16 yaşlı qızın sevgiyə görə intihar etməsi dəhşətli hadisədir
Xəyanət bəhanədir...
İnternet, telefonlar gəncləri ölümə sürükləyir
16 yaşlı qızın sevgiyə görə intihar etməsi dəhşətli hadisədir
16 yaşlı qızın sevgiyə görə intihar etməsi dəhşətli hadisədir
Biləsuvar rayonunda 16 yaşlı qız intihar edib. Səbəb də nişanlısının ona xəyanət etməsidir. Yeniyetmə qız özünü asmazdan əvvəl danışıqlarını videolentə alaraq öz nişanlısına göndərib. Hadisə mayın 27-də Biləsuvar rayonunun Ağalıkənd kəndində baş verib. 2002-ci il təvəllüdlü yerli sakin Məmmədova Səkinə Nəsimi qızı özünü tövlədə asaraq intihar edib.
16 yaşlı qızın xəyanət səbəbindən özünü asması sosial şəbəkələrdə geniş rezonans doğurub. Əksəriyyət məlum videonu paylaşaraq öz münasibətini bildirib, birmənalı olaraq da qızın valideynini günahlandırıblar.
Amma dərinə varsaq, bu hadisə tək Məmmədovlar ailəsinin deyil, bütövlükdə Azərbaycan ailəsinin faciəsidir. Evində qız böyüdən, qızını təhsildən yayındıran, yeniyetmə qızlarını zifaf gecəsinə hazırlayan valideynlər bu faciədən bir nəticə çıxarmalıdır.
Əks halda bu hadisələrin sayı getdikcə çoxalacaq. Dünya sürətlə qloballaşır və biz texnologiyanın inkişafına ayaq uydura bilmirik. Nə özümüzü, nə də övladlarımızı zorakılğı, terroru, intiharı təbliğ edən seriallardan qoruya bilirik. Təsir altına tez düşürük. Baxın, videoya, o qızın verdiyi mesajlara. Dediyi sözlər şablondur. Sanki hansısa serial qəhrəmanının vida mesajına qulaq asırsan.
Ağalıkənd kəndinin bələdiyyəsindən Ülfət Bağırovun sözlərinə görə, Səkinə Məmmədova 7-8 ay bundan öncə nişanlanıb: "Bizdə də hadisə ilə bağlı tam dolğun məlumat yoxdur. Hüquq-mühafizə orqanları məsələni araşdırırlar. Qızın nişanlandığı oğlan da kənd adamıdır. Bizdə kəndin yetmiş faizi bir-birilə qohumdur. Qızın məcburi şəkildə nişanlanmağını da eşitməmişəm. Özü də məktəbli idi. Davamlı olaraq dərslərdə iştirak etməsə də, arada gedirdi. Yəqin nişanlandığına görə arabir gedirmiş. Məktəbdən çıxmadığı da sonradan məlum oldu. Onsuz da, bu il 9-cu sinfi bitirib məktəbdən çıxacaqmış. Oğlan tərəfdə də heç kim günah görmür. Onlar özləri qızın yas mərasimində sona qədər iştirak etdilər”.
Ağalıkənd orta məktəbinin direktoru Maarif Fətullayev isə Səkinə Məmmədovanın nişanlı olmadığını bildirib: "Səkinə məktəbimizin səkkizinci sinfində oxuyurdu, ancaq son bir ayda davamiyyəti yaxşı deyildi. Dilə gətirmək istəmirəm, amma qızın ana tərəfində psixoloji problemlər var. Onun anasının bibisioğlu, dayısıoğlunda psixi baxımdan çatışmazlıq var. Məktəbdə isə özünü yaxşı aparıb, sinif yoldaşları ilə münasibətləri yaxşı olub, fəal, şən şagird olub.
Dərslərində o qədər də yaxşı olmasa da, ortabab oxuyurdu. Müəllimləri də onun ölümünə heyifslənir. Onun hərəkəti sadəcə ağılsızlıq olub.
İndi olan olub, keçən keçib. Ancaq o məsələ nişanlı söhbətinə görə olmayıb. Ortalıqda heç nişan da olmayıb. Sadəcə, "aldım-verdim” söhbəti olub. Ailələr dost olub, bir-birilərinə deyiblər ki, qızım sənin, qızın mənim, vəssalam. Səkkizinci sinif uşağına nə nişan ola bilər ki?”.
Sosioloq Lalə Mehralı isə deyib ki, 16 yaşlı qız sevginin, ailənin nə olduğunu bilmir, o sadəcə ərtafında gördüyünü öz həyatında da istəyib. "Sevdiyi olsun, ailəsi olsun, kimsə onu sevsin, qorusun, sahiblənsin. Onu o yaşda nişanlayan valideyni günahkardır əlbəttə ki. 16 yaşlı qız sevgi, oğlan barədə düşünə bilər, ərgənlik çağındadır və bunu vaxtilə hamımız etmişik. Amma onu bu yola itələyən, yəni nişanlayıb işi rəsmiyyətə çevirən valideynidir. Nişanlı qız nə dərs, nə də başqa şey barədə düşünməz, fikri-zikri evlənməkdə, ailə həyatında olacaq. Nişanlısı ilə münasibəti korlanan kimi intihara əl atması bunu sübut edir”.
