“Xocalı dərsi” filminin təqdimatı keçirilib - FOTOLAR

Martın 29-da Beynəlxalq Mətbuat Mərkəzində "ARB Aran” və "Qulp Studio”nun Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə çəkdiyi "Xocalı dərsi” sənədli filminin təqdimatı olub.
"Sherg.az"ın xəbərinə görə, filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, ssenari müəllifi və rejissoru əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran əsərində Əli Həsənovun "Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabındakı faktlardan istifadə olunub.
Qırx beş dəqiqəlik filmdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində həyata keçirdiyi soyqırımının dünya mətbuatında necə işıqlandırıldığı göstərilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!” kampaniyası çərçivəsində aparılan təbliğat işləri və nəticədə bir çox ölkələrin bu soyqırımını tanıması haqqında ətraflı məlumat verilir. Bildirilir ki, məhz bu tədbirlərdən sonra Ankara, Berlin, Sarayevo, Haaqa, Mexiko, İzmir, İzmit, Kocaeli, Sakarya, Uşak şəhərlərində Xocalı faciəsi qurbanlarının xatirəsinə abidələr qoyulub. Xocalı soyqırımı indiyədək Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, İordaniya, Panama, Peru, Honduras, Qvatemala, Sudan, Sloveniya, İndoneziya, Paraqvay, Cibuti, Şotlandiya, həmçinin ABŞ-ın 24 ştatı tərəfindən tanınıb və pislənilib.
Filmdə erməni işğalçılarının Xocalıya hücum etdiyi gecə dörd gün meşədə gizlənən bir ailənin çəkdiyi əzablardan söhbət açılır. Hadisənin canlı şahidi olan Xocalı sakini Sənəm Abdullayeva o dəhşətləri xatırlayaraq dinc əhalinin başına gətirilən müsibətlərdən danışır, anası, atası və 16 yaşlı kiçik bacısının meşədə öldüklərini deyir.
Filmin nümayişindən sonra çıxış edənlər bu ekran əsərinin önəmindən danışıblar.