Xristian missionerlər Azərbaycana hansı zərbəni vura bilər ? - İlahiyyatçı sadaladı - Aldanmayın !

"Onların əsas məqsədi xalqları öz köklərindən ayırmaq, cəmiyyətdə ixtilaf yaratmaq, düşmənə, işğalçıya bəraət qazandırmaqdır"
"Ona görə, dini maarifləndirmə işi effektiv vasitə ola bilər”

"90-cı illərdə də Azərbaycanda xristian missioner təşkilatlarını təbliğ etməyə cəhd göstərirdilər”.

Bunu "Sherg.az”a xristian missionerlərin Azərbaycanda fəallaşmasının səbəblərini izah edərkən ilahiyyatçı Hacı Şahin Həsənli deyib. O bildirib ki, o zaman olduğu kimi indi də bir sıra təşkilatlar müəyyən işlər görməlidir:

"Missionerlər bütün ölkələrdə fəaliyyət göstərməyə cəhd edirlər. Bu təşkilatların əsas məqsədi xalqları öz köklərindən ayırmaqdır. Bundan başqa onların zərərli ideyaları da var. Bu ondan ibarətdir ki, onlar müharibədə hətta torpaqları qorumağı vacib hesab etmirlər. Bəzən ermənilərin təbliğatını belə aparırlar. Səyyar təşkilatların bir çoxunun fəaliyyəti öz ölkələrində belə qadağandır.

Həmin təşkilatlara qarşı hər hansı addım atıldıqda insan, vicdan, dini-etiqad haqlarının pozulması kimi təqdim edirlər. Keçmişdə bu missionerlərin qarşısını bir sıra gənclər təşkilatlarının səyi nəticəsində almaq mümkün oldu”.

Təbliğatların qarşısının alınması üçün maarifləndirmənin əhəmiyyətli olduğunu deyən ilahiyyatçının sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə mühüm addımlar atır:

"Bu kimi təşkilatların fəaliyyətinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları da intensiv çalışır. Lakin ən başlıca məsələlərdən biri maarifləndirmədir. Çünki bu təşkilatlar insanların bilgisizliyindən istifadə edir. Beləliklə, öz görüşlərini təbliğ edirlər.

Azərbaycanda ənənəvi xristianlıq var. Bu məsələdə hər hansı problem yoxdur. Lakin bu təşkilatlar xristianlığın özü ilə də uyğun olmayan cərəyanlardır. Onların məqsədi cəmiyyətdə ixtilaf yaratmaq, düşmənə, işğalçıya bəraət qazandırmaqdır. Bu siyasi məqsədlərin güdülməsinə qədər irəliləyir. Ona görə, dini maarifləndirmə işi effektiv vasitə ola bilər”.

Qeyd edək ki, bu barədə millət vəkili Azay Quliyev Bakıda keçirilən "Qeyri- hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru" adlı konfransda danışıb. Deputat deyib ki, xristian missionerlər xüsusən gənclər, hərbi çağırışçılar arasında təhlükəli təbliğat aparırlar.

Aysel Aslan