“Yalandan olmayan evlərini, villalarını göstərirlər”

“Mən qocalmışam. Mənə bu yaşda klip çəkdirmək yaraşmaz. Kənardan baxan insanlar da irad bildirərlər ki, bir ayağın gorda, bir ayağın burdadır”
Elnarə Abdullayeva: “Ona görə də ərindən boşanan da, evindən çıxan da, atasını itirən də gəlib müğənni olmaq eşqinə düşür”

İfa tərzi ilə seçilən xanəndə Elnarə Abdullayeva son illər bir çox layihələrə imzasını ata bilib. Sənətçi iki ildir Heydər Əliyev adına Sarayda solo-konsert proqramları ilə çıxış edib. Muğam ifaçısı bir çox qədim muğamlarımıza yeni nəfəs verib. Sənətçinin hər çıxışı, hər sözü istər mətbuatda, istərsə də ictimaiyyət üçün maraq yarada bilir. Əməkdar artistin budəfəki açıqlaması da hələ çox müzakirə olunacaq. Elnarə Abdullayeva bundan sonra heç vaxt klip çəkdirməyəcəyini bildirib:

"Böyük layihələr həyata keçirirəm. Klip çəkdirməyə vaxtım yoxdur. Klip çəkdirib, təqdim etmək balaca işdir. Başım konsert verməyə qarışıb. Eyni zamanda mən qocalmışam. Mənə bu yaşda klip çəkdirmək yaraşmaz. Kənardan baxan insanlar da irad bildirərlər ki, bir ayağın gorda, bir ayağın burdadır. Amma incəsənət aləmində olan gənc müğənnilər tez-tez klip çəkdirib, tamaşaçıların ixtiyarına verməlidirlər. Cavan ifaçılar daima üzərlərində çalışıb, yeniliklər etsinlər. Hər kəsə uğurlar arzu edirəm”. Yeri gəlmişkən, xanəndə Opera və Balet Teatrının səhnəsində növbəti konsertinə hazırlaşır. Konsertin repertuarı üzərində çalışan sənətçi musiqi prodüseri kimi yalnız Asif Kərimovla məsləhətləşdiyini və bu layihədə də onunla birgə çalışacağını bildirib.

Elnarə "Şərq”ə açıqlamasında bəzi həmkarlarına da mesaj göndərdi:

"Tamaşaçı qarşısında artistlik etmək lazım deyil. O zamanlar artıq keçib. Bəzi müğənnilər bu millətin qarşısında o qədər artistlik ediblər ki, camaat müğənni adı eşidəndə ürpəşir, diksinir. Gah yalandan olmayan evlərini göstərdilər, villalar kamera qarşısına çıxartdılar, gah dəbdəbəli, guya elit həyat yaşadıqlarını göstərdilər, gah biri-birinin ünvanına təhqirlər ünvanladılar. Ona görə də ərindən boşanan da, evindən çıxan da, atasını itirən də gəlib müğənni olmaq eşqinə düşür. A balam, səhnə özünü göstərmək üçün podium deyil, səhnə sənət təqdim edən yüksək məkandı. Bacarırsansa, Allah sənə istedad veribsə, sözüm yoxdu. Gəl çıx o səhnəyə. Yox əgər sənin sənətin yoxdusa, fiqura göstərməklə, bahalı geyim geyinməklə kimə özünü sevdirə biləcəksən? Bunlara görə müğənniyə hörmət qalmayıb... Sənətçinin adını ucuzlaşdırdılar. Zeynəb Xanlarova illərin karifey sənətkarıdı. Ona hər zaman maraq, tələbat, sevgi olub. Nə vaxt onun geyimində bir artıq qüsur görən olub? Amma sevilməyi bacarıb. Çünki o, səhnəyə müqəddəs məkan kimi baxıb. O sənətkar sənətə dəyər verməyi bacarıb. Öyrənin də. Tərzini dəyişmədən sevilib. 

Bu gün də sevilir. Sabah da adı ürəklərdə qalacaq. Sizi kim xatırlayacaq? Bu gün 3-5 toyda atlanıb düşməklə elə bilirsiz adınızı xatırlayan olacaq? Vallah, sizin yerinizə biz də xəcalət çəkirik. Çalışıram dinməyim. Amma sənətdən elələri danışır ki, susa bilmirəm axı. Bu təkcə xanım müğənnilərə də aid deyil a... Kişi müğənnilərin də çoxuna aiddi. Alim Qasımov kimi sənətkar olmaq da hər kişinin işi deyil. Efirə baxırsan biabırçılıqdı. Səhnə ilə başqa yerləri səhv salırlar. Bu sənətdə olanlar bir balaca özlərinə, tamaşaçıya hörmət etməyi bacarsınlar. Ayıbdı. Ətrafınızda olanlardan, doğmalarınızdan ayıbdı. Sizin ünvana gələn sözləri onlar da eşidir. Bir az sənət adına nəsə etməyi bacarın. Demirəm pul qazanmayın, toya getməyin. Hamımız toya da gedirik, pul da qazanmağa çalışırıq. Amma səhnə ilə toyu səhv salmayın. Pul qazanmaq üçün şəxsiyyətinizi ayaq altına atmayın. Ayıbdı”.

Tahirə