Valideynlər, DİQQƏT ! Uşaqları evdən qaçıran SƏBƏBLƏR ...- Necə davranmalı ?

Günel Səfərova: “Guya uşağı döyməklə valideyn nəyə nail olur ki? Bəlkə də, həmin uşaq həyatını itirə, pis vərdişlər qazana bilər”
Azərbaycanda yeniyetmə anası tərəfindən döyüldükdən sonra itkin düşüb. 2004-cü il təvəllüdlü İsmayılov Emil Ramil oğlu mayın 22-dən yoxa çıxıb. Onun itkin düşməsinə səbəb anası tərəfindən döyülərək evdən qovulması olub.
Emilin atası Ramil İsmayılovun sözlərinə görə, o, 11 ildir ki, həyat yoldaşından ayrılıb:
"Oğlum mayın 22-si anası tərəfindən döyülüb, səbəb isə dərslərini yaxşı oxumaması olub. Anası onu döyərək qovub və bildirib ki, get atanın yanına. Emil evdən çıxıb, gecə qayıdarkən anası onu evə buraxmayıb və uşaq qapıda gecələyib”.
Hadisənin kifayət qədər üzücü olduğunu deyən "Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova "Sherg.az”a açıqlamasında bu cür problemlərin baş verməməsi üçün müəyyən təkliflər səsləndirib:
"Yeni sərəncama əsasən məktəb, müəllim və valideynlərdən ibarət birlik yaratmaq nəzərdə tutulur. Beləliklə, valideynlər məktəb həyatında nə baş verdiyindən, uşaqların nə işlə məşğul olmasından məlumatlı olacaq. Amma əsas məsələ odur ki, valideyn uşağa necə tərbiyə verir və ona nəyi aşılayır. 2004-cü təvəllüdlü uşaq üçün bu cəmiyyət təhlükəsiz deyil. Guya uşağı döyməklə valideyn nəyə nail olur ki? Bəlkə də, həmin uşaq həyatını itirə, pis vərdişlər qazana bilər”.
İcraçı direktorun fikrincə, cəmiyyətdə zorakılığın əsas səbəblərindən biri gərgin və stressli yaşam tərzinin olmasıdır:
"Təəsüf ki, insanlarımız zorakılığı tərbiyənin bir növü kimi qəbul edirlər. Bunu yalnız valideynlər etmir, digərləri də uşaqla kobud rəfat edirlər. Hər zaman deyirəm ki, uşağa pis sözlər deyib, sonra ondan yaxşı vətəndaş olmasını gözləməli deyilik. Əslində inzibatı xətalar məcəlləsinə görə, valideyni məsuliyyətə cəlb etmək olar. Amma valideyn məsuliyyətə yalnız cərimə ilə cəlb olunacaq. İllərdir ki, valideyn məsuliyyətinin artırılması ilə bağlı qanunvericilikdə təbliğat aparırırq. Konkret olaraq qəbul edilmiş qərar yoxdur. 
Baş verən hadisədə həm valideynin, həm məktəbin, həm də toplumun rolu var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir təklif hazırlayıb verdik. Bu təklif ondan ibarət idi ki, məhəllələrdə sosial işçilər yetişdirsinlər. Necə ki, Amerikada və digər ölkələrdə uşağa olunan rəfatla bağlı hər ailədə qiymətləndirmə aparırlar. Bizdə də belə qiymətləndirmələr aparılsa, nəyəsə nail ola bilərik. Əks halda itən uşaqlarımız çox olacaq”.
Yeganə Bayramova