Vaşinqton birliyi pozmağa çalışır

Türkiyə-İran-Rusiya tandemi ABŞ-ı qəzəbləndirib



"ABŞ-ın Türkiyə vətəndaşları üçün vizaların verilməsini dayandırması narahatlıq doğurur”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə görüşü zamanı deyib. Ərdoğan bildirib ki, Türkiyə demokratik ölkədir və burada bütün qərarlar qanun çərçivəsində verilir.

Xatırladaq ki, Vaşinqton bir neçə gün əvvəl Amerikanın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi ilə bağlı Türkiyə vətəndaşlarına vizanın verilməsini dayandırmışdı. Buna cavab olaraq, Türkiyə də ABŞ vətəndaşlarına qeyri-miqrasiya vizalarının verilməsini dayandırıb. Ankara hökuməti diplomatın həbsini onun FETÖ hərəkatı ilə əməkdaşlığı ilə əlaqələndirib. Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül də ABŞ səfiri Con Bassın görüş barədə təklifini rədd edib.

Türkiyədən ABŞ-a sərt cavab: "Sizdənmi icazə alacaqdıq?”

Türkiyə Baş naziri Binəli Yıldırım ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi viza qadağasına münasibət bildirib. Baş nazir deyib ki, Türkiyə bir qəbilə dövləti deyil: "Bizə qarşı edilənin cavabını misli ilə verəcəyik. Viza qadağasının səbəbini, başlarının altındakı əsl niyyəti gizləmədilər. Nə olub, FETÖ işi ilə bağlı ABŞ diplomatik korpusunda çalışan bəzi şəxslərlə bağlı hüquqi prosedur başlayıb. FETÖ suçlusunu həbs etmək üçün, sizdənmi izacə alacaqdıq? Siz mərkəz bankımızın baş direktor köməkçisini həbs edərkən bizdən soruşdunuzmu, icazə aldınızmı? 15 iyul çevriliş cəhdinin başında duran Fətullah Güləni niyə ölkənizdə bəsləyirsiniz? Bu, müttəfiqliyə yaraşırmı? ABŞ administrasiyası iyulun 15-də və daha sonra baş verənlərə çox diqqət yetirməlidir. Niyə Türkiyədə xalqın 80 faizdən çoxu ABŞ-ı sevmir? Bunun nəticələrini düşünmək lazımdır. Müttəfiqliyimiz davam edərsə, ABŞ terror təşkilatı PYD-dən imtina etməlidir. Ölkə emosional qərarlarla idarə olunmur”.

ABŞ Türkiyəyə qarşı hərəkətə keçdi...

ABŞ yenidən Suriyanın İdlib şəhərindəki "Əl-Qaidə” terror təşkilatına bağlı olan qruplara dəstək verməyə başlayıb. Amerika hökuməti Nüsra cəbhəsinə 2 aylıq fasilədən sonra maddi yardımlar göndərib. Vaşinqtonun məhz Türk Silahlı Qüvvələrinin Rusiya ilə ortaq başlatdığı İdlib əməliyyatının ardınca yardım göndərməsi xüsusi diqqət çəkib. Ekspertlər bunu qərəzli atılmış addım kimi dəyərləndiriblər.

"Türkiyə ABŞ-la müqavilədən çıxsa, fəlakətli nəticələr olacaq”

Rusiyalı şərqşünas Sergey Demidenko Ankara-Vaşinqton arasındakı ixtilaflardan danışarkən deyib ki, ABŞ və Türkiyə arasındakı problemlər iki ölkə arasındakı müqavilələrə xitam verilməsinə səbəb olmayacaq. Demidenkonun sözlərinə görə, Türkiyə ABŞ-la müqavilələrdən çıxarsa, bu, ölkənin iqtisadiyyatı və müdafiə qabiliyyəti üçün fəlakətli nəticələrə yol açacaq: "Daha çox millətçiliyə əsaslanan bir səbəb var. Türkiyə mövcud şəraitdə tamamilə müstəqil siyasət aparmağa çalışaraq özünü, hərəkətlərini Vaşinqton və Brüsselə uyğun olmayan bir şəkildə super güc olaraq göstərir”.

