keçəcəyindən xəbər verir:
"Şərqi Qutada və digər bölgələrdə mövcud olan "Heyət-ül Şam" terrorçularını ərazidən çıxarmağa razılaşanda həmin döyüşçülərin silahları ilə birlikdə məhz İdlibə göndərilməsi razılaşdırılmışdı. Təbii ki, bu, məqsədsiz deyildi. Bu gün İdlibə hücum bəhanəsi məhz həmin terror qruplaşmasının həm Suriya dövlətinə, həm də Hmeymimdə yerləşən rus hərbi bazasına təhlükə yaratması ilə əsaslandırılır. Yəni bunların hamısı əvvəlcədən süni bəhanə olaraq yaradılmış vasitələrdir. İdlibdə bu terror qruplaşmasından gələn təhlükəni dəf etmək üçün əməliyyatın vacibliyi hər üç ölkə tərəfindən vurğulanır. Ayrıca Tehran Sammiti öncəsində hava bombardmanının başlanması da Rusiyanın danışıqlar masasında əlinin güclənməsi üçün edilən addım kimi dəyərləndirilir.
O baxımdan Tehran Sammitinin çox çətin keçəcəyi şübhəsizdir. Ayrıca bir şeyi də nəzərə almaq lazımdır ki, dünya səviyyəsində bu gün İdlib əməliyyatının qarşısını ala biləcək yeganə ölkə Türkiyədir. Astana prosesinin təminatçı ölkələrindən biri məhz Türkiyədir.
Hazırda Suriyada müharibənin müəyyən mənada dayanmasında, İŞİD-in və PKK-nın zəifləməsində Türkiyənin böyük rolu var. Bu baxımdan Rusiya və İran Türkiyə ilə razılaşmaq məcburiyyətini hiss edirlər. Əgər Türkiyə İdlib əməliyyatında gözardı edilərsə, Astana prosesi iflasa uğrayar. Moskva və Tehran bunun fərqindədir".
Analitik bəyan edib ki, Ərdoğan Tehran görüşünə əliboş getmir:
"Türkiyə prezidentinin Rusiya və İran qarşısında qaldıracağı çox ciddi arqumentlər mövcuddur. PKK terrorçuları ABŞ-ın dəstəyi ilə Suriyanın ən əhəmiyyətli torpaqlarına yiyələniblər. Terrorçular həmin ərazilərdə olan neft bölgələrinə nəzarət edirlər. Əgər strateji əhəmiyyətdən söhbət gedirsə, onda Suriya rejiminin ordusu İdlib əvəzinə, PKK və PYD güclərinə qarşı vuruşmalıdır. Çünki bölgə üçün ən böyük təhlükə məhz kürd terrorçulardır".
İsmayıl