Yəni Ankara beynəlxalq terrorizmin zərərsizləşdirilməsi çağırışları ilə ABŞ-a qarşı siyasi təzyiq vasitələrini işə salacaq
Vaşinqton razı deyil...
Amma Türkiyə gec-tez Suriyada hərbi əməliyyatlara başlayacaq
Yəni Ankara beynəlxalq terrorizmin zərərsizləşdirilməsi çağırışları ilə ABŞ-a qarşı siyasi təzyiq vasitələrini işə salacaq
Yəni Ankara beynəlxalq terrorizmin zərərsizləşdirilməsi çağırışları ilə ABŞ-a qarşı siyasi təzyiq vasitələrini işə salacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk ordusunun yaxın günlərdə Fərat çayının şərqində yerləşən kürd özünümüdafiə dəstələrinə qarşı əməliyyata başlamaq niyyətində olduğunu bəyan edib. Ərdoğan Fərat çayından şərqdə Suriyanın digər regionlarında olduğu kimi insanlara sülh və sabitlik gətirmək niyyətindədir: "Biz heç vaxt ABŞ və onun ordusuna qarşı olmamışıq, onlar həmişə bizim strateji tərəfdaşımızdır. Bizim Suriya ilə bağlı fikir ayrılıqlarımız əlaqələrimizin inkişafına təsir etməməlidir”. O bildirib ki, Türkiyə tərəfi baş verəcək əməliyyatla bağlı Amerika Birləşmiş Ştatlarını məlumatlandırıb.
Lakin Pentaqonun rəsmi nümayəndəsi Şon Robertson Türkiyənin Suriyanın şimal-şərqində birtərəfli qaydada fəaliyyətinin yolverilməz olduğunu deyib. Onun sözlərinə görə, Suriyanın şimal şərqində istənilən tərəfin birtərəfli qaydada hərbi əməliyyat keçirməsi qəbuledilməzdir. Xüsusilə də ABŞ hərbçilərinin bu zonada olması ehtimalı nəzərə alınmaqla ciddi narahatlıq doğurur. Biz belə bir addımın yolverilməz olduğunu düşünürük”. Pentaqon əlavə edib ki, Vaşinqton Türkiyənin Suriya ilə sərhəddə təhlükəsizliyini təmin etmək ehtiyacını tanıyır.
Türkiyənin Suriyada hərbi əməliyyatları yenidən başlamaq istəməsinə münasibət bildirən politoloq Elçin Xalidbəyli "Şərq”ə açıqlamasında bildirib ki, rəsmi Ankara Suriya və İraqda mövcud olan situasiyanı Türkiyənin gələcək mövcudluq şərtlərinə ciddi təhlükə olaraq görür. Xüsusilə də hər iki ölkənin Türkiyə ilə sərhəd bölgələrində terrorçu qruplaşmaların mənzillənməsi və həmin ərazilərə nəzarət etməsi rəsmi Ankaranı ciddi şəkildə narahat edir:
"Ona görə də rəsmi Ankara vaxtaşırı sözügedən bölgələrdə hərbi əməliyyatlar reallaşdırmaqla situasiyaya nəzarətə ortaq olmağa çalışır. Üstəlik, nəzərə almaq lazımdır ki, Suriya və İraqın terrora bulaşmış ərazilərində türkmənlərin kompakt yaşadıqları bölgələr də var. Rəsmi Ankara türkmənlərin təhlükəsizliklərinin təmin edilməsini Türkiyənin hərbi-siyasi və strateji hədəflərindən biri kimi qəbul edir. Ancaq sözügedən ərazilərdə Türkiyənin sərbəst hərəkət etməsi, kimsə ilə hesablaşmadan qərarlar qəbul etməsi bir qədər çətindir. Çünki həmin ərazilərdə ABŞ-ın hərbi qüvvələri də mənzilləniblər. Və hər hansı əməliyyat keçirilərkən istər-istəməz ABŞ-ın bölgədəki silahlı qüvvələri ilə üz-üzə qalmaq ehtimalı var. Ancaq ən ciddi problem ABŞ-ın həmin ərazilərdəki bəzi terrorçu qruplaşmalarla xüsusi ortaq fəaliyyətdə olmasıyla bağlıdır. Belə ki, Türkiyənin terrorçu qruplaşmalar olaraq, gündəmə gətirdiyi həmin silahlı dəstələri ABŞ silahlı müxalifət kimi qəbul edir. Üstəlik, terrorçu qruplaşmaları müxtəlif müasir silah növləriylə təchiz edir. Halbuki rəsmi Ankara ABŞ-ın həmin terrorçu qruplaşmalara verdiyi müasir silahların nə vaxtsa Türkiyəyə qarşı çevrilə biləcəyindən narahatdır. Əslində, rəsmi Ankara bu narahatlığında tamamilə haqlıdır və belə bir təhlükə realdır. Ona görə də, bu mövzu ətrafında vaxtaşırı ABŞ-Türkiyə münasibətlərində gərginliklər yaşanır. Rəsmi Ankara terrorçuların kimin himayəsində olmasına heç bir fərq qoyulmadan məhv edilməsində israrlıdır. ABŞ isə öz maraqları üçün istifadə etdiyi, silah-sursatla gücləndirdiyi və himayəsinə çalışdığı terrorçu qruplaşmaları qorumağa, onların toxunulmazlığına nail olmağa can atır. Ancaq Türkiyə artıq əvvəlki siyasət kursundan çox uzaqdır”.
Ekspertin fikrincə, Türkiyə milli maraqları olan yerlərdə başqalarının mövqeyinə əhəmiyyət verməyə həvəsli deyil:
"Bu məsələdə Ankara olduqca qətiyyətli davranır. Öz hədəflərini təmin etmək istəyən Ankara hökuməti əvvəlcə israrlı hərbi-siyasi basqıları qurmağı bacarır. Ardınca qarşı tərəfin müqavimətinin qırılmasına və uyğun situasiyanın yaranmasına nail olduqdan sonra hərbi əməliyyatlara başlayır. Buna qədər reallaşdırılan iki önəmli hərbi əməliyyatdan öncə də Türkiyə bu ssenarini həyata keçirməyə nail olmuşdu. Böyük ehtimalla yenə eyni ssenari üzrə davranılacaq.
Yəni Ankara beynəlxalq terrorizmin zərərsizləşdirilməsi çağırışları ilə ABŞ-a qarşı siyasi təzyiq vasitələrini işə salacaq. Və heç şübhəsiz ki, Ağ Ev buna müqavimət göstərəcək. Hətta iki ölkə arasında ciddi narazılıqların və gərginliklərin yaşanma ehtimalı da qətiyyən istisna deyil. Ancaq buna baxmayaraq, rəsmi Ankaranın ABŞ-ı yenə də fakt qarşısında qoymağı bacaracağı tamamilə inandırıcıdır.
Bu baxımdan, prezident Ərdoğanın dilə gətirdiyi xəbərdarlığın yaxın vaxtlarda gerçəkləşmə ehtimalı var. Yəni gec və ya tez, rəsmi Ankara öz istəyinə nail olacaq və Türkiyə sözügedən terror məkanlarında növbəti hərbi əməliyyatlara başlayacaq. Çünki bunu Türkiyənin milli maraqları tələb edir”.
İsmayıl