L.Mehralının fikrincə, 16 yaşlı qız nə mənəvi baxımdan, nə də fizioloji cəhətdən evlilik üçün uyğundur:
"Təsadüfi deyil ki, erkən ana olan qadınların doğuşda ölüm riski, ölü uşaq doğma riski daha yüksək olur. Çünki bədən yetkin deyil, dölü lazımi formada yetişdirə bilmir. İsrarla evlənəcəyini deyə bilər, amma ona bunun tez olduğunu, evlilik üçün ən azı yetkinlik yaşına çatmağı gözləməyi aşılamaq lazım idi. Həm də bunu qızlara kiçik yaşdan öyrətmək lazımdır”.
Qızın video üçün çəkdiyi kadrlara gəldikdə isə sosioloqun münasibəti sərt olub:
"Mən o kadrlarda təsirədüşmə və artistizm gördüm. Qızın dediyi bütün cümlələrdə, üz ifadəsində, mimik hərəkətlərində rola hazırlaşan, məşq edən aktyor təəssüratı vardı. "Haqqını halal elə”, "sənə bundan sonrakı həyatında başarılar diləyirəm, "qalsam səninəm, ölsəm qara torpağın” kimi ifadələr işlədir, sizə də tanış gəlmir bu ifadələr? Seriallarda, filmlərdə vida məktublarında işlənən ifadələrə çox bənzəyir, hətta eynisidir, deyilmi?
Uşaqlar valideyn nəzarəti olmadan istədiyi proqramı, filmi, serialı izləyir. Ona görə da həyata tez göz açırlar, yaşlarına uyğun olmayan film səhnələrinə baxırlar. 15-16 yaşlı qızlar öz aralarında dərsdən, məşğələdən danışmaq əvəzinə zifaf gecəsindən, bakirəlikdən, hamilə qalmaqdan danışırlar. Mən təxminən 1 ay əvvəl 16 yaşlı bir qızın "erotik roman yazıram” deməsindən şok olmuşdum. Bilmirəm nə yazıb, necə yazıb, çünki sonra heç maraqlanmadım, amma 16 yaşlı qızın intim həyat barədə nə məlumatı ola bilər ki, erotik roman yaza bilsin? Qısacası, problemlər ailədən qaynaqlanır, valideyn nəzarətsizliyi beləcə faciələrə yol açır. Məktəbli qızların hərəsinin əlində bir smartfon istədiyi ilə mesajlaşır, danışır, istədiyi sayta girir. Bu gün Səkinə, sabah Günay, Sevinc, Arzu və daha kimlər intihar edəcək. Eşq-məhəbbət dedikləri hisslər üçün intihar etmək onların uşaqlığının, təcrübəsizliyinin bəhrəsidir”.
Psixoloq Elnur Rüstəmli bu cür videoların geniş şəkildə işıqlandırılmasının və kütləvi paylaşılmasının cəmiyyət üçün zərərli tendensiya olduğunu deyib:
"Bu faciənin arxasında yatan çoxlu məqamlar var. Ən əsası da 16 yaşlı qızın nişanlandırılmasıdır. Bu, avtomatik olaraq o məktəbli uşağın təhsildən yayındırılması problemini aktuallaşdırır. O yaşda bir qızın sevgi haqqında anlayışı tam formalaşmır. Onun üçün ailə olmaq, ailənin məsuliyyətini daşımaq, övlad qayğısına qalmaq düşüncələri yetkin insanların düşüncələrindən fərqlidir. Sevginin nə olduğunu belə bilməyən bir yeniyetmə nişanlana bilər, amma bu cür xoşagəlməz situasiyalar qarşısında onun vəziyyətdən çıxmaq barədə fikir yürütmək imkanları məhdud olur. Belə bir durumla qarşılaşanda o artıq problem qarşısında aciz qalır və nə etdiyini bilmir”.
Psixoloqun fikrincə, bəzən yeniyetmələrdə suisidal davranışlar olur. Bu hərəkətlər isə artıq kəskin və xroniki psixi pozğunluqların meydana çıxmasıdır. Bunun arxasında isə onların ölmək istəyi yox, öz problemlərinə diqqət çəkmək məqamları dayanır. Valideynlər əvvəlcədən uşaqlarındakı davranış pozuntularını sezib, vaxtında hərəkətə keçməlidirlər. İntihar havasında olan yeniyetmələr, gənclər adətən təsir vasitəsi kimi bu üsulu təkrar-təkrar sınaqdan keçirdirlər.