"Ankara-Moskva-Tehran birliyi ABŞ üçün kabusdur”

Türkiyə və ABŞ arasında gərginlik Rusiyada daha diqqətlə izlənilir. Rus ekspertlərə görə, Vaşinqton-Ankara qarşıdurmasının əsas səbəblərindən biri məhz son zamanlar Rusiya və Türkiyə arasındakı yaxınlaşmadır. "Rossiya Today” kanalının köşə yazarı İqor Molotov Türkiyənin gerçək müstəqillik yolunda addımlar ataraq Yaxın Şərqin əsas gücü halına gəldiyini bildirib. Onun sözlərinə görə, məhz bu məqam ABŞ tərəfindən xoş qarşılana bilməz: "ABŞ Prezidenti Donald Trampın Ərdoğanla görüşdən sonra söhbətin yaxşı keçdiyini deyərək öyündüyünü hər kəs çox yaxşı xatırlayır. Ərdoğan o görüşdən çıxanda yorğun görünürdü. Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra isə tamamilə fərqli mənzərəni izlədik. Hər iki lider Yaxın Şərqin yeni tarixini açdı.

 Bu mənzərəni seyr etməkdən doymaq olmazdı: diqqətli Putin və güclü Ərdoğan. Donaldın Ərdoğanla razılaşa bilmədiyi aydın olmuşdu”. Molotovun sözlərinə görə, Türkiyə və ABŞ arasında viza probleminin əsas səbəbi NATO tərəfdarı olan güclərin təşkil etdiyi 15 iyul dövlət çevrilişinə cəhddə ABŞ-ın də barmağı olduğuna dair güclü dəlillərin olmasıdır. Müəllif gizli xidmətlərin hədəfində olan və döyüş helikopterlerinin hücumuna uğrayan Ərdoğana Putinin kömək əli uzatdığını xatırladıb: "Çevriliş cəhdinin arxasında ABŞ-ın olduğu uzun müddətdir ifadə edilir. Vaşinqton Ərdoğanın müstəqilliyindən, həmçinin Rusiya ilə hərbi və siyasi ittifaqdan çox narahatdır. Müəllifin fikrincə, gözümüzün qarşısında yeni və görünməmiş bir Türkiyə doğulur: "Türkiyə tezliklə bölgədə əsas müzakirəçi tərəf olacaq. Türkiyə müsəlman Şərqin adından danışa bilər. Ərdoğan türk torpaqlarını bir araya gətirən şəxs kimi tarixə keçəcək. Ankara-Moskva-Tehran konfiqurasiyası ABŞ-ın Yaxın Şərqdəki maraqları üçün bir kabusdur”.

"ABŞ-Türkiyə münasibətləri daha da gərginləşəcək”

Politoloq Qabil Hüseynli isə deyib ki, ABŞ və Türkiyənin qarşılıqlı olaraq biri-birinin vətəndaşlarına viza verməkdən imtina etməsi çox ciddi məsələdir: "Amerikada Türkiyə Prezidentinin cangüdənləri barədə cinayət işi açılıb. Bu məsələ iki dövlət arasında münasibətləri xeyli zədələyib. Son vaxtlar Türkiyənin Rusiya ilə İdlib bölgəsində birgə hərbi əməliyyatlar aparması və Suriyada tompon bölgələr yaratması Amerikanı daha da qəzəbləndirib. Zənnimcə, Türkiyə-İran-Rusiya tandemi ABŞ-ın ürəyincə deyil və Vaşinqton bunu pozmağa çalışır. Xüsusilə, NATO ölkəsi olan Türkiyənin bu tandemə qoşulması, alyansa üzv ölkələr, ilk növbədə ABŞ tərəfindən ciddi surətdə qınanılır. Tərəflər biri-birinə qarşı zidd addımlar atır, bu cür yanaşma gərginliyi daha da artıracaq”.

İsmayıl