Yağın qiyməti bütün ölkələrdə bahalaşıb

Yeganə çıxış yolu gündəlik tələbat mallarının ölkədə geniş istehsalı və idxaldan asılılığı tam ləğv etməkdədir
2018-ci ildə əmək haqqı və pensiyalarda artımlar gözlənilir. İqtisadçı-deputat Vahid Əhmədovun sözlərinə görə, büdcədən 4-4,5 milyard manata yaxın vəsait əsaslı və investisiya xərclərinə, bir o qədər də vəsait sosial xərclərə (əmək haqqı, pensiya, sosial müavinət və s.) ayrılıb.
Qeyd edək ki, əmək haqqı və pensiyalarda artım olacağı ehtimalı əhalidə təşviş yaradıb. Buna səbəb də sözügedən artımın bazarlarda yeni bahalaşma dalğasına səbəb olacağıdır. Bəzi ekspertlər hesab edir ki, istehlak bazarına daxil olan əlavə pul kütləsi qiymət artımı üçün əsas rol oynaya bilər.
İqtisadçı-ekspert Elçin Bayramlı isə bu ehtimalı istisna edir. Onun sözlərinə görə, bahalaşma pensiya və maaşların artımı ilə bağlı olmur. Son dövrdəki bahalaşmalar manatın dəyərini itirməsi və idxal mallarının qiymətinin qalxması ilə bağlı olub: 
"Pensiya və maaş yüksək dərəcədə qalxmır ki, deyək dövriyyədə pul kütləsi kəskin artır və inflyasiya yaranır. Artım 5-10 faiz civarında olur ki, bu da pul kütləsinin ciddi artımı deyil və ciddi bahalaşma yarada bilməz. Onsuz da bir tərəfdən MB dövriyyədə manat kütləsini süni azaldır ki, dəyərini itirməsin. Dolayı yollarla da inflyasiyanın qarşısını almağa çalışır. Lakin fikir versəniz görərsiniz ki, heç də bütün məhsul və xidmətlərin qiyməti bahalaşmır. Əsasən idxal məhsulları bahalaşır ki, onların da bir çoxunun qiyməti mənbə ölkələrində bahalaşıb - misal üçün, son günlərdə astronomik qiymətə çatmış yağ - bu, bütün ölkələrdə bahalaşıb, deməli, bizdə də bahalaşması mütləqdir. Çünki çoxunu idxal edirik. Bundan yeganə çıxış yolu gündəlik tələbat mallarının ölkədə geniş istehsalı və idxaldan asılılığı tam ləğv etməkdədir. Başqa yolu yoxdur”.
İqtisadçının sözlərinə görə, aqrar sektorda islahatlar genişlənməli, güzəştlər, kiçik və orta fermer təsərrüfatlarının inkişafına diqqət artırılmalı, kəndə qayıdış proqramı elan olunmalıdır. 
Eyni zamanda televiziyalarda kənd həyatı, əkin-biçinin təbliğatı aparılmalı, kəndə gedib təsərrüfat yaratmaq istəyənlərə hər cür dəstək verilməli, meleorasiya problemi və fermerlərin bazarlara maneəsiz çıxışı həll olunmalıdır. Əhalisinin yarısının paytaxtda yaşadığı 80 faizin istehsalla məşğul olmadığı ölkədə bahalaşma təbii ki olacaq, çünki yerli istehsal tələbatı ödəmir.
Şəymən