Xarici ticarətdə dollardan istifadə daha sərfəlidir - Azərbaycan üçün



"Azərbaycan xarici ticarət dövriyyələrini dollarla aparmalıdır”.

Bunu Sherg.az-a İranla Azərbaycan arasındakı ticarət dövriyyəsinin milli valyuta ilə aparılmasına münasibət bildirərkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycanın dollara olan ehtiyacını ödəmək üçün bu daha əlverişli olacaq:

"İran milli valyuta ilə əlaqələrin qurulmasında maraqlı olan ölkə olmaqla yanaşı həm də ixracatçıdır. Milli valyuta nə qədər önəmli olsa da, Azərbaycan üçün indiki halda daha çox ABŞ dollarını istifadə etmək sərfəlidir. Ticarət əlaqələrin qurulması bu valyuta ilə baş tutarsa, Azərbaycanın dollar ehtiyacı müəyyən qədər qaydasına qoyulmuş olar.

Lakin hansı ölkədən ki, idxalımız çoxdur, həmin ölkələrlə milli valyuta ilə əlaqələr qurula bilər. Təbii ki, uzunmüddətli dövr üçün bu çətin prosesdir. Digər ölkələrin təcrübəsi də göstərir ki, milli valyuta ilə ticarət dövriyyəsini qısamüddətli və ortamüddətli dövr üçün təmin etmək olar.

Bütün hallarda hesab edirəm ki, Azərbaycanın dollara ehtiyacını ödəmək üçün ticarət dövriyyələrinin məhz bu valyuta ilə aparılması daha məqsədəuyğundur”.

Qeyd edək ki, bu həftə İran və Azərbaycan hər iki ölkənin kommersiya bankları arasında hesablaşma hesablarının açılması barədə daha əvvəl əldə olunmuş razılaşmanı müzakirə edəcək. Bu zaman iki ölkə arasında qarşılıqlı ticarətdə milli valyutalardan istifadə olunması imkanlarının danışılacağı da gözlənilir.

Aysel Aslan