Vətəndaşlar narahat olmasın

Fikrət Yusifov:"Hazırkı dönəmdə manatın kəskin devalvasiyası üçün heç bir əsas yoxdur, çünki bu məsələ Mərkəzi Bank tərəfindən ciddi nəzarətdə saxlanılır"




Azərbaycan Mərkəzi Bankından (AMB) kommersiya banklara məktub daxil olub. AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin imzası ilə daxil olan məktubda 30.09.2017-ci il tarixinin bank sistemi üçün rəsmi iş günü elan edildiyi qeyd olunub

Bu qərarın isə dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə alındığı sözügedən məktubda öz əksini tapıb. Eyni zamanda bildirilib ki, ödəniş sistemləri üzrə 30.09.2017-ci il tarixi yeni əməliyyat günü hesab edilir.

AMB-nin bu açıqlaması vətəndaşlar arasında təşviş yaradıb, əksəriyyət manatın növbəti dəfə devalvasiyaya uğrayacağını düşünür.

Məsələ ilə bağlı açıqlama verən iqtisadi elmlər doktoru, professor Fikrət Yusifov da sabah (bu gün) sentyabr ayının son günü olduğunu xatırladaraq bu tarixin cari ilin üçüncü rübünün və doqquz ayın yekunu olduğunu deyib. Professorun sözlərinə görə, büdcənin gəlir və xərclər üzrə icrası üzrə bu dövrə düşən əməliyyatları tam və vaxtında aparmaq üçün belə bir addımın atılması mümkündür. Əslində Mərkəzi Bankın kommersiya banklarına ünvanladığı məktubda da deyilən məqsəd açıq şəkildə belə ifadə olunur: 

"Dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan edilir. Eyni zamanda bildiririk ki, ödəniş sistemləri üzrə 30.09.2017-ci il tarixi yeni əməliyyat günü hesab edilir”.

F.Yusifov da hesab edir ki, hazırkı dönəmdə manatın kəskin devalvasiyası üçün heç bir əsas yoxdur, çünki bu məsələ Mərkəzi Bank tərəfindən ciddi nəzarətdə saxlanılır.
İqtisadçı alim Vüqar Bayramov isə deyib ki, devalvasiya olub-olmayacağını ancaq Mərkəzi Bank bilir: 

"Düşünürəm ki, buna görə də Mərkəzi Bankın gün ərzində qısa zamanda bu məsələyə rəsmi aydınlıq gətirməsinə ehtiyac var. Mərkəzi Bank nəinki sabah, ümumiyyətlə, növbəti dövrdə və aylarda kursun necə dəyişməsi ilə bağlı öz gözləntilərini vətəndaşlar ilə daimi bölüşməlidir. Makro-iqtisadi göstəricilərə və eləcə də tədiyyə balansındakı saldoya əsaslansaq, yeni potensial devalvasiya səbəbi izah edilən deyil. Təbii ki, məzənnə ilə bağlı rəsmi qərarı Mərkəzi Bank qəbul etdiyi üçün sabah və ya başqa hər hansı gün devalvasiyanın olub-olmadığını söyləmək nəinki çətindir, hətta valyuta bazarındakı indiki mövcud tənzimləmə ilə bunu proqnozlaşdırmaq heç mümkün də deyil. Proqnozlaşdırıla bilən xarici valyutaya tələbin necə deyişməsidir. 

Biz avqust ayında dollara tələbin artacağını öncədən proqnozlaşdırırdıq və bu da baş verdi. Dövlət Neft Fondu iyulda hərraclarda 253,2 milyon manat satmışdısa, avqustda 292,6 milyon manat xərclədi. Bu isə o deməkdir ki, dollara tələb avqustda iyula nisbətən 15 faizdən çox yüksəlib. İlin sonuna doğru dollara tələbin artacağı gözləniləndir. Bunun məzənnəyə necə təsir edəcəyi isə yenə də birbaşa Mərkəzi Bankın səlahiyyətində olaraq qalmaqdadır”.

Şəymən