E.Rüstəmov deyib ki, bu cür faciə paylaşımlar sosial şəbəkələrdə kütləvi şəkildə paylaşılan zaman digər yeniyetmələr psixoloji travma alırlar:
"Düzdür, əslində bu cür paylaşımların məqsədi problemə diqqət çəkmək, cəmiyyəti maarifləndirməkdir ki, valideynlər və yeniyetmələr diqqətli olsunlar. Ancaq nəticə xoşagəlməz olur, çünki insanlar eyni düşüncədə, eyni qavrayışda olmur, hamı baş verən hadisədən doğru nəticə çıxarmaq iqtidarında olmur. Bu video 5 valideynə müsbət təsir göstərəcəksə, 10-u travma alacaq. 3 yeniyetmə dərs çıxaracaqsa, 5-i o qıza haqq qazandıracaq. Bu isə gələcək üçün yaxşı heç nə vəd etmir”.
E.Rüstəmovun sözlərinə görə, əvvəllər bu cür hadisələrə görə, birbaşa televiziyaları günahkar hesab etmək olurdu. "Ancaq indi çəkilən serialların internet üzərindən baxış sayına diqqət yetirin. Hətta Türkiyədə elə filmlər çəkilir ki, heç televiziyada yayımlanmır. İnternet üzərində baxış sayı isə rekord səviyyədədir. Milyonlardan yuxarı izləyiciləri var. Bu fəsadın qarşısı necə alınacaq? Bu gün təhlükə cəmiyyətə nə televiziyalardan, nə də digər kütləvi informasiya vasitələrindən gəlir. Təhlükə mənbəyi sosial şəbəkələrdir.
Bu gün küçədə 2 nəfər dalaşanda insanlar onları ayırmaq yerinə telefonla çəkirlər. Avto qəza olur, yaralıya kömək etmək əvəzinə telefona çəkib paylaşırlar. Televiziyalar da, digər medialar da bu cür xəbərləri sosial şəbəkələrdən götürüb paylaşır. İnsanlar da bunu izləyib mənfi enerji alırlar. Buna psixologiyada şüuraltı infeksiya deyirlər. Bu virus insan bədəninə düşdükdən sonra tədricən böyüməyə başlayır, ani bir hadisə isə partlayışa səbəb olur”.
İntihar edən qızın 7 dəqiqəlik video ilə nişanlısına vida mesajı göndərməsinə toxunan psixoloqun ehtimalına görə, o qızın niyyəti intihar etmək olmayıb, bu yolla çəkdiyi acıları, yaşadığı duyğuları nişanlısına çatdırmaq olub. O, həmin videonu çəkərkən intihar havasında olduğu üçün hərəkət və davranışlarını idarə edə bilmir və nəticədə bədbəxt hadisə baş verir.
E.Rüstəmov hesab edir ki, uşaqların, yeniyetmələrin internetə çıxış imkanlarına mümkün qədər nəzarət edilməlidir. Valideyn, məktəblə yanaşı yeniyetmələrin özləri də iradəli olmalı, internet asılılığına düçar olmamalıdır:
"İnanmıram ki, məqsədi, hədəfləri olan, elmlə maraqlanan bir yeniyetmənin internetə xüsusi aludəçiliyi olsun. Dərs oxuyan, universitetə hazırlaşan məktəblinin bütün günü sosial şəbəkələrdə oturmağa, serial izləməyə vaxtı var? Yaxud da işi-gücü olan bir insanda bütün günü serial izləməyə vaxt hardadır?
Psixoloq hesab edir ki, birbaşa olmasa da, dolayı yolla valideynlər övladlarının internetə girişinə nəzarət etməyi bacarmalıdır. Erkən yaşlarda internetə aludəçilik sonradan asılılığa çevrilir. Uşaqların internetdə nə işlə məşğul olmasına nəzarətsiz yanaşan valideynlərin övladları beləcə təhlükəli yola da düşə bilər. Üzərində valideynin nəzarətini görməyən uşağın internetdə dəhşət və terroru təbliğ edən oyunlara meyillənməsi onun gələcək həyatı üçün də təhlükəli ola bilər. Belə uşaqlar zaman keçdikcə aqressivləşir, özlərini izlədiyi oyunların qəhrəmanları kimi göstərməyə çalışırlar. Yeniyetmələr də özlərini izlədikləri eşq seriallarındakı obrazlarla eyniləşdirir.
Onların oynadığı rola girirlər:
"Avropanın bir çox ölkələrində konkret internet paketləri mövcuddur. Bunun əsas anlamı ondan ibarətdir ki, valideyn internet paketi alarkən seçim edir, uşağı üçün daha münasib olana üstünlük verir. Belədə valideynin mütəmadi olaraq övladının yanına gələrək onun internetdə nə ilə məşğul olmasına nəzarət yetirməyinə də ehtiyac qalmır. Limitli internet paketində uşaq valideynlərinin onun üçün seçdiyi oyun, proqram və saytlara daxil ola biləcək. Bunun üçün də Azərbaycanın texniki imkanları var, sadacə praktikanı öyrənib reallaşdırmaq lazımdır”.
Şəymən