"Uşaqların Aşura mərasimlərində iştirak etməməsi daha məqsədəuyğundur" - Sosioloq






"Aşura gününün uşaqlara təbliğ edilməsi ənənəsi uzun illərdir davam edir”.

Bunu "Sherg.az”a Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin "Aşura” günü uşaqların məscidlərə gəlməməsi barədə çağırışına münasibət bildirərkən sosioloq Əhməd Qəşəmoğlu söyləyib. 

Onun fikrincə, son vaxtlar sinə vurmaq, baş yarmaq, qan çıxarmaq adı ilə uşaqlara xəsarət yetirildiyindən onların "Aşura” mərasimlərində iştirak etməməsi daha məqsədəuyğundur:

"Biz İslam dininin mənəvi tərəflərindən bəhrələnməliyik. Cəhalət, fanatizm isə cəmiyyətdə yayılmamalı, uşaqların beyninə həkk edilməməlidir. Çox təəssüf ki, "Aşura” gününün keçirilməsində cəhalət elementləri qalır. Uşaqların mənəvi inkişafı, təhlükəsizliyi üçün belə məqamlar mənfi effekt verir. 

Ona görə, gələcəkdə elə model tətbiq etmək lazımdır ki, cəhalət uşaqlara təbliğ edilməsin. Bununla yanaşı, "Aşura” günü kimi dini mərasimlərin həyata keçirilməsində fanatizm elementlərini də aradan qaldıraq. Qeyd etdiyim kimi uşaqlara dinin mənəvi, saf, öyrədici məqamlarını təbliğ etməliyik.

Aidiyyəti qurumların sözügedən çağırışını dəstəkləyirəm. Çünki "Aşura” günündə İslam dininin mənəvi tərəfləri önə çəkilməyincə, müsbət addımlar gözləyə bilmərik”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Lənkəran Şəhər və Masallı Rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirələrdə "Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda müzakirələr aparılıb. Tədbirlərdə DQİDK-nin, QMİ-nin məsul işçiləri, dini icma sədrləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Şeyxülislam Allahşükür Paşazadə "Aşura” günü uşaqların məscidlərə gəlməsinin məqsədəuyğun olmadığını söyləyib.

Aysel Aslan