Yalançı yenə küçələrdədir

Paşinyan xalqı boş vədlərlə aldatmaqla məşğuldur



"Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan növbədənkənar parlament seçkilərində hərtərəfli iştirakını təmin etmək üçün təşviqat kampaniyasına start verib”. Bunu "Şərq”ə açıqlamasında analitik Ehtiram Aşırlı deyib. Düşmən ölkədəki seçki hazırlığını dəyərləndirən politoloq bildirib ki, hazırda məzuniyyətdə olduğunu bəyan edən və imicini yüksəltmək dərdinə düşən Paşinyan "Mənim addımım” blokunun qələbəsi üçün tərəfdarlarını yenidən küçələrə töküb: "Baş nazir ilk olaraq Araqaçotn əyalətinin Talin şəhərində seçkiqabağı təşviqat aksiyalarına başlayıb. Paşinyan Maralik və Gümrüdə də kampaniyanı davam etdirəcəyini bildirib. Lakin təşviqat kampaniyasında Paşinyanın çıxışını gülməli edən məqam onun deputatlar üçün yox, özü üçün səs istəməsi olub. Paşinyan hətta pafoslu sözlərindən də geri qalmayıb: 

"Xalqın qərarı ilə baş nazir olacağam və xalq mənə etibar etdiyi müddətcə bu postda qalacağam. Əvvəllər sizin səs verdiklərinizin əvəzinə başqaları seçilirdi. Buna görə də Ermənistanda inqilab oldu”. Göründüyü kimi, Paşinyan yenidən erməni xalqına boş vədlər verməklə məşğuldur. Hətta bu dəfə fantaziyalarında daha da irəli gedərək, gələcəkdə məsuliyyətindən asanlıqla boyun qaçıra bilməyəcəyi çox utopik və Ermənistan reallıqları ilə ziddiyyət təşkil edən vədlər verib. Deyib ki, guya, 2019-cu ildə Ermənistanda iqtisadi möcüzə olacaq. İddia edib ki, əgər hər şey yaxşı getsə, gələn ilin iqtisadi inkişafında ani sıçrayış gözlənilir: 

"Kiçik sahibkarlar vergilərdən tamamilə azad ediləcək. Həmçinin, taksi sürücüləri də vergilərdən azad olunacaqlar”. Artıq erməni xalqı da bilir ki, Paşinyan növbəti dəfə yalan vədlərlə xalqı aldatmağa və inandırmağa çalışır. Ona görə də bunu seçki təşviqatı yox, baş nazirin növbəti şousu və xalqa yalan danışma kampaniyası adlandıra bilərik”.

İsmayıl